Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 13:35:00
Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB  

2019-cu ildə ali məktəbə qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək.

Buraxılış imtahanı qəbul imtahanının birinci mərhələsi hesab olunacaq. Əvvəlki ilin məzunları isə  buraxılış imtahanı modelində əlavə imtahan verəcəklər.

Bəs, xarici ölkə vətəndaşı olub Azərbaycanda orta təhsil müəssisələrini bitirənlər buraxılış imtahanlarını necə verəcəklər?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir.

Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini (MYİ və ya DYİ) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-Məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir.  

Xatırladaq ki, fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 17-də keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları