Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 12:35:00
“Polşa çox dindar ölkədir, burada həftə sonlarında marketlər işləmir” – Xaricdəki tələbəmizlə müsahibə  

O, təhsil aldığı  müddətdə  Yunanıstanda iş imkanına sahiblənib. Eyni zamanda,  bir sıra əhəmiyyətli layihələrin  iştirakçısıdır.

AzEdu.az  daim xaricdə  təhsil alanların  təcrübələrini  gənclərlə  bölüşür.

Bu dəfə Polşanın  İqtisadiyyat və İnnovasiya  Universitetində magistr pilləsində    təhsil alan Adim  Azayevlə müsahibəni təqdim edirik: 

-Adim, öncə səni yaxından tanıyaq: Orta  təhsilini harada almısan?

-Qusar rayonunun Əniğ kəndində  anadan olmuşam.  Orta təhsilimi Nabranda bitirmişəm. Daha sonra   UNEC-in  SABAH qruplarında  Kommersiya ixtisası üzrə    məzun olmuşam. 

-Son zamanlar  gənclərin xaricdə təhsil almağa marağı artıb. Bir tələbə olaraq xaricdə təhsil  almağının səbəblərini   bölüşərdin...

-Ümumiyyətlə,  ölkə üzrə təhsil  dərəcəsi  xaricdəki təhsil səviyyəsindən nisbətən aşağıdır. Həmçinin,  xaricdə təhsil ən azı bir xarici dili mükəmməl öyrənməyi vəd edir. Digər  bir  üstünlüyü isə təqaüd qazanıldığı təqdirdə xaricdə oxumaq, Azərbaycanda təhsil almaqdan dəfələrlə ucuz başa gəlir. 

- Polşada universitetə qəbul qaydalarından danışardın: Hansı proseduralardan keçdin  və  hansı sənədlər lazım oldu?

-Qəbul prosedurası ölkədən ölkəyə fərqlənir. Ən mühüm şərt sizin motivasiyanızdır. Müraciət zamanı tələb olunan sənədlər motivasiya məktubu, referans məktubu, xarici dil biliyini təsdiq edən sənəd(IELTS,TOEFL və.s), sağlamlıq haqqında arayış, bakalavr diplomu və bakalavr ixtisasının müraciət etdiyiniz ixtisasa uyğunluğudur. Daha sonra birbaşa nəticəniz sizə bildirişlə və ya SKYPE ilə müsahibə edə bilərlər. Nəticələrimi mənə  birbaşa bildirmişdilər. 

-Universitetə qəbul olduqdan sonra  Azərbaycanda  ali təhsil müəssisələri ilə hansı fərqlərin olduğunu müşahidə etdin?

-Azərbaycanda ingilis dilində və ixtisaslı müəllimlərdən dərs aldığım üçün “təhsil şoku” yaşamadım. Buranın müsbət cəhəti kimi daha müasir və praktik üsuldan istifadə olunduğunu deyə bilərəm. 

-Müəllimlərinin  xarici  tələbələrə  münasibəti necədir?

-İxtisasımızda təhsil alan bütün tələbələrin xaricdən gəldiyi üçün hər hansı bir ayrıseçkilik ya da xüsusi  bir  münasibət  görmədim. 

-Təhsil aldığınız  ölkə  ilə Azərbaycan, bu iki dövlətin, mədəniyyətin, adət-ənənələrin arasında  nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansı maraqlı məlumatları  gördün? 

-Oxşar cəhət demək olar ki, yoxdur. Xristian ölkəsi olduğu üçün, həmin dinin adət-ənənələrini davam etdirirlər. Polşa digər Avropa ölkələrinə nisbətən daha dindar ölkədir. Həftə sonları açıq market tapmaq müşkül məsələdir.

-Oxumaq üçün getdiyin ilk  zamanlarda  hansı çətinlikləri gördün. Mühit, din, dil fərqi  necə təsir etdi?

-Buranın qışı çox soyuq keçir. Elə ikinci aydan xəstələndim. Dilləri isə kifayət qədər başa  düşülməzdi. Ona görə də yerli əhali ilə ünsiyyətdə olmaq, onları dərindən tanımaq mümkün olmadı. Ümumiyyətlə, Polşanın ən sevdiyim cəhəti digər  ölkələrə nisbətən  məni güvəndə hiss etdirməsidir. 

-"Təhsil aldığın müddətdə hansı fərqliliklər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz inkişaf edər", deyə düşünmüsən?

-Əslində, tətbiq oluna bilinəcək çox şey var. Ən sadə biliyin yoxlanılması üçün bir növ imtahanın hamıya tətbiq olunması, ya da hamıya eyni yolla öyrədə çalışılması aradan qaldırılmalıdır. Tələbəyə seçim verilməlidir.

-Universitetdə əcnəbi tələbələr üçün hansı güzəştlər var?

-Oxuduğum universitetdə əcnəbi tələbələr təqaüdlə təhsil alır və bu təqaüd aylıq yaşam xərclərini qarşılamağa kifayət edir. Xarici və yerli tələbələr eyni hüquqlara sahibdir.

-Universitetin maddi-texniki bazası hansı səviyyədədir?

-Universitet əsasən kompüter elmlərinə fokuslandığı üçün kifayət qədər yüksək maddi-texniki bazaya sahibdir. Ən böyük çatışmazlıq ingilis dilində təhsil verəcək professor heyətinin azlığıdır. 

-Orada tələbənin  biraylıq yaşam xərcləri  nə qədərdir?

- Polşada tələbənin biraylıq yaşam xərci 500-1000 AZN civarındadır. 

-Universitetdə keçdiyin dərs sistemini  təsvir et...

