Son dönəmlər məktəbəqədər təhsil müəssisələrində - bağçalarda uşaqlara qarşı fiziki və psixoloji şiddət hallarının artması narahatlıq doğuran əsas məsələlərdən biridir. Sosial şəbəkələrdə və mediada yayılan videogörüntülər və valideyn şikayətləri bu problemin aktuallığını bir daha gündəmə gətirir. Bu cür hallar, cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların hüquq və təhlükəsizliyinə ciddi təhdid yaradır.
Müəllim uşağa örnək olan şəxsdir. Əl qaldırmaq isə tərbiyə deyil, zəifliyin və qeyri-peşəkarlığın göstəricisidir. Uşaqlar qorxmaq və susmaq üçün yox, sevilmək və öyrənmək üçün bağçaya gedirlər. Onlara şiddət göstərmək yalnız onların psixikasını deyil, gələcəyimizi də yaralayır. Uşaqların döyülməsi - yəni fiziki şiddət onların bədənində izlər qoya bilər, amma bu zorakılığın ən dərin yaraları onların psixologiyasında qalır. Vurulan hər bir şillə, itələmə və ya çimdik, uşaqda qorxu, inamsızlıq, özünəqapanma kimi ağır psixoloji travmalar yaradır. Bəzən bu travmalar illərlə davam edir və gələcəkdə insanın xarakterini, münasibətlərini və həyat seçimlərini mənfi təsirə məruz qoyur. Psixoloji travma - insanın yaşadığı qorxulu və ya ağrılı bir hadisəyə qarşı psixikasının gücsüz qalması nəticəsində yaranan daxili zədədir. Uşaq üçün tərbiyəçi və ya baxıcı tərəfindən döyülmək təkcə fiziki ağrı deyil, həm də təhlükəsizlik hissinin pozulması, etibarın itirilməsi və qorxunun dərinləşməsi deməkdir.
Uşaqlıq dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələsidir. Bu dövrdə uşaqların yaşadığı hər bir hadisə onların xarakterinə, davranışlarına və gələcək şəxsiyyətinə dərin təsir göstərir. Döyülən uşağın bədənində yaranan izlər tez sağalır, amma psixoloji izlər illərlə qalır, bəzən isə heç sağalmır.
Döyülən uşaq özünü daim təhlükə altında hiss edir. Bu qorxu onu gündəlik fəaliyyətlərdən uzaqlaşdırır. Özünə qapanmasına,hər kəsdən uzaqlaşmasına səbəbolur. Uşaq artıq böyüklərə - xüsusilə müəllim və tərbiyəçilərə - etibar etmir. Bu güvən itkisi gələcək münasibətlərə də mənfi təsir edir. Bəzi uşaqlar yaşadıqları zorakılığa cavab olaraq aqressiv davranmağa başlayır, bəziləri isə tam əksinə, özünəqapanır və danışmaqdan imtina edir. Uşaq gecələr eyni hadisəni təkrar yaşayır, yuxusuz qalır və ya qorxulu yuxular görür. Uşaq bağçaya getmək istəmir, bəhanələr gətirir və ya ağlayır. Bu, onun travmanın təsirindən qaçmaq istədiyini göstərir. Uşaq özünü günahkar hesab edə bilər və zamanla "mən dəyərsizəm" düşüncəsi formalaşar.
Bağçalarda uşaqlara qarşı fiziki zorakılıq hallarının artmasının əsas səbəbləri peşəkar kadr çatışmazlığı, bəzi baxıcılar və tərbiyəçilər uşaqla işləmək üçün kifayət qədər səriştəsinin olmamasıdır. Bəzi müəllim, baxıcılar pedaqoji təhsil almadan və ya uşaqlarla davranış qaydalarını öyrənmədən işə başlayır. Uşaq psixologiyasını bilməyən müəllim çətin vəziyyətlərdə səbr göstərmək əvəzinə aqressiv davranışlar sərgiləyirlər. Bağçalarda çalışan müəllimlər bəzən çoxsaylı uşaqla və çətin iş şəraiti ilə üzləşirlər. Uzun iş saatları, aşağı maaş və psixoloji dəstəyin olmaması müəllimlərdə emosional yorğunluq və səbrsizlik yaradır. Bu da onların bəzi hallarda uşaqlara əl qaldırmasına səbəb olur.
Araşdırmalar göstərir ki, özləri də zorakılıq mühitində böyüyən insanlar bəzən şiddəti tərbiyə üsulu kimi qəbul edir və tətbiq edirlər. Belə müəllimlər bu davranışı “normal” sayaraq, eyni münasibəti uşaqlara da göstərirlər. Bəzi uşaqlar hiperaktiv və ya çətin davranışlar sərgiləyə bilər. Təəssüf ki, bəzən müəllimlər bu vəziyyətdə təhsil və tərbiyə üsullarını tətbiq etmək əvəzinə, şiddətə əl atır – bu isə heç bir halda qəbul edilə bilməz.
Psixoloq Elnur Rüstəmov deyir ki, hər bir uşağa münasibətdə psixoloji məqamlar nəzərə alınmalıdır. Mütəmadi olaraq da psixoloji qiymətləndirilmə aparılmalıdır: "Kadr seçimində yaxşı kadr vacib məqamdır. Xüsusən uşaq bağçalarında. Mütəxəssis seçimlərində bu məqamlar diqqətə alınmalıdır. Əgər uşaq çətin tərbiyə olunandırsa, hiperaktivdirsə, onun hər hansı bir narahatlığı varsa, uşaq bağçaya götürülərkən bu məqamlar yoxlanılmalı və bu barədə ailəyə də məlumat verilməlidir. Uşağa kimin təhkim olunacağı da vacib məqamdır”.
Psixoloqun sözlərinə görə, bizdə uşağı bağçaya apararkən valideynlər əsasən qiymətə, yeməyin keyfiyyətinə və çeşidinə önəm verirlər: "Bu yanaşmadan uzaqlaşmaq lazımdır. Sadəcə, bağçanın potensialına baxmaq lazımdır. Günlük hansı işləri görürlər, nə formada dərs keçirlər və s. məsələlərlə maraqlanmaq lazımdır”.
Uşaq bağçalarını şiddət məkanlarına deyil, tərbiyə müəssisələrinə çevirmək üçün bu sahədə islahatların aparılmasına ehtiyac var. Ekspertlər müəllim və tərbiyəçilərə psixoloji seminarlar keçməyin lazımlılığını da bildirirlər. Bundan əlavə, bu tip müəssisələrdə xüsusi yoxlamalara, nizam-intizama və ümumiyyətlə bu sahədə qaydalar yaratmağa ehtiyacın olduğunu da. Yəni, nə məsuliyyət "bağçanın lisenziyası yoxdur” deyib yaxanı kənara çəkməklə bitir, nə də problem həll olunur.
İstər ananın, istər atanın emosional anda uşağa vurduğu bir şillə zamanla unudula, bağışlana bilər. Amma yad birinin, xüsusən də müəllim və ya baxıcı kimi güvənilən bir şəxsin uşağa fiziki təzyiq göstərməsi tamamilə fərqli bir məsələdir. Bu, sadəcə fiziki deyil, eyni zamanda ciddi psixoloji travmadır və uşaq bunu yaddaşında illərlə daşıyır. Belə vəziyyətlər təkcə uşaqların fiziki deyil, psixoloji sağlamlığına da ciddi zərbə vurur. Halbuki sağlam cəmiyyətin əsasını qoyan amillərdən biri də uşaqların həm fiziki, həm də psixoloji baxımdan təhlükəsiz və dəstəkverici mühitdə böyüməsidir. Uşaqların psixoloji sağlamlığı heç də fiziki sağlamlıqlarından az önəm daşımır, bəzən isə daha vacib rol oynayır. Çünki uşaq bağça dövründən etibarən sosiallaşmağa başlayır və bu mərhələdə yaşadığı hər bir neqativ təcrübə onun gələcək psixoloji durumuna, davranışlarına və dünyaya baxışına birbaşa təsir edir. Yad birinin zorakılığı uşağın “güvən” hissini sarsıdır, onu qorxutmaqla yanaşı, gələcəkdə insanlara qarşı inamsızlıq və özünü dəyərsiz hiss etmə kimi problemlərə yol aça bilər. Bu, uşağın gələcək həyatında formalaşacaq şəxsiyyətə, münasibətlərə, hətta həyat seçimlərinə belə təsir edə bilər.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov "uşağı nə bağçada, nə də məktəbdə vurmazlar” deyə narazılığını bildirib: "Cəmiyyətimizdə zorakılıq yolverilməzdir. Bağçadakı uşaq da cəmiyyətin bir parçasıdır. Keçən il də orta məktəbdə belə bir hadisə olmuşdu: müəllim bir uşağı cəzalandırmışdı. Uşağa fiziki təzyiq göstərən müəllim pedaqoji təlim görməmiş adamdır. Uşağı onun mənafeyi xətrinə cəzalandırmaq olar, amma heç bir halda müəllimin uşağa fiziki təzyiq göstərməyə ixtiyarı yoxdur”.
Professorun dediyinə görə, bağçalarda tərbiyəçilər tərəfindən tətbiq olunan psixoloji zorakılıq - uşaqları təhqir etmək, laqeydlik göstərmək, ad qoymaq, şəxsiyyətini alçaltmaq - onların performansına və gələcəkdə məktəbə inteqrasiyasına ciddi zərər yetirir: "Belə zorakılıq uşaqlarda aqressiya, natamamlıq kompleksi, stress və depressiyaya meyllilik yaradır".
Hüquqşünas Pərvin Cəfərovanın sözlərinə əsasən, bağçada uşaqlarla belə davranılması qanunvericiliyin tələbinə də, təhsil metodikasına da ziddir “Hesab edirəm ki, bu metoda əl atan tərbiyəçi cəzalanmalıdır. Əgər bu zaman uşaqlar xəsarət alıblarsa, hər hansı formada bunu da hüquq-mühafizə orqanları araşdırmalı, müvafiq tibbi ekspertiza keçirilməlidir. Xəsarətin dərəcəsi müəyyən olunmalı və uşağa dəyən zərərə uyğun olaraq addımlar atılmalıdır. Zorakılığı tərbiyə metodu kimi bizim qanunvericilik qəbul etmir. İstər məktəbli yaşda, istər məktəbəqədər yaşda olan uşaqla bu cür davranış yolverilməzdir”.
Hüquqşünas hesab edir ki, uşaq bağçalarına, təlim-tərbiyə müəssisələrinə işçiləri işə götürən zaman xüsusi diqqət yetirilməlidir. Belə ki, işə götürülən şəxslərin təhsili, onların psixologiyası, davranışları yoxlanılmalıdır: "İşə götürülənlər xüsusi qabiliyyət imtahanı verməlidirlər. Onların davranışlarına önəm vermək, biliklərinə, peşə vərdişlərinə, təcrübələrinə diqqət yetirmək lazımdır. Təsadüfi adamların tərbiyəçi və yaxud müəllimə kimi uşaq bağçalarına, məktəblərə, təhsil müəssisələrinə işə götürülməsi, əlbəttə, belə neqativ halların yaranmasına səbəb olur. Onlar uşaqla, xüsusilə də azyaşlı uşaqlarla davranış, tərbiyə etmə qaydalarını bilmirlər. Çünki bu qaydaları mənimsəməyiblər. Əgər bir tərbiyəçinin bu sahədə təhsili, bilik və vərdişləri, təcrübəsi yoxdursa, o, uşağı necə tərbiyə edə bilər?” Hüquqşünas qeyd edir ki, azyaşlı uşaqların davranışları daha böyük yaşlı uşaqların davranışından fərqləndiyindən onlarla xüsusi pedaqoji üsulla davranmaq lazımdır: "Uşaqların psixologiyasını bilmək, onlarla uşaq psixologiyasına uyğun davranmaq lazımdır. Uşağa qarşı şiddətə əl atmaq yolverilməzdir. Baş verən bu cür hadisələr peşə hazırlığı olmayan şəxslərin işə götürülməsinin nəticəsidir. Əlbəttə ki, həmin tərbiyə müəssisələri, onların rəhbərləri bu istiqamətdə məsuliyyət daşıyırlar”.
Nərmin Qarazadə