https://www.zirve.edu.az/
02.01.2019 12:29
Müəllimlər inteqrasiya növlərindən belə istifadə edə bilər - NÜMUNƏ
Çap et

İnteqrasiyadan Orta ümumi təhsil məktəblərində dərsin keyfiyyətlə olması üçün müəllim gündəlik planlaşdırma aparmalıdır.

Gündəlik dərsin planlaşdırılmasının (icmalın) bir neçə mərhələsi var. Həmin mərhələlərdən ən vacib və müəllimləri çaşdıran hissələrdən biri də məhz inteqrasiyadır.

“İnteqrasiya” termini XX əsrin sonlarından etibarən, daha fəal istifadə olunmağa başlayıb. Beləcə, bütün elm sahələrində, o cümlədən, sosiologiya və pedaqogikada inteqrasiya önəmli yer tutub. Pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunur.

Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilindəki nizamsız faktların sistemləşdirilməsidir. Bu inteqrasiya tipindən ibtidai təhsil pilləsi fənlərinin tədrisində daha çox istifadə olunur.

Fəndaxili inteqrasiya da 2 cür olur: Üfüqi və Şaquli inteqrasiya

Üfüqi inteqrasiya - fənn üzrə məzmun xətlərini əlaqələndirməklə, müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir.

Şaquli inteqrasiya - sinifdən-sinfə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir.

Fənlərüstü inteqrasiya- inteqrasiyanın ən yüksək səviyyəsi hesab olunur, transfənn inteqrasiya da adlanır. Məktəbdə tədris edilən mövzuların məzmunu ilə məktəbdən kənarda aldıqları məzmun sintez edilir.

Ümumtəhsil sistemində təlim nəticələrinin standartlar əsasında müəyyənləşdirilməsi tədris edilən fənlər üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasına imkan yaradır. Təlim prosesində motivasiyanın artırılması, fəallığın artırılması, məzmunun hərtərəfli aşılanması baxımından Həyat bilgisi fənninin rolu əvəzedilməzdir. Digər fənlərdə olduğu kimi, bu fənnin tədrisində də uğurlu nəticələr əldə etmək üçün fəndaxili, fənlərarası və fənlərüstü inteqrasiyanın böyük əhəmiyyəti vardır. 

Mütəxəssislərin fikrincə, bu inteqrasiya növündən təkcə humanitaryönümlü deyil, elə texnikiyönümlü fənlərdə də geniş istifadə olunmalıdır. Məsələn, hazırda istifadə olunmayan “İnsan və Cəmiyyət” fənninin tədrisi birbaşa fənlərüstü inteqrasiyaya əsaslanırdı. İndi isə “İnsan və Cəmiyyət” fənnini “Həyat bilgisi” əvəz edir.

NÜMUNƏ: Həyat bilgisi fənni üzrə nəzərdə tutulan biliklərin aşılanması və bacarıqların formalaşdırılması üçün müxtəlif təlim üsullarından istifadə olunur. Bura müşahidə, tədqiqat, sual-cavab, müzakirə, qrup çalışması, təqdimat və s. daxildir. Müzakirələrin səmərəli təşkili üçün şagirdlərin mövzu ilə bağlı lazımi bilik və bacarıqlara yiyələnmələri təmin edilməlidir.

Həyat bilgisi

III sinif

Mövzu: Səma niyə mavi rəngdədir?

Standart:

1.1.1. Varlıq və hadisələr  arasındakı əlaqələri sadə formada şərh edir.

1.1.2. Maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir.

Məqsəd:

  1. Səmanın rənginin dəyişməsində müxtəlif  təbiət hadisələrinin əlaqəsini şərh edir.
  2. Göy qurşağının yaranmasını sadə formada izah edir.
  3. Müxtəlif rənglərdən istifadə etməklə  göy qurşağını təsvir edir.

İnteqrasiya: Təsviri incəsənət

Dərs üsulu: əqli hücum, müzakirə

Dərs forması: kiçik qruplarla iş, fərdi iş

Təchizat: dərslik, A-4 kağız, marker

Dərsin gedişi

  1. Motivasiya:

Müəllim əqli hücum metodundan istifadə edərək aşağıdakı sualla şagirdlərə müraciət edir:

- Təbiət belə əsrarəngiz olmasaydı həyat necə olardı? Həyatımız maraqlı olardımı?

Fərziyyələr dinlənilir.

Tədqiqat sualı: Təbiət niyə rəngarəngdir?

Müəllim şagirdləri  qruplara bölür və onlara tapşırıqlar verir.

I qrup

Su təbiətdə necə dövran edir?

II qrup

 Göy qurşağı necə  yaranır və onun  əsas rəngləri hansılardır?

III qrup

Göy qurşağında olan rəngləri hansı rənglərin qarışığından almaq olur?

IV qrup

Səmanın  müxtəlif rənglərdə görünməsi nə ilə bağlı ola bilər?

Şagirdlər qruplarda öz fərziyyələrini müzakirə edib təqdimat hazırlayırlar.

Təqdimatdan sonra müəllim dərslikdəki mətni  hissələrə bölüb şagirdlərə oxutdurur (səh.26-27).

Mətnin oxunuşundan sonra müəllim  bir daha qrupların təqdimatına diqqət yetirib anlaşılmaz qalan məsələləri izah edir.

Müzakirə:

- Göy qurşağı necə yaranır?

- Müxtəlif rəngləri necə almaq olar?

- Rənglərin həyatımızda hansı rolu var?

Tətbiqetmə:

İş dəftərində "Göy qurşağı" rəsmi çəkilir.

Nəticənin çıxarılması və ümumiləşdirmə:

Müəllimin köməyi ilə  şagirdlər belə nəticəyə gəlirlər ki, təbiətin rəngarəngliyi də işıqla bağlı təbiət hadisəsidir. Günəş işığı göy qurşağındakı rənglər toplusudur. Ağ işıq 7 rəngin qarışığıdır.

Ev tapşırığı: Gündüz günəş işığında, axşam isə lampa  işığında rəngləri müşahidə edin və dəftərinizdə qeydlər aparın. ("Azərbaycan müəllimi", Nö-18)

Qeyd edək ki, “Həyat bilgisi” fənni üzrə ayrıca ixtisas müəllimi olmadığı üçün onun tədrisi bu fənnin kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş, dioqnostik qiymətləndirmədə yüksək bal toplayan tarix, coğrafiya, fizika, kimya, biologiya müəllimlərindən birinə həvalə edilməlidir. 

Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə saatlar məktəbin ali idarəetmə orqanı olan pedoqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, dioqnostik qiymətləndirmədən yüksək bal toplayan qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən hər hansı birinə verilməlidir. Bu dərs saatlarının müəllimlərin sosial məsələlərinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir.