Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 12:26:00
Dövlət qulluğu imtahanlarında bu qədər namizəd müvəffəqiyyət qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, qeydiyyatdan keçən namizədlərin 1028 nəfəri kişi, 820 nəfəri isə qadındır. Kişilər üzrə 941 nəfər (qeydiyyatdan keçənlərin 91.5 faizi), qadınlar üzrə isə 764 nəfər (qeydiyyatdan keçənlərin 93.2 faizi) 20-34 yaş intervalında olan şəxslərdir. Ən yuxarı yaş qrupları (50-64 yaş intervalı) üzrə 14 nəfər (12 kişi, 2 qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü imtahanı uğurla keçib.

İmtahanda müvəffəqiyyət əldə edən 275 nəfər (uğur əldə edənlərin təqribən 58 faizi, 112 kişi və 163 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 144 nəfər (68 kişi və 76 qadın) lazım olan balı toplaya bilib. İmtahanda uğur qazanan namizədlərin 467 nəfəri, yəni təqribən 98 faizi yaşı 34-dək insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 8 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475 nəfəri (25.7 faiz) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1028 kişidən 208 nəfər (20.2 faiz), 820 qadından isə 267 nəfər (32.6 faiz) uğur əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər. Statistik məlumatlarla bu linkdə http://www.tqdk.gov.az/news/2833/  tanış olmaq mümkündür.