Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 10:38:00
IX sinfi əvvəlki illərdə bitirənlər üçün kolleclərə qəbul qaydaları -RƏSMİ

Məlum olduğu kimi 2019-cu ildən ali məktəblərə qəbul imtahanları tamamilə yeni qaydalar əsasında keçiriləcək. Buraxılış imtahanları qəbulun ilkin mərhələsi hesab olunacaq.

Bəs IX sinfi əvvəlki illərdə bitirən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı hansı qaydada həyata keçirilir?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, ümumi (9 illik) orta  təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən iki mərhələdə qəbul imtahanı verməlidirlər.

Məlumatda qeyd olunur ki, qəbul imtahanını rus dilində verən abituriyentlər (2018-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir:

Attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

Qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı.

Xatırladaq ki, IX illik bazada buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında keçiriləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları