Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 13:00:44
“Burada müəllimlər 3,5 milyondan çox maaş alırlar”- Cənubi Koreyada oxuyan soydaşımız-MÜSAHİBƏ  

AzEdu.az  daim xaricdə  təhsil alanların  təcrübələrini  gənclərlə  bölüşür.

Bu dəfə Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetinin  magistr pilləsinin məzunu olan Nurlana Məmmədova ilə müsahibəni təqdim edirik:

-Nurlana, öncə səni  yaxından tanıyaq: Orta təhsilini  harada almısan?

-1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 287 saylı Zəkalar liseyində almışam. 2009-cu ildə Bakı Dövlət Universitetinin   Koreya dili üzrə Regionşünaslıq  fakültəsinə   qəbul olunmuşam. 2013-cü ildə bakalavr təhsilimi başa vurduqdan sonra  sənədlərimi hazırlayıb Koreya Respublikasındakı  Hankuk Xarici Dillər Universitetinə göndərdim. Hal-hazırda Hankuk Xarici Dillər Universitetinin magistr pilləsində təhsili başa vurmuşam.

-Cənubi Koreyaya oxumaq üçün getdiyiniz ilk zamanlarda hansı çətinlikləri gördün? Mühit, dil fərqi  necə təsir etdi?

-Cənubi  Koreyaya  oxumaq üçün getdiyim  ilk  zamanlarda ailədən uzaq qalmaq çətin idi. Amma zaman keçdikcə alışdım. Koreyada magistr təhsilimə başlamadan öncə, 1 il müddətində Dejon şəhərində yerləşən “Chungnam National University” də dil hazırlığı keçdim. Dil  hazırlıq kursu  mənim üçün təcrübələrlə keçdi. Paytaxt Seulun sakinləri ilə yanaşı ikinci böyük şəhər sayılan Dejonun əhalisini və oranın ətraf mühitini tanimaqda çox böyük rolu oldu. Artıq cənubi koreyalıların həyat tərzini yaxından tanımış oldum. Xarici dili  bildiyim üçün demək olar ki, çətinliyim olmamışdı. 

-Bəzən, ailələr qız övladlarının xaricdə təhsil almasına məhdudiyyətlər qoyur. Bəs, valideynləriniz  xaricdə təhsil almağınıza qarşı çıxdılar?

-Ölkənin uzaq olması səbəbindən əvvəl ailəm  Cənubi  Koreyaya   getməyimə qarşı çıxdı. Amma təhsilin önəmli olduğunu və belə bir şansı qaçırmağın pis fikir olduğu qənaətinə gəlib etiraz etmək yerinə dəstək oldular.

-Niyə məhz  Cənubi  Koreyada ali təhsil almağa qərar verdin? Hansı özəllikləri diqqətini çəkdi?

-BDU-nun Koreya  dili  üzrə regionşünaslıq fakültəsinə qəbul olduğum üçün bu ölkənin mədəniyyətinə və dilinə yiyələnmək əsas məqsədim olub. Ona görə də elə məhz  Cənubi Koreyanı seçdim.

-Azərbaycanda bakalavr pilləsində təhsil almısan. Cənubi Koreyada daxil olduğun universitetlə Azərbaycandakı ali təhsil müəssisələri arasında nə kimi  fərqləri müşahidə etdin?

-Azərbaycan və Cənubi  Koreyanın təhsil sistemi bir-birindən fərqli olması ilk vaxtlarda  çətinlik yaratsa da, tələbə yoldaşlarımın və müəllimlərin də dəstəyi ilə öhdəsindən  gəlməyi bacardım. Cənubi Koreyada magistr dərəcəsində təhsil aldığım  üçün  vurğulaya bilərəm ki, Azərbaycan   universitetlərindən  fərqli olaraq mühazirələr keçirilmir. Burada dərslərin çox hissəsi müəllim və tələbə müzakirəsi üzərində qurulur, öncədən verilmiş mövzuya  hazırlaşmaqla  fikirlər irəli sürülür. Semestr sonunda isə professorun tapşırığı ilə report yazmaq və ya  yenə də müəllimin qərarına əsasən imtahan keçirilir. 

-Cənubi Koreya universitetinə qəbul olmaq üçün hansı proseduralardan keçdiniz? Qəbul üçün lazım olan sənədlər nədir?

-Burada  illərə görə qəbul şərtləri fərqli ola bilər. Cənubi Koreya dövlətinin təşkil etdiyi təqaüd proqramına qəbul olma şansını artırma yollarından biri Koreya dilində təcrümeyi-hal (self production) və oxuma məqsədini(study plan) aydın şəkildə yazmaq vacibdir. Digər proseduraları isə NİİED yəni koreya dövlət proqramının saytından öyrənmək mümkündür. 

- Orada təhsil almağın başqa nə kimi  perspektivləri var?