-Dərslər teorik və tətbiqi olaraq iki hissəyə bölünür. Teorik hissədə professor mühazirəni bütün tələbələrə çatdırır. Tətbiqi hissə kiçik qruplar şəklində mühazirənin real keyslərlə - kompüter proqramları ilə öyrədilməsi, qrup proyektlərdən, hesabatların verilməsindən ibarətdir.

- Polşada xarici tələbələrə iş izni verilirmi?

-Burada yaşayış icazəsinə sahib olan, əyani şəkildə təhsil alan tələbələr həftədə 20 saat işləmək izninə malikdirlər.

-Orada təhsil almağın perspektivi nədir?

-Buranın ən böyük üstünlüklərindən biri, aldığın diplomla Avropanın hər hansı bir ölkəsində işləmək şansıdır.

-Azərbaycan təhsilindən danışaq. Səncə, hazırda təhsilimiz  hansı səviyyədədir?

-Hal-hazırda qənaətbəxş olmasa da, müsbətə doğru irəlilədiyini düşünürəm. Əsasən də, xarici universitetlərlə qurulan əməkdaşlıqlar çox mühümdür.

-Oxuduğun universitetdə xarici tələbələr çoxluq təşkil edirmi? Hansı  ölkələrdən gələnlər daha artıqdır?

-Polşanın hər yerində olduğu kimi burada da Ukraynalı tələbələr üstünlük təşkil edir. Daha sonra Mərkəzi Asiya ölkələrindən-Qazaxıstan, Özbəkistandan gələn tələbələr çoxdur.

 -Polşa səndə  nələri dəyişdi? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsən?

-Polşa məndə çox şeyi ümumiyyətlə, həyat tərzimi dəyişdi. Xaricdə yaşamaq özü-özlüyündə bir “challenge”dir. Nə qədər çətinliklər qarşısınıza  çıxsa,  bir o qədər də onlardan sizə müəyyən  xüsusiyyətlər  qalır. Polşanın fərqli xüsusiyyətləri kimi, daha dindar - bununla əlaqədar, insanların daha mehriban, ailə dəyərlərinə sadiq qalmaları- olmasıdır. Burada  pulsuz səhiyyə və yaşlı əhalinin cəmiyyətdə çoxluq təşkil etməsi,  ən əsası digər Avropa ölkələrindən dəfələrlə ucuz olmasını deyə bilərəm.

-Bir sıra layihələrin iştirakçısısan, onunla bağlı  nə deyə bilərsən?

-Universitetdə oxuduğum zaman  I kursun sonunda AIESEC təşkilatı vasitəsi ilə Bosniya və Hersoqovinada 2 aylıq Marketinq təcrübə proqramında iştirak etmişəm. Daha sonra AİESEC təşkilatında 2 il fəaliyyət göstərmişəm. Bu müddətdə daxili və xarici tələbələrin iştirak etdiyi layihələrdə təşkilatçılıq etmişəm. 2-ci kursda 2D animasiya şirkətində Marketinq  menecer  assistantda  2 aylıq fəaliyyət göstərmişəm. Bu müddətdə Almaniyada 10 günlük beynəlxalq tələbə festivalında iştirak etmişəm. Universitetin son kursunda  Qazaxıstanda Astana-EXPO-da bir  ay könüllü olmuşam. Magistr təhsilimin ilk  kursunun sonunda Yunanıstanda 2 aylıq Erasmus “traineeship” keçmişəm. Bu ilin oktyabrında Türkiyədə bir həftəlik Erasmus layihəsində iştirak etmişəm.

-Bəs, gələcək üçün nə kimi planların var?

-O da mənə qalsın...

-Hazırda magistr təhsili alırsan,  doktoranturada oxumaq   barəsində düşünürsən?

 -Doktorantura  təhsil  almağıma əmin deyiləm. Bəlkə də gələcəkdə düşünərəm.

-Polşa dövlətinin orta aylıq maaşı və tələbə təqaüdləri nə qədərdir?

- Polşada bildiyimə görə,  minimum maaş 1000 AZN, orta aylıq maaş  isə 2000 AZN civarındadır. Tələbə təqaüdləri də 700 manatdan başlayır. 

-Bir Polşanı gənc asudə vaxtlarını necə dəyərləndirir?

-Polşalı gənc həftəsonunu çox güman ki, “pub” da keçirər.  Onlar  boş zamanlarında hansısa bir Avropa ölkəsinə səyahət edər. Qeyd etdiklərim isə əksəriyyətdir.

 

-Polşada təhsil aldığın zaman başına gələn maraqlı hadisələrdən danışa bilərsən?

-Polşada  xarici olduğumu  anlamırlar.  Burada   mənimlə polyak dilində ünsiyyətə başlayırlar. Xüsusilə yaşlı nəsil çox kommunikativdir. Marketdə hər hansı bir şey   alanda məsləhət almağa çalışırlar, bacardığım qədər danışmağa çalışıram. 

-Azərbaycanla müqayisədə yaşam tərzində cəmiyyətin fikrində hansı dəyişiklikləri gördün?

-Müqayisəolunmazdır. Burada hamı öz işi ilə məşğuldur və təbəqələşmə aşağı səviyyədədir. 

 -Xaricdə təhsil almaq istəyən  gənc həmyerlilərimizə  nə tövsiyə edərdin?

-Əgər bu haqda düşünürsüzsə mütləq həyata keçirməyə çalışın. Xüsusilə, Avropa şanslar ilə doludur. Kifayət qədər bilik, təcrübə və xarici dil biliyiniz varsa, haradasa sizə uyğun universitet, ixtisas, təqaüd proqramı vardır.

-Sonda əlavə etmək istədiklərin...

-Hamıya uğurlar...

Günel Yaşarqızı
Müəllifin digər yazıları