Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 12:32:00
"İtaliya universitetləri mənə sovet təhsilini xatırladır" - Gənc doktorantla MÜSAHİBƏ

“Azərbaycanda təhsil alan doktorant əgər xarici dil bilmirsə, artıq bu onun üçün böyük problemdir”

Müsahibimiz Azərbaycan İtaliya Gənclər Assosiasiyasının həmsədri, Azərbaycan Diaspor Gəncləri təşkilatının İtaliya koordinatoru Emin Rüstəmovdur.

O,  hazırda İtaliyanın Sapienza Universitetində doktorantura pilləsi üzrə təhsilini davam etdirdiyini deyib.

-Emin bəy, oxucularımızın sizi yaxından tanıması üçün əvvəlcə özünüzü ətraflı təqdim edərdiniz.

-Hər dəfə müsahibə verəndə ilkin olaraq, haqqımda məlumat verməli oluram. Belə olduqda həmişə düşünürəm ki, bəlkə də özüm haqda kiçik təqdimatım oxucuları yora, bezdirə bilər. Ona görə də çalışacam bir az da qısa olsun. Xəzər Universitetinin Beynəlxalq Münasibətlər ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Universitet illərindən sonra hərbi xidmət, daha sonra iş həyatı digər istiqamətlərdə passivliyə yol açsa da, bu, xaricdə təhsil almaq arzuma əngəl ola bilmədi. Nəhayət, bu arzunu reallığa çevirmək üçün Romaya gəldim. Roma Sapienza Universitetinin "Beynəlxalq əməkdaşlıq və inkişaf" ixtisası üzrə magistratura pilləsinə qəbul oldum. Həmin ixtisası da fərqlənmə ilə bitirdim. İndi isə həmin universitetin "Avropa tarixi" ixtisası üzrə doktorantıyam. İtaliyaya gəldiyim ilk gündən diaspor fəaliyyəti ilə məşğulam, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının həmsədri, eyni zamanda, Azərbaycan Diaspor Gəncləri təşkilatının İtaliya koordinatoruyam.

-Siz təhsil aldığınız müddətdə Xəzər Universiteti Azərbaycanın ən qabaqcıl universitetlərindən olsa da, indi o imicini qoruyub saxlaya bilməyib. Təhsilin keyfiyyətinə görə yenə də sayılıb-seçilən universitetlərin siyahısında olmasına baxmayaraq, əvvəlki “Xəzər” olmadığı da açıq aydın ortadadır. Sizcə, bu səbəb nədir?

-Sizin fikrinizlə razılaşa bilməyəcəm. Hesab edirəm, Xəzər Universiteti hər zaman öndə gedən, qabaqcıl ali təhsil müəssisələrindən biri olub və bu, indi də bələdir. 1991- ci ildən bu günə qədər “Xəzər” Azərbaycan üçün, bir az daha böyük miqyasda danışsaq, dünyaya lazım olan kadrlar yetişdirib. Bu gün “Xəzər”in məzunlarının səsi dünyanın müxtəlif yerlərindən, yüksək tribunalardan gəlir. Son illərə qədər dünya sıralamasında Azərbaycan universitetlərindən ən çox xalla Xəzər Universiteti başçılıq edirdi.

Üstəlik, 5-10 il bundan qabaq Azərbaycanda Xəzər üslubunda universitet, demək olar ki, yox idi. Ona görə, “Xəzər”in uğurları daha çox gözə çarpırdı. İndi isə Azərbaycan təhsil sektorunda öz sözünü deyib, Xəzər Universiteti ilə yaxşı mənada rəqabət apara bilən universitetlər var. O səbəbdən, düşünmürəm ki, “Xəzər” əvvəlki deyil, əksinə daha çox inkişaf edib, böyüyüb. Gələcəkdə də daha çox uğur qazanacağına əminəm.

-İtaliyada Sapienza Universitetində təhsil alırsınız. Yəni ali məktəbləri müşahidə etmək üçün kifayət qədər də təcrübəniz var. Sizcə, universitet öz imicini qoruyub saxlamaq üçün nə etməlidir? Azərbaycanda bunu bacara bilən ali məktəb varmı?

-İtaliya təhsil sistemi hardasa mənə sovet təhsil sistemini xatırladır. Düzdür, sovet təhsil sistemini görməmişəm, amma bu barədə kifayət qədər məlumatım var. Ona görə də, İtaliya universitetlərinin müqayisəsini aparmaq istəmirəm. Universitet öz imicini qoruyub saxlamaq üçün hər il daha çox uğur qazanmalı, yerində saymamalıdır. Beynəlxalq əlaqələrini genişləndirməli və müasir texnologiyanın ən yeni metodlarını tətbiq etməlidir. Əlavə olaraq, məzunların universitetlə əlaqələrini qoruyub saxlamalı və bundan yaxşı mənada yararlanmağı bacarmalıdır. Universitetlər yerli mütəxəssislərdən əlavə xarici mütəxəssislərin də iş prosesinə cəlb olunmasında, onların təcrübələrindən faydalanmaqda maraqlı olmalıdır. Bu fikirləri daha da çoxaltmaq olar. Bu gün bu üslubda fəaliyyət göstərən universitetlər var. Misal üçün, Xəzər Universiteti, ADA, Bakı Ali Neft Məktəbi, əvvəlki Qafqaz Universiteti (BMU) və s.

Bu il I qrup üzrə 700 bal toplayan bütün abituriyentlər BANM-ı seçib. Xəzər universitetini isə heç bir 700 “ballıq” abituriyent seçməyib... Sizcə, "Xəzər" doğrudan da BANM-la rəqabətə girə bilər?

Əslində mənim üçün bal əsas göstərici deyil. “Xəzər”də elə tələbələr olub ki, 250 balla qəbul olub, indi də savadlı, mükəmməl kadrlardır. BANM isə neft sahəsində olan universitetdir və 700 bal toplayanların çoxu I qrupdan gəlir deyə oranı seçirlər. BANM həm də dövlət universitetidir. Bizim cəmiyyətdə özəllərə olan münasibəti bilirsiz...

-Özəl universitetlərə münasibətin birmənalı olmadığını nə ilə əlaqələndirirsiz?

-Azərbaycanda özəl universitet anlayışı müstəqillik illərinə təsadüf edir. 1990-cı illərdə insanların özəl universitetlərə münasibət ilə indiki arasında yaxşı mənada böyük bir fərq var. Sosializm dövrünün insanlarının kapitalizmin məhsullarından olan özəl universitet anlayışını birmənalı qarşılaması normaldır deyə düşünürəm.

-Hazırda Azərbaycanlı tələbələr İtaliyaya əsasən regional təqaüd proqramları vasitəsilə oxumağa gedirlər. Mümkünsə, bu zaman yaranan çətinliklərdən danışardınız.

-Tamamilə düzgün qeyd edirsiz. Bugün İtaliyanın regional təqaüd proqramları hesabına İtaliyaya təhsil almaq üçün üz tutan azərbaycanlı tələbələrin sayı durmadan artmaqdadır. Təbii ki, bütün bunlar asanlıqla olmur. Ümumiyyətlə, hər işin özünə görə çətinliyi var. Tələbələr İtaliyaya gəlib çıxana kimi, çox çətin və yorucu mərhələlərdən keçirlər. Bəzən prosesin ortasında hər şeyi yarımçıq qoyub, fikrindən daşınmaq istəyirsən.

Universitet, təqaüd və viza sənədləşmə prosesi təxmini 3-4 ay vaxt alır və düşünün ki, bütün bu məsələlər yay aylarına təsadüf edir. İtaliya dövlətinin və ya regional təqaüd ofislərinin qoyduğu tələblərə əsasən toplanılan sənədlər müəyyən dövlət qurumlarında təsdiq olunduqdan sonra İtaliyada aidiyyatı qurumlara təqdim olunur. Prosesi başdan ayağa danışmaq istəmirəm, çünki buna vaxtımız çatmaz. Bir onu deyə bilərəm ki, olduqca yorucu bir prosesdir.

Növbəti çətinlik isə sırf italyan dili ilə bağlıdır. Yeni gələn tələbələrin əksəriyyəti italyanca və İtaliyada ofislərdə çalışanların ingiliscə bilmədiklərini nəzərə alsaq, yaranan mənzərini özünüz təsəvvür edin. Mən də yeni gələndə eyni çətinliklərlə üzləşmişəm.

-Doktorantura ixtisasları, elmi iş mövzuları barədə danışaq. Məsələn, Azərbaycanda bildiyim qədəri ilə təhsil menecmenti üzrə ixtisas yoxdur, amma dünyada hazırda trenddir. Bunlar ölkəmizdə doktoranturaya çox da önəm verilmədiyinə sübutdur. Siz doktoranturanın inkişafı , effektli olması üçün nə təklif edərdiniz?

-Hazırda Azərbaycan təhsili inkişaf dövrünü yaşayır. Dünya təhsilindəki yeniliklər ölkəmizdə də tətbiq olunmağa başlayıb. Bu çox sevindirici haldır. Bilirsiniz, ümumiyyətlə, dünya təcrübəsində də belə bir məqam var ki, tələbələrin əksəriyyəti təhsillərini bakalavrla məhdudlaşdırırlar. Bir qismi magistr dərəcəsi, onlardan da çox cüzi bir hissəsi PhD dərəcəsi almağı hədəfləyirlər. Bu, bizim ölkədə də belədir. Bunun bir çox səbəbləri var. Qaldı sizin dediyiniz təhsil menecmenti ixtisasına, çox yayqın olmasa da Amerikada və Avropanın bir çox universitetlərində bu ixtisas magistr tələbələrinə təklif olunur. Azərbaycanda səhv etmirəmsə, belə bir ixtisas yoxdur, amma buna yaxın fənlər tədris olunur. Düşünürəm ki, dokturantura artıq elmi dərəcəyə gedən yolun başlanğıcıdır. Kimlər ki, elm arxasınca gedir, bu zaman PhD- ni ilk addım kimi hədəfləyir. Bilirsiniz, mən də doktorantura üzrə təhsil alıram. Məncə, bizdə bu sahədə ədəbiyyat çatışmazlığı var. Dokturantura tələbələri üçün ən vacib element tutarlı və samballı kitablar, mənbələr, qaynaqlar hesab olunur. Qaynaq çatışmazlığı Avropada da mövcuddur. Amma müxtəlif dillərdə mənbələr tapmaq olur. Azərbaycanda təhsil alan doktorant əgər xarici dil bilmirsə, artıq bu, onun üçün çox böyük bir problemdir.

-Bəs, sizcə doktorantların dil bilgisi problemi necə həll olunmalıdır? 

-Bir neçə illər bundan öncə Azərbaycanda ingilis dilini çox az sayda insanlar bilirdilər. Qloballaşan dünyanın bir hissəsi olan Azərbaycanda artıq bu dili öyrənməyə maraq getdikcə artmışdır və hazırda bu geniş vüsət alıb. İndi kifayət qədər insan tanıyıram ki, ətrafımda nəinki ingilis dili, hətta bir neçə müxtəlif dillərdə danışa bilir. Günü-gündən xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı artır. Düşünürəm ki, bütün bunların fonunda Azərbaycanda da doktorantura təhsil pilləsindəki problemlər aradan qalxacaq, digər təhsil pillələrində tətbiq olunan innovativ addımlar doktorantura pilləsinə də tətbiq olunmaqla bu sahənin də inkişafına öz töhfəsini verəcəkdir.