“Dünyada kişi və ya qadın tərbiyəçilərinə fərq qoyulmur, amma bizdə isə kişi tərbiyəçisi yoxdur”.
Bu sözləri AzEdu.az açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
“Dünyada və Azərbaycanda bağçalara tərbiyəçilər çox fərqli şəkildə seçilib. Məsələn: Yaponiyada bağçalarda tərbiyəçilərin böyük qismi kişilər olur. Yaponiya təhsil sistemi çox inkişaf etmiş təhsil sistemidir. Məktəbəqədər təhsilin bu inkişafda çox böyük rolu var. Bizdə isə məktəbəqədər təhsilə tərbiyəçi müəllimlərin böyük hissəsi kollec bitirənlərdilər. Bu isə o deməkdir ki, onlara pedaqogika, psixologiya, eyni zamanda, tərbiyəçi hazırlığı üçün bir sıra fənlər kollec səviyyəsində keçirilib. Çox az qismi alitəhsilli tərbiyəçi müəllimlərdir. Buna görə də təhsilin bu pilləsinə önəm verilməli, yəni ali məktəblərdə məktəbəqədər təhsil ixtisasına qəbul planı çoxalmalıdır və tədrisin keyfiyyətinə diqqət yetirilməlidir”.
Onun sözlərinə görə dünya ilə müqayisədə bizdə məktəbəqədər təhsil səviyyəsi çox aşağıdır. Bu elə məhz özünü tərbiyəçi müəllimlərin keyfiyyətində, bağçaların maddi texniki bazasında, eyni zamanda, tədris resurslarında göstərir:
“Bağçalar diqqətdən kənarda qalmasaydılar, onu yerli icra hakimiyyətlərinə tabeçiliyini verməzdilər. Yəni diqqətdənkənar təhsilin bir pilləsidir və Təhsil Nazirliyinin tabeçiliyində deyil. Yerli icra hakimiyyəti orqanları isə təhsilin bu mühüm, faydalı pilləsini inkişaf etdirmək gücü yoxdur. Dünyada kişi və ya qadın tərbiyəçilərinə fərq qoyulmur, amma bizdə isə kişi tərbiyəçisi yoxdur.”
Günel Yaşarqızı