-Cənubi Koreya inkişaf etmiş ölkələr sırasına daxil olduğu üçün bu irəliləyiş təhsilin keyfiyyətinə də təsir etməkdədir. Burada  oxumaqla siz demək olar ki, dünyanın təhsil sahəsində ən  güclü  dövlətlərinin birində  oxumuş olursunuz. Həm də  öz ölkənizin inkişafında və iki dövlət arasında əlaqələrin güclənməsində yardımçı olursunuz. Burada  təhsil almaqla  özünüzün  gələcəkdə mühüm    mövqe tutmağınızda  kömək olacaq. 

-Cənubi Koreyada xarici tələbələrə iş izni verilirmi?

-Bəli, iş izni verilir.  Cənubi Koreyada xüsusilə xaricilər üçün viza vermək şərti  ilə iş imkanlarından istifadə edilir. 

-Magistr təhsil pilləsini bitirmisən. Bəs, doktorantura təhsili almağı düşünürsən?

-Doktorantura barədə düşüncəm olsa da, bu ölkənin Cənubi Koreya olacağından əmin deyiləm. 

-Azərbaycan təhsilindən danışaq. Səncə, təhsilimizin durumu necədir?

-Hazırda ölkəmizin təhsil sistemi ürəkaçan olmasa da ümid edirəm ki, bu belə qalmayacaq. Dünyanın müxtəlif ölkələrində təhsil almış bilik və bacarığı ilə seçilən, nəinki xaricdə eləcə də ölkəmizdə təhsil alan, bacarıqlı gənclərin  fəaliyyətinə  dövlətimiz  dəstək çıxsa,  biz gənclər üçün də böyük stimul olardı.

-Universitetdə keçdiyiniz dərs sistemini təsvir edərdin...

- Burada hər semestr başlanğıcında onlayn dərs cədvəli qurulur. Dərs cədvəllərində müxtəlif fənlər və o fənlərin hansı professor tərəfindən keçiriləcəyi, dərs planına nələr daxil olduğuna dair məlumatlar qeyd olunur. Verilmiş  zaman müddətində istədiyimiz dərsləri seçirik. Daha sonra həftənin müəyyən günlərində seçdiyimiz dərslərə hazırlıq görürük. Bu da müəllimin həmin onlayn sistemə qoyduğu tapşırıqlara əməl etməklə həyata keçirilir. Əgər hansısa  materiallardan istifadə olunacaqsa, onlayn  sistemə yazılır və tələbələr də dərsə  o şəkildə hazırlaşıb gəlir.

-Orada tələbələr daha çox hansı ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər?

-Cənubi Koreyada tələbələr daha çox İT, kompüter mühəndisliyi kimi texniki sahəyə maraq göstərirlər.

Cənubi Koreya dövləti təhsilə çox önəm verir. Burada hələ uşaqlar bağça yaşlarından etibarən,  dil kurslarına və müxtəlif  “aktivivitilərə” göndərməyə başlayırlar. Ölkədə ona görə də təhsil sahəsində rəqabət güclənir, valideynlər də çalışırlar ki,  övladlarını səviyyəli və məşhur universitetlərdə oxutsunlar. Bunun üçün isə uşaqlar ağır dərs sistemi ilə yüklənmiş olurlar və orta məktəbdən etibarən gecə saatlarına qədər məktəbdə gecələyirlər. Bu sistem bir qədər koreyalıları yorsa  da onlar gələcəkləri üçün oxumaqdan  imtina etmirlər. Bunun səbəbi də onların yüksək mövqe tutmaq istəyi və iqtisadi cəhətdən də çoxlu gəlir əldə etməyidir. Cənubi Koreya başqa sərvətlərə malik olmadığı üçün yalnız təhsil sayəsində  yaxşı gələcək qurmağa çalışırlar.

-Cənubi Koreyada hansı dildə təhsil daha rahatdır?

-Koreyada ingilis və  Koreya dillərində təhsil almaq mümkündür. Amma üstünlük daha çox Koreya dilinə verilir.

-Orada bir tələbənin aylıq xərcləri orta hesabla nə qədər olur?

-Dövlət təqaüd proqramı bir tələbənin aylıq xərclərini hesablayaraq 900.000 vona(təxmini 1000$)yaxın təqaüd verirdi. Əgər topik imtahanından da  6-cı səviyyə əldə edilərsə o zaman 100.000 von da əlavə olunur. 

-Cənubi Koreya universitetləri hansı beynəlxalq imtahan nəticələrini qəbul edir?

-Dünya ölkələrində olduğu kimi  Cənubu Koreyada da IELTS və Koreya dil səviyyəsi imtahanı olan (TOPİK) imtahanından alınan sertifikata  önəm verilir.

 - Oradakı yaşam şərtləri necədir: - qida, nəqliyyat eləcə də əcnəbilərə münasibət?

-Cənubi Koreyanın təbiəti çox gözəldir . Burada 4 fəsildən ən çox yaz və payız ayları möhtəşəm görüntülü olur. İnsanlar xüsusilə məhz bu fəsillərdə ölkə daxili  səyahətə  çıxır. Dövlət də turistləri cəlb etmək  məqsədi ilə  müxtəlif festivallar keçirir. Qışı çox sərt keçir, yay ayları bir qədər isti olsa da iyulun ayının sonu avqustun ortalarına qədər musson yağışı səbəbi ilə havalar rütubətli keçir.

