"Təhsil haqqında" qanuna edilən son dəyişiklik məktəbəqədər təhsilin təşkili ilə bağlı mühüm yeniliklərə yol açır. Qanuna əsasən, artıq valideynlərin və ya digər qanuni nümayəndələrin arzusu ilə məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.
AzEdu.az-a açıqlama verən ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, bu əslində məktəbəqədər təhsildə ən böyük problemin aradan qaldırılması üçün təklif olunan alternativ faydalı variantlardan biridir: "Ölkədə uşaqların 80%-dən yuxarısı məktəbəqədər təhsildən kənarda qalır. Son dövrlərdə bu rəqəm müəyyən məktəbə hazırlıq və digər alternativ məkanların köməyi ilə 30%-ə qaldırılıb, ancaq bu, yenə də 70% uşağın kənarda qalmasıdır.
Lisenziyası olmayan, işini bilməyən, elə hər kəs bir VÖEN açıb, vergi ödəyicisi kimi balaca bir otaq götürüb “təlim mərkəzi”, “inkişaf mərkəzi” adı ilə yerlər açır ki, bunlar da zətən uşaqların doğru, düzgün inkişafını təmin eləmir. Ən azından belə bir qanuni şəkildə dövlət tərəfindən idarə olunan və dövlətin qanunvericiliyinə əsaslanaraq işləyən müəssisələr olacaq. Bunları bərpa edib düzəltmək üçün isə bir neçə il lazımdır. Ancaq öyrətmək yox, yəni məktəbəqədər təhsili bitirənləri işə götürsələr, bu çox tez aradan qalxa bilər. Çünki məktəbəqədər təhsili bitirənlər məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitet, Bakı Slavyan Universiteti, Xarici Dillər Universiteti və s.və bir çox regionlardakı universitetlər artıq məktəbəqədər təhsil ixtisası tədris edir və yetərincə bu sahədə kadrımız var.
Bütün regionlarda,həmçinin Bakıda da məktəbdənkənar müəssisələrə konkret olaraq məktəbəqədər təhsili bitirmiş peşəkar tərbiyəçi müəllimləri götürsələr, əlbəttə ki, problem daha tez aradan qalxar. Çünki bu tələbələr proqramı tam bilən, uşağın inkişaf dövrlərini, psixoloji, pedaqoji, fizioloji yanaşmalarını bilən mütəxəssislərdir. Artıq dövlət-özəl əməkdaşlığı çərçivəsində müəyyən addımlar atılır, dövlət nəzarətinə keçid artır. Amma bilirik ki, hələ də lisenziyasız özəl bağçalar çoxdur və bu bağçaların fəaliyyətində ciddi problemlər var. Sosial şəbəkələrdə, televiziyalarda biz bunların acı nəticələrini tez-tez görürük.
Düşünürəm ki, lisenziyasız işləyən bağçaları mərhələli şəkildə lisensiyalaşdırmaq, uyğun olmayanları bağlamaq və bütün müəssisələri dövlət qanunvericiliyinə uyğun şəkildə işləməyə məcbur etmək lazımdır.
Hesab edirəm ki, bu dəyişikliklər həm Nazirliyinin iş fəaliyyətini daha səmərəli edəcək, həm məktəbəqədər təhsilə cəlb olunma faizini artıracaq, həm də uşaqların inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək".