Azedu.az

Məktəbəqədər təhsil azyaşlılar üçün nə qədər önəmlidir? - ÜSTÜNLÜKLƏR

Bağçalar

18 Fevral 2025, 14:05
Məktəbəqədər təhsil azyaşlılar üçün nə qədər önəmlidir? - ÜSTÜNLÜKLƏR

Bəzi valideynlər bağçalarda uşaq sayının çox olması səbəbindən hər bir uşağın qidalanmasına yetərincə diqqət ayrılmadığını düşünərək övladlarını bağçaya qoymaq istəmirlər.

 

Ümumiyyətlə, bağçanın uşaqlar üçün hansı faydaları var? Valideynlər övladlarını hansı üstünlüklərə görə bağçaya göndərməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, uşaq cəmiyyət içində sosial normaları və tələbləri görərək böyüməlidir:

155131

“Valideynlər düşünürlərsə ki, bağça yalnız saymağı və sosiallaşmağı öyrədir, yanılırlar. Çünki bağça sadəcə təhsil vermir, eyni zamanda uşağın hərtərəfli inkişafına töhfə verir. Burada uşağın fiziki inkişafı, təhlükəsizliyi və sağlamlığının qorunması, nitq bacarıqlarının formalaşması, riyazi və məntiqi bacarıqların dərk edilməsi öyrədilir.

 

Bundan əlavə, bağça uşağa ətraf mühiti anlamağı, təsviri sənət və əmək bacarıqlarını mənimsəməyi, sosial və kommunikasiya bacarıqlarını inkişaf etdirməyi öyrədir.
 

Bu mühitdə uşaq tolerant olmağı, qaydalara əməl etməyi, kollektivdə işləməyi və öz hüquqlarını müdafiə etməyi öyrənir, hansı ki, ailə daxilində bunlar uşağa verilmir. Əgər valideyn düşünürsə ki, bu bacarıqları övladı məktəbə gedəndən sonra qazanacaq, yanılır. Çünki bu mərhələyə qədər artıq gecikmiş olacaq. Uşaq 6 yaşına qədər bu bacarıqların 80%-ni mənimsəmiş olmalıdır. Sonrakı yaşlarda da bu bacarıqlar inkişaf edə bilər, lakin onların düzgün formalaşması sual altındadır".

 

Ekspertin sözlərinə görə, bağçalardakı uşaqların sayı ilə bağlı Elm və Təhsil Nazirliyi ciddi nəzarət həyata keçirir. Hər qrupda maksimum 20 uşaq olur və bu, standartlara uyğun olaraq həyata keçirilir:

 

“Qida paylanması, fəaliyyətlərin təşkili və tərbiyəçilərin hər bir uşağa fərdi yanaşması bu standartlara uyğun həyata keçirilir. Məktəbdə isə siniflərdə 30-35 uşaq olduğu halda, uşaq bağçada qazandığı bacarıqları əldə etmədən dərs mühitinə uyğunlaşa biləcəkmi? Əgər uşaq əməkdaşlıq etməyi, kollektivdə davranmağı, gigiyenik qaydalara əməl etməyi bağçada öyrənməzsə, məktəbdə nə edəcək? Bağçada tərbiyəçilər hər bir uşağa xüsusi diqqət ayıra bilir.

 

Valideyn evdə övladının hər istədiyini edərək onun qayğısına qalır, lakin cəmiyyətə çıxdıqda həmin uşaq müstəqil hərəkət edə biləcəkmi? Bağça uşağa öz işlərini özü görməyi, təhlükələrdən qorunmağı və özünə dəyər verməyi öyrədir. Bütün bunlara əməl etməyən valideyn böyük bir səhvə yol vermiş olur. Çünki uşaq cəmiyyət içində sosial normaları və tələbləri görərək böyüməlidir".

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox