Oktyabrın 19 və 20-də ilk dəfə bağçalarda keçiriləcək diaqnostik qiymətləndirilmənin məqsədi tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır.
Bənzər faktdır ki, əvvəllər məktəb müəllimləri də diaqnostik qiymətləndirilmədən keçdikdən sonra, sertifikasiyaya cəlb olundular.
Bəs, görəsən, bağçalarda da eyni tendensiya ola bilərmi? Məktəbəqədər təhsil müəssisələrində çalışanlar üçün sertifikasiyaya ehtiyacı varmı?
Mövzu ilə bağlı Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
O, bildirib ki, diaqnostik qiymətləndirilmənin sonrakı mərhələsi kimi tərbiyəçi-müəllimlərin sertifikasiyasının həyata keçirilməsi təbii bir addım olaraq nəzərdən keçirilir:
“Bağçalarda diaqnostik qiymətləndirilmə və tərbiyəçi-müəllimlərin sertifikasiyası mövzusu Azərbaycanda məktəbəqədər təhsil pilləsində vacib islahatlar arasında yer alır. Bu baxımdan oktyabrın 19-20-də həyata keçiriləcək diaqnostik qiymətləndirilmə məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlıq səviyyəsini ölçmək üçün vacib addım kimi dəyərləndirilir. Proses təkcə tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədini daşımır, eyni zamanda bu sahədə olan uzun müddətli problemlərin həlli istiqamətində daha geniş islahatlara qapı açır.
Sertifikasiyanın tətbiqi təhsil sistemində keyfiyyəti artırmaq məqsədi daşıyan bir çox ölkələrin təcrübəsində mövcuddur. Bu prosesi geniş təhlil etdikdə, bir neçə vacib sual ortaya çıxır: “Bu sertifikasiyanın həyata keçirilməsi necə mümkün olacaq?”, “Nəticələri necə olacaq?” və “Nə dərəcədə işçi qüvvəsinə təsir edəcək?”.
Sertifikasiyanın əsas məqsədi pedaqoji heyətin peşəkar standartlara uyğunluğunu təmin etməkdir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan bir çox tərbiyəçi-müəllimin bu sahədə kifayət qədər ixtisaslaşmamış olması məlum bir həqiqətdir.
Keçən il aparılmış araşdırmalar zamanı 6 minə yaxın tərbiyəçinin məktəbəqədər təhsil sahəsi üzrə xüsusi təhsil almadığı müəyyən edilib. Müxtəlif ixtisaslar üzrə təhsil almış, lakin məktəbəqədər təhsil üzrə peşəkar bacarıqlarının olmaması uşaqların təlim və tərbiyəsinin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, sertifikasiyanın həyata keçirilməsi təhsilin keyfiyyətini artırmaq üçün vacib addım hesab oluna bilər”.
Ekspert qeyd edib ki, qısa zamanda bağçalarda işçi çatışmazlığı yarana bilər:
“Sertifikasiya ilə bağlı vacib məsələlələrdən biri onun işçi qüvvəsinə təsiridir. Bir çox pedaqoqun sertifikasiyadan keçə bilməməsi onların işlərini itirməsi ilə nəticələnə bilər. Ancaq bu prosesin məqsədi təhsilin keyfiyyətini artırmaqdırsa, sertifikasiyadan keçməyən müəllimlərin yenidən ixtisasartırma kurslarına cəlb edilməsi və onların yenidən təhsil sahəsinə qaytarılması mümkün həll yollarından biri ola bilər.
Sertifikasiyanın tətbiqi digər ölkələrin təcrübəsində də təhsilin keyfiyyətinin artırılması üçün effektiv metod kimi qəbul olunur. Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə tərbiyəçi-müəllimlər yalnız müvafiq sertifikatlardan keçdikdən sonra məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərmək hüququna malikdirlər. Bu sistemin tətbiqi nəticəsində həmin ölkələrdə məktəbəqədər təhsil müəssisələrinin keyfiyyəti dünya miqyasında ən yüksək göstəricilərə çatıb.
Hər bir tərbiyəçinin peşəkar səviyyədə inkişafı və biliklərinin daim yenilənməsi uşaqların erkən təhsil dövründən keyfiyyətli təlim-tərbiyə almasını təmin edir. Azərbaycan bu təcrübədən faydalanaraq, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyasını təşkil etməli və onların peşəkar inkişafını təmin etməlidir.
Bağçalarda tərbiyəçilərin və metodistlərin sertifikasiyası zəruridir, çünki məktəbəqədər təhsil sahəsi uşaqların inkişafının ən həssas dövrünə təsir göstərir. Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm də zehni inkişafının təməlini təşkil edir. Bu yaş dövründə uşaqların inkişafı ilə peşəkar məşğul olmayan şəxslər tərəfindən aparılması gələcəkdə təhsil sistemində ciddi çatışmazlıqlara və təlimdə geriliklərə səbəb ola bilər. Bu səbəbdən, məktəbəqədər təhsil müəssisələrində çalışan hər bir tərbiyəçinin sertifikasiyadan keçməsi və onların biliklərinin yenilənməsi vacibdir.
Bununla yanaşı, sertifikasiyaya paralel olaraq bağçalarda digər tədbirlər də həyata keçirilməlidir. Bunlar arasında tərbiyəçilərin ixtisasartırma kurslarına cəlb edilməsi, pedaqoji bacarıqlarının davamlı inkişaf etdirilməsi və müasir tədris metodlarına uyğunlaşdırılması vacibdir. Sertifikasiyadan keçməyən tərbiyəçilər tamamilə işdən çıxarılmaq əvəzinə, onlara yenidən təhsil və inkişaf imkanları təqdim edilməlidir. Yəni, bağçalar üçün mütəmadi ixtisasartırma proqramları və təlimlər təşkil olunmalı, müəllimlər bu sahədə peşəkar inkişaflarına davam etməlidirlər
Tərbiyəçi-müəllimlərə mütəmadi olaraq ixtisasartırma kursları təklif edilməlidir. Bu kurslar onların bilik və bacarıqlarını daim yeniləməli və məktəbəqədər təhsilin tələblərinə uyğunlaşdırılmalı, sertifikasiyadan keçməyən tərbiyəçilər üçün yeni təlim proqramları tətbiq olunmalıdır. Onlara bu sahədə yenidən təhsil alaraq sertifikasiya olunmaq şansı verilməlidir.
Məktəbəqədər təhsildə müasir tədris metodikası, uşaqların inkişafı üzrə fərdi yanaşma və pedaqoji yeniliklər bağçalarda tətbiq olunmalıdır.
Bağçaların fiziki infrastrukturunun təkmilləşdirilməsi vacibdir. Belə ki, müasir təhsil texnologiyalarının tətbiqi, o cümlədən tədris materiallarının və metodlarının yenilənməsi tərbiyəçilərin iş şəraitini yaxşılaşdıracaq”.
“Sertifikasiyanın tətbiqi, tərbiyəçilərin işdən çıxarılması riskini daşısa da, bu proses uzun müddətdə təhsilin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”- deyə K.Əsədov vurğulayıb:
“Müasir dövrdə məktəbəqədər təhsil yüksək peşəkar standartlara cavab verən bir sahə olmalıdır. Burada tərbiyəçilərin bu standartlara uyğunlaşdırılması gələcəkdə daha sağlam və savadlı cəmiyyətin formalaşmasına töhfə verəcək.
Azərbaycanda bağçaların problemləri yalnız tərbiyəçi-müəllimlərin peşəkar bacarıqları ilə məhdudlaşmır. Bununla yanaşı, maddi-texniki baza, təlim metodikası və tərbiyəçilərin inkişafı ilə bağlı digər problemlərin də həlli vacibdir. Dünya təcrübəsi göstərir ki, məktəbəqədər təhsilin keyfiyyətli olması uşaqların gələcək təhsillərində və həyatlarında əsaslı rol oynayır. Bu səbəbdən, məktəbəqədər təhsil müəssisələrinin islahatı davamlı və kompleks bir yanaşma tələb edir”.