Uşaqların çoxu yatmağı sevmir, yatmamaq üçün səy göstərirlər. Ancaq məlum məsələdir ki, yuxu rejmi onların inkişafında böyük rol oynayır.
Maraqlıdır, yuxu rejiminin pozulması uşaqlara necə təsir edir? Valideynlər bu problemi necə həll edə bilərlər?
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə yuxunun 3 funksiyası var ki, onlar insan üçün olduqca əhəmiyyətlidir:
“Yuxunun istər tibbi, istərsə elmi, istərsə də ritual cəhətdən faydasını saymaqla bitirmək olmaz. Doğru yuxu rejminin olması insanın sadəcə fiziki yorğunluğuna deyil, eyni zamanda orqan fəaliyyətlərinin nizamlanması və psixoloji sağlamlığı üçün faydalıdır.
Daha detallı desək, faydalı yuxu saatları deyə bir anlayış var. Günün müxtəlif saatlarında yatmağı faydalı yuxu hesab edə bilmərik. Bəzi insanların gününü nizamlayan fəaliyyətləri olmur. İşə, məktəbə, universitetə və s. getməyən şəxslərin çox zaman yuxu rejimləri də düzgün olmur. Bu, qısa zaman ərzində çox zərərli görünməyə bilər, yəni bir insanda disiplinsiz yuxu rejiminin olması, gec və ya çox yatması qısa zaman ərzində öz fəsadlarını göstərə bilməz. Amma uzun vədəli disiplinsizlik ciddi fəsadlara yol açır. Bu, həm tibbi olaraq, həm də psixoloji cəhətdən sübut olunub”.
Psixoloq qeyd edib ki, insanlar yuxunun faydalarını tam olaraq anlamadıqları üçün onlara vaxt itkisi kimi gəlir:
“Hətta indiki uşaqların çoxu yuxuya ayıracağı vaxtı oyun oynamağa sərf etmək istəyir. Amma biz valideynlər olaraq onların yuxudan aldıqları faydanı doğru şəkildə izah etməyi bacarmalıyıq. Biz bilməliyik ki, daxili orqanlarımızın fəaliyyətinin gün ərzində sürətliliyi, beynimizdə olan xaotiq düşüncələrin nizamlanması, neytralaşması yuxu zamanı baş verir. Bu isə hər günə eyni insan kimi başlamamağımız üçün böyük rol oynayır.
Yuxunun insan orqanizmi üçün önəmi başa düşülməsə, valideynlər bununla bağlı hər zaman problem yaşayacaqlar”.