Artıq 2024-cü ilin bitməsinə sayılı günlər qalıb. Belə ki, bu il ilk dəfə bağçalarda diaqnostik qiymətləndirmə prosesinə başlanılması, yeni bağçaların tikilib istifadəyə verilməsi, bağçalarla bağlı yeniliklərin tətbiqi ilin əsas gündəmini əhatə edib.
AzEdu.az Təhsil Portalı olaraq 2024-cü ilin məktəbəqədər təhsil gündəminə nəzər salaq.
2024-cü ildə Azərbaycandakı özəl bağça və məktəblərin sayı məlum olub.
Belə ki, 2024-cü il yanvar ayının 1-nə olan rəsmi məlumata görə, ölkədə fəaliyyət göstərən 1696 dövlət və 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118 min uşaq tərbiyə alır. 2023-2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, ölkənin 4388 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alır.
Bu il ilk dəfə bağçalarda diaqnostik qiymətləndirilmə prosesi başladı.
Belə ki, ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçirildi.
Naxçıvanda ilk dəfə bağçalarda diaqnostik qiymətləndirilmə keçirilb.
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirildi.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllimin iştirak edib.
Elm və Təhsil naziri Emin Əmrullayev Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün 2026-cı ildə sertifikasiyaya cəlb olunacağını qeyd edib.
Yeni tədris ilində bağçalarda 5 minə yaxın tərbiyəçi-müəllim çalışacaq.
Belə ki, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4830 tərbiyəçi-müəllim çalışacaq.
BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.
2024-cü ildə 40-dan çox bağça müdiri işdən çıxarıldı.
Belə ki, sentyabrın 12-də bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:
Təşkilati-sənədləşmə işlərinin,uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması, davamiyyətin aşağı olması, prosesə nəzarətin düzgün təşkil edilməməsi, uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi aşkar edilib.
Qeyd edək ki, aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb.
Nəticədə sözügedən bağçalarda uşaqlarını qeydiyyatı başlayıb. Özəl bağçalara yerləşdirilmiş uşaqların valideynləri tələb edilən sənədləri bağçaya təqdim etməli və iki tərəf arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmalıdır.
Bu yeniliyin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçalardakı boş qalan yerlərə cəlb edilməsidir. Bu zaman uşaqların bağçadakı təhsil haqqının bir hissəsini dövlət ödəyəcək. Belə ki, müsabiqədə seçilmiş özəl bağçalarda bu müsabiqə nəticəsində cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatı qrant hesabına qarşılanacaq, yəni dövlət ödəyəcək, qalan məbləği isə valideyn ödəyəcək.
Bununla da, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artıraraq 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunması təmin ediləcək. Dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir.Növbəti il bu layihənin daha çox uşağı əhatə etməsi planlaşdırılır.
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulovanın sözlərinə görə, bu il bağça müəllimlərinin sertifikasiyası gözlənilmir. Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün 2026-cı ildə sertifikasiya gözlənilir. Amma ondan əvvəl diaqnostik qiymətləndirmə aparmaq istəyirik ki, sertifikasiyaya qədər vəziyyəti aydınlaşdıraq. Bundan sonra hər hansı qaydalar olduqca, məlumat veriləcək. Ola bilsin ki, sertifikasiyanın hansısa mərhələsi 2025-ci ildə olsun.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan bağçalar açıqlanıb.
Belə ki, idarənin tabeliyində Ağdam Quzanlı - 3 bağça, Ağdam Dördyol - 2 bağça, Ağdam Səfərli bağçası, Ağdam Sarıcalı bağçası, Bərdə Mollalı bağçası, Bərdə 2 nömrəli bağçası,Bərdə Kolayır bağçası, Bərdə Bala Qəcər bağçası, Füzuli Zobucuq 3 saylı bağça, Füzuli Zobucuq 4 saylı bağça, Tərtər Güləbatlı kənd bağçası və Tərtər Kəngərli kənd bağçası yer alıb.
Bu il üçün Ağdam Ulduz bağça, Füzuli Mahmudlu 1 kənd bağça və Xocavənd - Yeni Xocavənd bağçasında cari təmir nəzərdə tutulmuşdur.
Bu il ilk dəfə Laçın rayonu Sus kəndində 50 nəfərlik körpələr evi-uşaq bağçası, Xocalı rayonunda 40 nəfərlik 1 nömrəli körpələr evi-uşaq bağçası, Xankəndi şəhərində 80 nəfərlik körpələr evi-uşaq bağçası da cari tədris ilində fəaliyyətə başladı.
Xankəndi şəhəri 1 nömrəli körpələr evi uşaq bağçası 80 yerlikdir. Xocalı şəhəri 1 nömrəli körpələr evi uşaq bağçası 40 yerlikdir. Məktəbəqədər təhsil müəssisəsiləri lazimi infrastrukturla təchiz olunub.
Belə ki, ölkə üzrə 1668 bağça, 6254 qrup var. Eyni zamanda, ölkə üzrə boş yerlərin sayı 57 237 olaraq proqnozlaşdırılır. Bağçaların böyük hissəsi Bakının payına düşür. Paytaxtda təxminən 330-dan çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bəzi regionlar var ki, bağçaların sayı azdır. Hər kənddə bir bağça tikmək uzun və bahalı bir prosesdir.
2024-cü ildə 140 mərkəzdə icma əsaslı təhsil qrupları açılmağı elan edildi.
Bu, ümumilikdə, 1168 qrup deməkdir. Belə qruplar əsasən, bağça olmayan ərazilərdə yaradılır. Tədris prosesinə valideynlər də cəlb edilir. Çünki valideynlər uşaqların həm də ilk müəllimləridir.
Eyni zamanda 2026-cı ilə qədər tərbiyəçi müəllimlərin və məktəbəqədər təhsil müəssisələrində çalışan metodistlərin sertifikasiyası keçiriləcək.
2026-cı ilə qədər 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması səviyyəsini 50%-ə çatdırmaq əsas hədəflər sırasındadır. Hazırda, bu göstərici 35%-dir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 2024-cü il üzrə illik fəaliyyət planına əsasən, xüsusi təhsil sektoru məktəbəqədər təhsil müəssisələrində pilot inklüziv qrupların təşkil olunması üçün layihə hazırlayır.
Çünki yüngül dərəcəli əlilliyi olan uşaqları digər uşaqlarla bir qrupa cəlb etmək olar. Amma bunun üçün meyarlar hazırlanmalıdır. Tərbiyəçi müəllimlər təlim keçməlidirlər.
Bu günə kimi altı minə qədər tərbiyəçi müəllim və müdir peşəkar inkişaf təlimlərinə cəlb edilib. Bu il də 3 500 nəfərin peşəkarlığının artırılması üçün təlimlərə cəlb edilməsi gözlənilir. Mərkəzləşdirilmiş imtahan yolu ilə bağça müdirlərinin işə qəbulu da yeni bir yanaşmadır. Birinci mərhələdə bağçada işləyən müəllim və metodistlər bu imkandan yararlana bildilər, 43 yeni müdir təyinat aldı. Bu karyera pilləsində yüksəliş deməkdir.
Bu il isə əvvəllər bağçada işləyən, lakin hazırda, işləməyən insanlar üçün şərait yaradıldı. Hazırda 117 nəfər test imtahanı mərhələsindən uğurla keçib və müsahibə mərhələsinə qatılıb.
Bağçalarda xüsusi və inklüziv qruplar təşkil olundu.
Uşaqların erkən yaşdan başlayaraq təhsilə cəlb edilməsinin önəminə diqqət çəkən Elm və Təhsil Nazirliyi bu vacib istiqamət üzrə hərəkətə keçdi. Belə ki, 4 məktəbəqədər xüsusi təhsil müəssisəsinin - Bakı şəhərində fəaiyyət göstərən 17 nömrəli, 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçası, Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika uyğunlaşdırılmış körpələr evi-uşaq bağçası və Sumqayıt şəhərində fəaliyyət göstərən 40 nömrəli Körpələr evi-uşaq bağçasının pedaqoji heyəti təlimlərə cəlb edilib.
Bu il Kəlbəcər Təhsil Kompleksinin ərazisində məktəb, bağça, peşə emalatxanaları, STEAM mərkəzi yaradılacağı bildirildi.
Ümumi sahəsi 2,2 hektardan çox olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq. Burada STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər də təşkil olunacaq. Sözügedən təhsil kompleksində 528 şagird yerlik ümumtəhsil məktəbi ilə yanaşı, peşə sinifləri, məktəbdənkənar fəaliyyət mərkəzi, məktəbəqədər təhsil müəssisəsi, STEAM mərkəzi, həmçinin kompleksdə yataqxana da fəaliyyət göstərəcəyi elan edilib.
Bağçalarda pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçirilib.
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Cari ilin sonunadək 450 bağçada qida təhlükəsizliyi və sanitar-gigiyena qaydalarının icra vəziyyəti yoxlanılacağı söylənilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi-məktəb, 4 məktəbəqədər təhsil müəssisəsi-bağça fəaliyyət göstərir.
Bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla, ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində ümumi 121 bağça fəaliyyət göstərir.
Lənkəran rayonu üzrə 51, Cəlilabadda 20, Masallıda 17, Astarada 16, Lerikdə 13, Yardımlıda isə 4 bağça fəaliyyət göstərir.
Gəncə şəhər 32 saylı körpələr evi istifadəyə verilib.
Gəncə şəhər 32 saylı körpələr evi - uşaq bağçası 2019-cu ildə H.Əliyev fondu tərəfindən yenidən tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsi ilə 24 işçi məşğul olur.
Qeyd edək ki, bağçada ümumillikdə 95 uşaq təlim-tərbiyə alır.
Bağça və məktəblər üçün ayrılan vəsait tam istifadə olunub.
Keçən il uşaq bağçaları və məktəblər üçün dövlət büdcəsindən ayrılan vəsait tam istifadə olunub. Hesabat ilində təhsil sahəsi üçün ayrılan xərclərdən məktəbəqədər təhsil bölməsi üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində 38 081 nəfər işçi ilə 105 000 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1 664 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan 332,4 milyon manat vəsait tam istifadə olunub.
Həmçinin ümumi təhsil bölməsi üzrə 2066,9 milyon manat proqnoza qarşı icra 100 faiz olub ki, bu da 4 164 müəssisədə (o cümlədən 56 internat və xüsusi məktəb) çalışan 227 936 nəfər işçinin (o cümlədən 139 674 nəfər müəllim) əməkhaqlarının və digər xərclərin, o cümlədən 5 yaşlı 88027 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib.
Bu il hazır isti yeməklə təmin olunan bağçaların sayı açıqlanıb.
Pilot layihə olaraq Bərdə, Mingəçevir, Gəncə və Bakı şəhərinin 4 rayonu (Nərimanov, Səbail, Nizami, Binəqədi) üzrə 195 məktəbəqədər təhsil müəssisəsi qablaşdırılmış hazır isti qida ilə təmin olunur.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 123 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Gəncə şəhəri üzrə təhsil sektorunda 42, Göygöl rayonu üzrə təhsil sektoru 18, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda 33, Samux rayonu üzrə təhsil sektorunda 19-dur.Daşkəsən rayonu üzrə təhsil sektoru isə 11 müəssisə mövcuddur.
Mərkəzi Aran bölgəsində bağçaların sayı açıqlanıb.
Belə ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 164 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlar 109 körpələr evi-uşaq bağçası, 53 uşaq bağçası, 1 körpələr evi, 1 Sanator tipli məktəbəqədər təhsil müəssisəsidir.
Mingəçevir rayonunda 18 körpələr evi-uşaq bağçası, 2 uşaq bağçası, 1 Sanator tipli məktəbəqədər təhsil müəssisəsi, Yevlaxda 20 körpələr evi-uşaq bağçası, 5 uşaq bağçası, 1 körpələr evi, Ağdaşda 16 körpələr evi-uşaq bağçası, 14 uşaq bağçası, Ucarda 18 körpələr evi-uşaq bağçası, 5 uşaq bağçası, Göyçayda 11 körpələr evi-uşaq bağçası, 23 uşaq bağçası, Zərdabda 19 körpələr evi-uşaq bağçası və Kürdəmirdə 7 körpələr evi-uşaq bağçası, 4 uşaq bağçası fəaliyyət göstərir.
Bu il Qarabağ Regional Təhsil İdarəsi üzrə bağçaların sayı açıqlandı.
Hazırda Ağcabədi rayonunda 36 bağçada 1926 uşaq, Bərdədə 33 bağçada 1533 uşaq, Füzulidə 33 bağçada 1373 uşaq, Xocalıda 3 bağçada 106 uşaq, Xocavənddə 4 bağçada 108 uşaq, Tərtərdə 30 bağçada 1401 uşaq və Bərdə və Tərtərdə 27 icma qrupunda 470 uşaq təhsil alır.
Bundan əlavə Ağdamda 1730 uşaq təhsil alır. Rayon üzrə 40 bağça olsa da, onlardan 12-si fəaliyyətini dayandırıb.Həmçinin, region üzrə 0 yaşında 1643 uşaq, 1 yaşında 2633 uşaq, 2 yaşında 2735 uşaq, 3 yaşında 3361 uşaq, 4 yaş 2980 uşaq uşaq və 5 yaşında 1166 uşaq tədrisdən kənar qalıb.
Qeyd edək ki, təhsildən kənarda qalan uşaqların statistikası 2023-cü ilin avqust ayı üçün nəzərdə tutulub.