Yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisi yaradılması tələbi qoyulsun.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, məktəbəqədər təhsil bu gün hər bir ailənin problemlərdən biridir:
“Bu gün məktəbəqədər təhsil müəssisələrin sayı azdır. Hazırda 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunun da bir hissəsi özəldir. Mənzil Məcəlləsində yeni maddə əlavə edilsin ki, hər bir yeni tikilən binada məktəbəqədər təhsil müəssisi yaradılsın. Yeni tikilən binalarda mağaza açmaq əvəzinə məktəbəqədər təhsil müəssisəsi açmaq tələbi qoyulsun.
İkincisi, Azərbaycanda 605 bələdiyyə var. Bələdiyyələrə dotasiyalar, kreditlər verilməlidir ki, onlar hər biri öz ərazisində məktəbəqədər təhsil müəssisi yarada bilsin. Uşağı evdə saxlamaq onun gələcəkdə formalaşmasına pis təsir edir, psixologiyasına pis təsir edir. Kollektiv ünsiyyət vərdişlərinin qurulması əsas şərtlərdən biridir. Özəl məktəbəqədər təhsil müəssisələri var ki, 7000 manat təhsil haqqı tələb edir. Mən Azərbaycanda belə təhsil haqqı olan ali təhsil müəssisəsi tanımıram. Özəl təhsil müəssisələrində tələb edilən vəsaitlərə də qanunvericilikdə baxılmasına ehtiyac var”.