Milli xörəkləri isə alışmadığımız dadlar olduğuna görə bir müddət çətinlik yaradır.  Zaman keçdikcə yemək mədəniyyətini mənimsəyib onlar kimi iştahlı yeməyə başlayırıq.

-Azərbaycanla müqayisədə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqləri gördünüz?

-Azərbaycanla  Cənubi Koreyanın adət-ənənələrində olan oxşarlıqlar bizi bir-birimizə daha da yaxınlaşdırır.  Əslində, böyüyə olan hörmət, Avropadan fərqli olaraq ailədə sərbəstlik olmaması, övladların hər zaman ailələrinə bağlı olması kimi cəhətləri saymaq olar.

Cənubi Koreya  hazırda dəyişməkdə olan cəmiyyətdir. Buna səbəb kimi Amerika, Avropa ilə  olan münasibətlər və ölkədə xeyli sayda əcnəbinin yaşaması və onların sabitləşmiş düşüncləridir. Bu, onların təkmillətli dövlət olmağından çıxaraq, müxtəlif mədəniyyətli xalqların birgə yaşadığı dövlətə çevrilməsinə gətirib çıxarıb.

-Cənubi Koreyalılar, ümumiyyətlə bizim ölkəni tanıyırmı? Tanıyırlarsa,  necə tanıyırlar?

-Cənubi Koreyalılar Azərbaycanı tanımasalar da son zamanlar  orada təhsil alan, yaşayan tələbələr və Koreyadakı Azərbaycan Səfirliyinin təbliğatı sayəsində ölkəmiz tanınmaqdadır.

-Orada kitabxanaların fəaliyyəti necədir?

- Cənubi Koreyada kitabxanalar onlayn sistem vasitəsilə idarə olunur. Universitetlərdə tələbələr üçün yaradılan şərait çox rahat və əlverişlidir.  Burada günün 24 saatı  açıq olan və hər cür texnika ilə təmin olunan oxu zalları tələbələrin istifadəsindədir. 

-Bir  az  Cənubi Koreyalı gənclərdən danışaq. Boş vaxtlarını necə dəyərləndirirlər?

-Cənubi Koreyalılar ümumiyyətlə, çox məşğul həyat tərzi keçirirlər. Burada hər hansı insandan sorğu keçirsəniz, görərsiniz ki, mütləq ya işdən ya da dərsdən sonra ingilis dili kursuna gedirlər, kimi iş , kimi  də səyahət etmək üçün öyrənir. İngilis dilində  danışa bilmək onlar üçün çox böyük bacarıq sayılır. Universitet tələbələri dərslərdən əlavə müxtəlif dərnəklərə yazılır  və sosial fəaliyyətlərdə iştirak edirlər.

-Orada  vətəndaşların orta aylıq maaşı və tələbə təqaüdləri nə qədərdir?

-Cənubi Koreyada  orta aylıq maaş bildiyim qədəri ilə 1500 dollara yaxındır. Həkimlərin aylıq maaşı 15,7 milyon von (14min dollara yaxin)  yeni müəllimliyə  başlayanlar  2,508. 000 von(2227 dollar) 10illik müəllimlər maaşı  isə 3. 717. 875 (3300dollar) von-dur .

Cənubi Koreya sizdə nələri dəyişdi? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsiniz?

-Cənubi Koreya  dünyaya olan baxışımı, düşüncələrimi dəyişdi.  Çətinliklərimin  öhdəsindən təkbaşına  gəlməyi və imtina etməməyi öyrətdi. Fərqliliyi ondan ibarətdir ki, koreyalılar artıq kapitalist bir ölkədə yaşadıqlarına görə qarşılıqsız kömək göstərdiyinizdə sizə təəccüblə qarşılayır, kömək etdiyiniz təqdirdə mütləq əvəzində sizi nədəsə məmnun etməyə çalışırlar.

-Xaricdə oxumaq istəyən həmyerlilərimizə  nə tövsiyə edərdiniz?

-Xaricdə oxuyan tələbələrə həmişə qarşılarına qoyduğu məqsədə çatmaqlarını, nə qədər çətinliklərlə qarşılaşsalarda imtina etməməyi, başladıqları  yollarda əmin addımlarla yürüməyi  məsləhət edirəm. Onlara gələcəkdə etdiyi seçimdə nə qədər haqlı olduqlarını görüb özləri ilə  fəxr etmələrini tövsiyə edirəm.

-Sonda əlavə etmək istədikləriniz...

-Sonda isə,  Nelson Mandelanin sözləri ilə  bitirmək istərdim: “Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir”, ona görə də təhsilin gücünü unutmayaq və daima öz üzərimizdə işləyək, çünki bu bizim əlimizdədir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları