Azedu.az

"Qeyri-ixtisaslı müəllimlərin bağçalarda işləməsinə nəzarət artacaq"

Bağçalar

1 Noyabr 2024, 12:09
"Qeyri-ixtisaslı müəllimlərin bağçalarda işləməsinə nəzarət artacaq"

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrinə daha az məbləğdə ödəniş verərək qəbul oluna bildilər.

 

Belə ki, bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

 

Bəs, görəsən, bu nöqteyi-nəzərdən atılan addım bağça təhsilinin əlçatanlılığını artıracaqmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin ümumi uşaq qəbul etmə potensialı 16%-dir:

 

“Həmin 16% əlbəttə ki, 84% uşağın yerdə qalması anlamına gəlir. Bunu aradan qaldırmaq üçün ölkəmiz bir çox yola əl atır. Onlardan biri də məktəbəqədər təhsil modelləridir ki, həmin modellərin köməyi ilə az əvvəl qeyd etdiyim faiz göstəricisini 32-33 %-ə qaldırmaq mümkün olub.

 

Dövlət - özəl əməkdaşlığı modeli də tətbiq edilən modellər sırasına daxildir. Belə ki, dövlət bu modeli alternativ kimi cəmiyyətə təqdim edir. Çünki özəl bağçaların təhsil haqları 300-600 civarında olur. Belə olan halda dövlət 250 manatını ödəməyi öhdəsinə götürür və yerdə qalan məbləği də ailələrin ödəməsinə imkan verir. Nəticədə, dövlət bağçasında uşağa yer yoxdursa, özəl məktəbəqədər təhsil müəssisələrində bağça təhsili ilə təmin oluna bilirlər.

 

Bu da öz növbəsində çox gözəl bir addımdır. Hesab edirəm ki, bu təşəbbüsün əsasında müəyyən qədər faiz artımı olacaq”.

 

X.Musayeva qeyd edib ki, bağçalarda yalnız məktəbəqədər təhsil ixtisasını bitirən şəxslər fəaliyyət göstərməlidir:

 

“Bağçaların azad şəkildə fəaliyyət göstərməsi, yəni istənilən tərbiyəçi-müəllimin ixtisası nəzərə alınmadan işə götürülməsi məsələlərinə diqqət daha da artacaq. Çünki Azərbaycan qanunvericiliyində məktəbəqədər təhsil müəssisəsində yalnız məktəbəqədəri bitirən şəxslər tərbiyəçi kimi işləyə bilərlər.

 

Düşünürəm ki, bağçalara dair atılan addımlar öz həllini tapacaq və bu da öz növbəsində bağça təhsilinin daha yaxşı inkişaf etməsinə səbəb olacaqdır”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox