Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 10:10:00
SSRİ və Rusiya səhiyyəsində vacib yeniliklər edən, mühüm vəzifələrdə çalışan professorlarımız  

Abışev Azad Ziyad oğlu - 1935-ci il mayın 15-də Biləsuvar rayonunda anadan olub. 

1956-cı ildə orta təhsilini tamamlayıb, Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsində ali təhsil almağa başlayıb. 

1963-cü ildə SSRİ EA-nın Sankt–Peterburqdakı V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına daxil olur. Eyni vaxtda (1963-1965-ci illərdə)  A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin  Kimya fakültəsində təhsil alıb. 1967-ci ildə dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsini qazanan Azad Abışev 1968-1983-cü illər ərzində SSRİ Səhiyyə Na­zir­li­yinin Toksikologiya İnstitutunda elmi işçi kimi çalışıb. 

1984-cü ildə isə kimya elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib. 1984-2007-ci illərdə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Vaksinlər və zərdablar ETİ-nun Dərman preparatlarının kimya və texnologiyası  elmi-istehsalat kompleksinə  rəhbərlik edib. 

1987-2000-ci illər ərzində İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyasında dərs demiş, 1991-ci ildə akademiyanın Biokimya kafedrasının professoru elmi adına layiq görülüb. 

Professor Abışovun elmi-pedaqoji fəaliyyəti əsasən bioüzvi və əczaçılıq kimyası, təbii və fizioloji fəal birləşmələrin kim­yası, eləcə də zərif üzvi sintez sahələrini əhatə edir. 

Alim 300-dən çox elmi işin, o cümlədən, 11 monoqrafiya və 5 dərs vəsaitinin müəllifi, 17 müəllif şəhadətnaməsi və 16 patentin sahibidir. 1992-ci ildə Avropa Kimyaterapiya cəmiyyətinin, 1994-cü ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 

2007-ci ildə Rusiya Federasiyasının Əməkdar elm xadimi fəxri adına layiq görülən azərbaycanlı alim, hazırda Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyasının Əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində çalışır. 

Abbasov Rahib Yusif oğlu 1939-cu ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indi ATU) Müalicə-diaqnostika fakültəsini bitirib. O, hələ tələbəlik illərində Bakı xəstəxanalarından birində tibb qardaşı kimi işləyib. İnstitutu bitirdikdən sonra hərbi xidmətə yollanır  və bundan sonrakı ömrünün 35 ilini hərbiçi həkim kimi fəaliyyət göstərir. 

1962-1997-ci illər ərzində müxtəlif hərbi hissələrdə lazaret rəisindən başlayaraq, səhiyyə xidməti rəisinə kimi müxtəlif vəzifələrdə çalışır. 

 1967-ci ildə Leninqraddakı Kirov adına Hərbi-tibbi məktəbin ordinatura şöbəsində təhsilini artıran gənc həkim 1969-1990-cı illərdə əsas işi ilə paralel olaraq, həm də Hərbi-tibbi məktəbin Hərbi-səhra müalicəsi kafedrasında baş ordinator, baş elmi işçi, müəllim işləyib. 

Eyni zamanda, elmi araşdırmalarını da davam etdirən Rahib Abbasov müxtəlif fiziki və kimyəvi təsirlər zamanı mədəaltı vəzin maye ifrazatındakı dəyişikliklərin insanın ümumi vəziyyətinə təsirini öyrənərək, sübut edir ki, məhz bu dəyişikliklər ekstermal təsirlərdən sonra insan orqanizminin ümumi reaksiyasının  indikatoru kimi qəbul oluna bilər. 

Alimin araşdırmalarının nəticələri 1981-ci ildə nəşr edilən və SSRİ Müdafiə Nazirliyinin bütün hərbi hissələri üçün əsas tibbi sənədlərdən sayılan instruktaj-rəhbərlikdə öz əksini tapmışdı. 

