“Ümumilikdə bu il 41 000-ə yaxın 5 yaşlı uşağın məktəbəhazırlıq qrupunda təhsil alması proqnozlaşdırılır”.
Bu sözləri “Məktəbəhazırlıq qruplarına sənəd qəbulu” ilə bağlı brifinqdə Bakı Şəhər Təhsil İdarəsinin informasiya təminatlı sektorunun müdiri İlhamə Abdullayeva deyib.
AzEdu.az xəbər verir ki, keçən il hazırki hazırlıq qruplarında elektron sənəd qəbulu ilə qeydə alınan uşaqlar oktyabrın 1-dən dərsə başlayacaqlar. Avqustun 15-dən sentyabrın 25-dək elektron sənəd qəbulu açıq olacaq. Valideynlər məktəbəhazırlıq qrupu təşkil olunan istənilən məktəbdə sorğu yerləşdirə bilərlər. 5 taşı tamam olan bütün uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunacaqlar.
Brifinqdə bildirilib ki, keçən il eyni yaşlı uşaqların 65%-i məktəbəhazırlıq qruplarına cəlb olunub. Bu il isə 75% uşağın bu qruplara cəlb olunması gözlənilir. Ümumilikdə bu il 41 000-ə yaxın 5 yaşlı uşağın məktəbəhazırlıq qrupunda təhsil alması proqnozlaşdırılır.
Qeyd edək ki, bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək.