Azedu.az

Sertifikasiya: "Bir səhifə belə məqaləsi olmayanlar sual hazırlayırlar"

Bağçalar

30 Oktyabr 2024, 10:24
Sertifikasiya: "Bir səhifə belə məqaləsi olmayanlar sual hazırlayırlar"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, 2026-cı ilə qədər 17 min bağça müəllimi sertifikasiyadan keçəcək.

 

Bəs, görəsən, bağçalarda sertifikasiyanın keçirilməsinin hansı müsbət və mənfi tərəfləri ola bilər? Sertifikasiya ilə bağlı hansı yeniliklərə ehtiyac var? 

 

Mövzu ilə bağlı ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva AzEdu.az-a açıqlama verib.

148056

Müsahibimiz bildirib ki, bağçalarda ilkin bazanı, hazırkı vəziyyəti müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirilmənin aparılması vacib şərt idi:

 

“Diaqnostik qiymətləndirilməyə qədər məktəbəqədər təhsil müəssisələrində çalışanlar üçün hər hansısa bir yoxlanış imtahanı keçirilməyib. Bu imtahan tərbiyəçi - müəllimlərə səviyyələrini müəyyən edərək, sertifikasiyaya qədər özlərini inkişaf etdirmələrinə fürsət verdi.

 

Təsadüfi deyil ki, bir vaxtlar tərbiyəçilərin işə qəbulu zamanı çox sayda özbaşınalıqlar oldu. Elə bu səbəbdən də, qeyri-ixtisasdan gələn, bağçadan xəbəri olmayan hər kəs orada işə düzəldi. Zaman keçdikcə bunun fəsadlarını görməyə başladıq.  

 

Hazırda bağçalarda işə qəbulun öz şərtlərinin olması bu kimi mənfi halların qarşısını alaraq, məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük təkan verir”. 

 

“Dövlət tərəfindən sertifikasiyaya hazırlıq strukturlaşdırılmalıdır”,- deyə X.Musayevə qeyd edib:

 

“Sertifikasiya müəllim məsuliyyətini artıran prosesdir. Müəllimlərin lazımi səviyyəyə çatması, özünü tanıması və qiymətləndirməsi üçün vacib şərtdir. Bu təkcə müəllimin özünü yox, dövlətin də müəllimlərinin hansı səviyyədə olduğunu qiymətləndirməsinə imkam verir. 

 

Əlbəttə, bunun  mənfi tərəfləri də var. Hazırda hər kəs sertifikasiyaya hazırlaşır, nəyin düz, nəyin səhv olduğunu bilmədən dayanmadan oxuyur.

 

Ancaq indi o qədər dələduzlar var ki, əllərində çərçivə sənədi olmamağına baxmayaraq, məktəbəqədər kurikulumu, bağçanın strukturunu bilmədən, insanlardan pul alaraq, güya onları sertifikasiyaya hazırlayırlar.  

 

Təəssüf ki, tərbiyəçilərimiz seçmədən, haqlarında araşdırma etmədən bu cür dələduzların yanına hazırlığa gedirlər. 

 

Bu çox mənfi haldır. Fikrimcə, sertifikasiyaya hazırlıq dövlət tərəfindən strukturlaşdırılmalıdır. 

 

Bu imtahana hazırlaşmaq üçün müəyyən dövlət qurumlarına, pedaqoji yönümlü universitetlərə tapşırıqlar yaxud təkliflər verilib, onların köməkliyi ilə sertifikasiyaya hazırlıq kursları açılmalı, təlimlər keçirilməli, müəllimlərin peşəkar şəxslərin yanına yönləndirilmələrinə dəstək verilməlidir”.

 

Məktəbəqədər təhsil üzrə mütəxəssis vurğulayıb ki, sertifikasiya, eləcə də diaqnostika suallarını professional şəxslər hazırlamalıdırlar: 

 

“İmtahanlardan sonra həddindən çox səhv, eləcə də uyğun olmayan sualların olduğunu görürük. Bu faktlar göstərir ki, həmin sualları qeyri-professionallar hazırlayıb. 

 

Sual hazırlanması baxımından Dövlət İmtahan Mərkəzinin (DİM) çox müsbət təcrübələri var. Belə ki, DİM sual hazırlama prosesində iştirak edəcək şəxslərə əvvəlcədən güclü təlimlər keçir.  

 

Amma bu gün ömründə bir səhifə məqalə yazmayan biri gəlib, müəllimlərə sual hazırlayır. Bu heç doğru deyil. Çünki sual hazırlamağın özü elmi prosesdir. 

 

Sualları hazırlayanlar elmi səviyyələri olan insanlar olmalıdırlar. Bağça müəllimlərinin yaxud da aidiyyatı olmayan şəxslərin sual hazırlaması qətiyyən düzgün deyil. Sertifikasiya suallarının hazırlanmasında böyük məktəb keçmiş insanlar iştirak etməlidirlər. 

 

Təəssüf ki, biz bu yerdə axsayırıq. Bizdə sual hazırlayanlar çox zəifdirlər. Sualların primitivliyi də onların elmliyinin olmamasından bəlli olur. 

 

Fikrimcə, sual hazırlama prosesinə professionallar cəlb olunmalıdır. Onlar böyük bir məktəbdən keçdikdən sonra sertifikasiya prosesində iştirak etmələrinə şərait yaradılmalıdır. 

 

Bundan başqa diaqnostika, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında varislik qorunmalıdır.

 

Çox təəssüf ki, bizdə varislik qorunmur. Əgər bir “Müəllim” Azərbaycan Dövlət Pedaqoji Universitetini, Bakı Slavyan Universitetini, Azərbaycan Dillər Universitetini, yaxud da digər pedaqoji kadrları hazırlayan universitetlərin proqramlarına əsaslanmadan yetişdirilirsə, çərçivə sənədi, yaxud sertifikasiyaya salınan suallar haradansa götürülürsə, hər hansısa proqrama (vaxtı ilə universitetdə öyrədilən proqrama) əsaslanmadan aparılırsa, bu doğru addım deyil. 

 

Nəzər alsaq ki, universitetlərin tədris planları özbaşına yox, nazirlik tərəfindən təsdiq olunur. Əgər nazirlik bunu təsdiq edirsə, deməli keçərli proqramdır. Ona görə də, imtahanlarda həmin proqramlara əsaslanaraq suallar salınmalıdır”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox