Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 14:58:00
“Albert  Eynşteyn Azərbaycanda imtahan  versəydi, attestat ala bilməzdi” - Ekspert

“Təəssüf,  biz XI sinfə kimi hamıya eyni qaydalarla dərs keçir, hər şagirdə “yaxşı oxumasan, adam olmayacaqsan” prinsipi ilə yanaşırıq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Sərdar Yusifoğlu deyib.

O, Azərbaycandakı orta təhsil sistemini dünya ölkələri ilə müqayisə edərkən bildirib ki, bizim məktəbləri  xaricdəkilərdən fərqləndirən  əsas məsələ  12  və ya 13  illik orta təhsilin tətbiq edilməməsidir:

“Orta məktəbi  burada bitirən şəxs bir çox inkişaf etmiş Avropa ölkələrində, eləcə də Amerikada  birbaşa  bakalavr  pilləsinə  qəbul  ola bilmir. Deməli, ilk standart kimi elə bu tətbiq edilməlidir.

Orta məktəbdə praktik məşğələlərə üstünlük verilməməsi də bizi fərqləndirir. Azərbaycanda çox vaxt əzbərlətmə metodundan istifadə edirlər. Nə qədər inkişaf etmiş proqramlara üstünlük verməyə çalışsaq da, praktikanı kütləviləşdirə bilmirik. Dərsi keçib əzbərlətmək, müəyyən testlər verməklə kifayətlənirik. Əslində,  V-VI siniflərdən sonra təmayülləşməni artırmaq lazımdır. Elə etməliyik ki, şagird müəyyən sinifdən sonra öz təmayülünü müəyyən etsin. Qeyd etdiklərim Azərbaycanda var, amma əsasən özəl məktəblərdə müşahidə edilir.

Şagird dərsdə oxuduqları ilə praktiki tanış olsa, dərsə də maraqla yanaşacaq.  Belə olsa, o hansı sahəyə marağı olduğunu bilib gələcəyini daha yaxşı seçəcək”.

“Albert Eynşteyn Azərbaycanda imtahan  versəydi, attestat ala bilməzdi”

Ekspertin sözlərinə görə, Azərbaycan təhsilində bütün diqqət əsasən şagird və tələbənin yüksək bal almasına yönəldilib:

“Mən bunu düzgün qəbul etmirəm. Yüksək bal toplayan tələbənin gələcəkdə yaxşı mütəxəssis olma ehtimalı cəmi 50 %-dir. Universitetdə oxuyan qrup yoldaşlarımızı müqayisə etsək görərik ki, bəzən aşağı  bal toplayanlar daha yaxşı mütəxəssis olurlar. Heç yüksək bal toplayanların harada olduğunu bilmirik.

Hamlet İsaxanlı bir maraqlı misal çəkmişdi: “Albert Eynşteyn Azərbaycanda imtahan  versəydi, attestat ala bilməzdi”. Yəni, biz bu imtahan sistemlərinə görə bəzi potensiallı şagird və tələbələri kəşf edə bilmirik.  Şagird, hansısa imtahanda aşağı bal toplayır və axsayıb qalır.

Bir beynəlxalq bilik yarışı keçirsək və Amerikanın hansısa  ştatından bir tələbəni gətirib bizim yaxşı tələbə ilə müqayisə etsək, Azərbaycanlı müəyyən testlərdə daha uğurlu olacaq. Çünki biz tələbəyə lazım olmayan çox şeyləri öyrədirik. Halbuki bu, ona gələcəkdə lazım olmayacaq. O, gələcəkdə hansısa sahəni seçəndə öyrəndiyi coğrafi bilikləri istifadə etməyəcək.

Təəssüf ki, biz  XI  sinfə kimi hamıya eyni qaydalarla dərs keçir, hər şagirdə “yaxşı oxumasan, adam olmayacaqsan” prinsipi ilə yanaşırıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları