Bu gün Xalq Artisti, Azərbaycanın ilk pianoçu-pedaqoqu, professor Kövkəb Səfərəliyevanın doğum günüdür.
Kövkəb Səfərəliyevanın təhsil yolu…
O, 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. Daha sonra təhsilini 1916-cı ildə musiqi texnikumunda davam etdirir. 1926-cı ildə Musiqi texnikumunu bitirən Kövkəb Səfərəliyeva çox gənc olmasına baxmayaraq, türk qadın seminariyasına işə dəvət olunur. Burada o, ilk pedaqoji fəaliyyətinə başlayır. Daha sonra Kövkəb xanım Azərbaycan Dövlət Konservatoriyasının fortopiano şöbəsinə daxil olur. Konservatoriyada oxuduğu zaman öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Kövkəb Səfərəliyeva 1932-ci ildə konservatoriyanı bitirərək həmin tədris müəssisəsinin professoru olub.
Məktəb yaradan qadın...
Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaradıb (indiki Bülbül adına məktəb) və onun direktoru olub. O, bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, K.Səfərəliyevanı yaxşı tanıyan Yakov Isakoviç Milşteyn özünün şifahi çıxışlarında Kövkəb xanımı Azərbaycan musiqi mədəniyyətinin unudulmaz simalarından biri, “həyatda daim milli pianoçuluq sənətinin alovlu entuziastı olan, yüksək intellektual mədəniyyətə malik həssas musiqiçi-pedaqoq” adlandırıb.
O, bir çox Azərbaycan musiqiçilərinin, o cümlədən dünya şöhrətli müğənnimiz Müslüm Maqomayevin ilk müəllimlərindən biri olub. Pianoçu-pedaqoq 1972-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.
Qeyd edək ki, Bakı şəhərində 16 saylı Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Eyni zamanda o, Asəf Zeynallının həyat yoldaşı olub.
kitabı