1990-cı ildə hərbi xidmətdən ayrılan Rahib Abbasov SSRİ Səhiyyə Nazirliyinin Sənaye və Dənizçilik Səhiyyəsi ETİ-na  aid olan Peşəkar patalogiya və ümumi müalicə klinikasına rəhbərlik  edir. Paralel olaraq, 1990-1994-cü illərdə Radiasiya və kimyəvi qəzalar zamanı tibbi yardım mərkəzinin Şimal-Qərbi regional mərkəzinin rəhbəri kimi fəaliyyət göstərən həkim -alim Çernobıl qəzasından sonra həmin ərazidə çalışan insanların immun dəyişiklikləri barədə mühüm faktlar qeydə alaraq, bu mövzuda dəyərli elmi əsərlər ərsəyə gətirir. Ümumiyyətlə, Rahib Abbasov “Müasir müalicəvi patalogiyalar”, “Travmatik xəstəliklər” kimi məşhur dərslik-kitablar da daxil olmaqla 7 kitabın müəllifi və həmmüəllifidir. Müxtəlif elmi dərgilərdə 140-dan çox elmi məqaləsi dərc olunub.

Azərbaycanlı alim hazırda “Ailə təbabəti klinikasının” professorudur. Eyni zamanda Sənaye və Dənizçilik ETİ-nin həkim-ekspert komissiyasının sədri vəzifəsində fəaliyyət göstərir. O, tibb elmləri namizədi,  Rusiya Federasiyasının Əməkdar həkimidir.

Rauf Qasımov - 1943-cü ildə Tovuz rayonunun Qoşabulaq kəndində anadan olub. Orta təsilini doğma kənddə aldıqdan sonra Bakıda  Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1968-ci ildə təhsilini uğurla başa vuran gənc həkim Rusiya Tibb Elmlər Akademiyasının A.L. Polenov adına Elmi–tədqiqat Neyrocərrahiyə İnstitunun ordinaturasına göndərilir, oradakı təhsilini başa vurduqdan sonra elə həmin institutda əmək fəaliyyətinə başlayır. Bu günəcən də həmin müəssisədə çalışan tanınmış həkim kiçik elmi işçidən, professor, şöbə müdiri vəzifəsinə kimi yüksəlib. 

O, 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildən professor seçilib. Rauf Qasımov 1988-ci ildən institutun Mərkəzi əsəb sistemi travmaları şöbəsinə rəhbərlik edir. 

Alim-həkimin elmi fəaliyyətinin əsas istiqamətləri kəllə-beyin və onurğa beyini zədələrinin öyrənilməsidir. Elmi işlərinin əksəriyyəti beyinin böyük yarımkürəsində yayılmağa meyilli ocağı olan travmaların cərrahiyəsinin morfologiya, patogenez və biokimyasının öyrənilməsinə həsr olunub. Alim-həkim bu və digər mövzularla müxtəlif beynəlxalq konfranslarda məruzələr etmişdir. 300-dən çox elmi işin, o cümlədən monoqrafiya, dərslik, metodik vəsait, ixtira və patentlərin müəllifidir.

Peşəkar tibbi kadrların hazırlanmasında da azərbaycanlı alimin xidməti az deyil. O, neyrocərrahiyənin ən çətin sahələrindən olan kəllə-beyin travmalarının cərrahiyəsi üzrə öz məktəbini formalaşdırmışdır. Professorun onlarla müxtəlif tibb ocaqlarında fəaliyyət göstərən yetirmələri sırasında 20 nəfərdən artıq elmlər namizədi və elmlər doktoru var.

Rauf Qasımov “Mərkəzi sistemin cərrahiyəsi” üzrə komissiyanın sədri, “Neyrocərrahiyə” “Əsəb xətəlikləri” ixtisasları üzrə doktorluq dissertasiyaları şurasının, həmçinin Sankt-Peterburq Neyrocərrahlar  assosiasiyasının idarə heyətinin üzvüdür.