Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 14:25:00
Magistraturada ən aşağı nəticəli  ixtisaslar, imtahana gəlməyənlər – Birillik kəskin fərq

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə magistratura imtahanlarının vaxtını açıqlayıb.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək.

Bu il magistraturaya keçirilən qəbul imtahanlarında ötən illə müqayisədə maraqlı statistik göstəricilər qeydə alınıb.

AzEdu.az DİM-in rəsmi saytına istinadən builki magistraturaya qəbul imtahanlarıyla bağlı müəyyən statistik göstəriciləri və həmin göstəricilərin 2017-ci ildə keçirilən analoji imtahanla müqayisəsinə aid bəzi məlumatları təqdim edir:

Bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı  12.387 nəfər olub. Ötən ilə isə 13.081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrlardan 109 nəfər, bu il isə 146 nəfər imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu rəqəm dəfələrlə artıq  1.695 nəfər idi.

Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 57.99 faizi (7523 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 49.73 faizə (6087 nəfər) bərabər olub. Həmçinin bu il  41 və daha yuxarı bal toplayanların faizi 77.67 (9508 nəfər), ötən il isə müvafiq göstərici 81.64 faiz (10591 nəfər) olub.

Bu il ümumilikdə 2.733 nəfər (22.33 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə müvafiq göstərici 2.381 nəfər (18.35 faiz) idi.

Bu il magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.  Belə ki, ayrılan 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılan plan yerlərinin dolma göstəriciləri fərqlidir. Məsələn, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılan plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalıb.

Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb.

2019-cu ildə keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil üzrə test blokunda imtahan iştirakçılarının xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

"Magistr” jurnalının 2019-cu il tarixli 2-ci nömrəsində də tanış ola biləcəksiniz.

Dinləyib-anlama blokuna aid nümunə audiofayllar və test tapşırıqları DİM-in internet saytında yerləşdiriləcək. Magistraturaya qəbul imtahanına hazırlaşanlar həmin materiallar əsasında öz dinləyib-anlama bacarıqlarını yoxlaya bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları