“Ana uşağın nitqini elə inkişaf etdirə bilər ki, onun ətrafında sanki bir deyil, 4-5 nəfər insan olduğunu düşünmək olar. Valideyn övladı ilə söz oyunu və digər oyunlar oynayıb, onunla çox ünsiyyət qurmaqla hətta nitqi olmayan uşağın nitqini inkişaf etdirə bilər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında loqoped Svetlana Məmmədova deyib. Onun sözlərinə görə, uşaqlarda nitq qüsurların yaranmasının ümumi və xüsusi səbəbləri var:
“Nitqlə bağlı qüsurların ümumi yaranma səbəbləri xüsusi bölgü əsasında aparılır. Bunlardan bəziləri üzvi və funksional səbəblərdir. Üzvi, yəni, anatomik-fizioloji səbəblərdən yaranan problemlərin bəziləri loqopedin köməyi ilə aradan qaldırıla bilir. Uşaqlarda dil hərəkəti aktiv olmadıqda, loqoped xüsusi masaj vasitəsilə dilin hərəkətini aktivləşdirir.
Uşaqların 90% -də rast gəlinən problemlərdən biri də dərin damaqdır. Dərin damaq loqopedin müdaxilə edə bilməyəci bir problemdir. Çünki uşaq doğulanda dərin damaqla doğulur. Dərin damaq böyük problem sayılmasa da, müəyyən səslərinin tələffüzündə bu, müstəsna rol oynayır. Məsələn, “l”və“r” sərt damaqda deyilən səslərdir və həmin uşaqlar bunları düzgün istifadə edə bilmirlər. “L” səsinin üzərində iş aparıldıqda düzəlir, amma “r” səsinin korreksiya müddəti normal damaqlı uşaqlardan daha uzun müddət çəkir”.
Loqoped əlavə edib ki, uşaqlarda funksional səbəblər də nitq qüsurlarını yaradır:
“Mərkəzi sinir sistemində tormozlaşma funksional səbəbə xasdır. Bu, ləngimə olan uşaqlara aiddir və ləngiməni spesifik özünəməxsusluğu ilə biruzə verir. Uşaqların nitqində 3 yaşına qədər ləngimə olarsa, onlara nitq inkişaf ləngiməsi və 3 yaşdan sonra isə nitq inkişaf geriliyi diaqnozu qoyulur. 3 yaşdan yuxarı uşaqlarda bu problemlə loqoped, psixoloq, psixopedaqoq birlikdə işləyir”.
Svetlana xanım açıqlamasında bildirib ki, uşaqların nitqində qüsurların səbəblərindən biri də doğuş zamanı alınan travmalar, bətndaxili patologiyalardır:
“Uşağın dörd həftəliyindən dörd aylığa qədər inkişaf dövrünün pozulması zamanı daha ağır nitq qüsurların yaranması mümkündür. Ananın hamiləlik dövründə keçirdiyi hər hansı bir virus və yaxud infeksiyalı xəstəliklər, qan uyğunsuzluğu uşaqlarda daha ağır nitq qüsurların yaranmasına səbəb olur.
Uşaqların eşitmə qüsurlu olması onların nitqlərində fəsadlara səbəb ola bilər. Eşitmə problemi olan uşaqlarda birinci qüsur kimi eşitmə, ikinci isə nitq götürülür. Nitq qüsurları da uşağın yaşından asılı olaraq nitq inkişafı geriliyi, nitq inkişafının ləngiməsi ola bilər. Bu zaman uşağın eşitmə qalığından istifadə edərək, onun nitqini inkişaf etdirmək mümkündür. Əgər uşaq birinci və ikinci dərəcəli eşitmə qüsurludursa, onun nitqini inkişaf etdirərək normal vəziyyətə gətirmək olar. Ancaq o, üçüncü, dördüncü dərəcəli eşitmə qüsurludursa, artıq ağır dərəcəli sayılır. Uşaq eşitmə aparatından normal istifadə etdiyi halda, yəni bir qulağına taxıb, digərinə taxmırsa onda bu, bir qulağın eşitmə aktivliyinə kömək edəcək. Aparat taxılmayan qulaqda isə eşitmənin daha da ağırlaşmasına şərait yaradacaq. Ona görə də hər bir eşitmə qüsurlu uşaqla işləyərkən mütləq şəkildə dodaqdan oxumanı ləğv etməyə çalışmaq lazımdır. Çünki eşitmə qüsurlu uşaqlar dodaqdan oxuya daha çox üstünlük verirlər. Onlar bizim nə dediyimizi eşitməsələr belə, hansı sözlə müraciət etdiyimizi dodağımızın hiss edərək oxuyurlar. Ona görə loqopedlər bu tip uşaqlarla ağzını tutaraq məşğul olmağa daha çox üstünlük verirlər. Uşaqlarda eşitmə qabiliyyəti inkişaf etdikcə artıq nitqini də korreksiya etmək olur”.
Günel Yaşarqızı