Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 13:59:00
Avropa və ABŞ məktəblərində istedadlı şagirdləri kəşf etmək üçün maraqlı metodlar – Tətbiqi vacib üsullar  

Orta məktəblərin hərtərəfli şəxsiyyət yetişdirəcək durumda olmadığını, yüksək bal toplayanların isə özəl lisey və ya repetitorların köməyindən yararlandığını deyənlər az deyil. Çoxları bunun səbəbini ailədəki natamamlıqda görsə də, bəziləri yaradıcılıq tələb edən fənlərin yetərincə tədris olunmamasını əsas gətirir.

Bəs, yaradıcılıq tələb edən, şagirdin xüsusi istedadının kəşfində mühüm rol oynayan Təsviri İncəsənət, Musiqi kimi fənlərin tədrisi şagirdin uğurlarına necə təsir edir? Onların yetərincə tədris olunmaması, hətta bəzən həmin dərs saatlarında müəllimlərin əsas hesab etdikləri digər fənləri keçməsi nəticəsində məktəb nələri itirir?

Şagirdlərin müəllimlə ünsiyyəti zamanı onun aktyorluq bacarığını belə qiymətləndirən dünya təcrübəsi…

AzEdu.az bildirir ki, məktəbin uğurları üçün müəllimlərin yalnız yaxşı dərs keçməsi  kifayət deyil. Məktəbdə həm də şagirdlərə liderlik bacarıqları aşılayan, yaradıcı mühit şərtdir. Bu mühitin yaradılmasında isə yaradıcı əmək tələb edən, incəsənətlə bağlı dərslərin tədrisi mühüm rol oynayır.

Dünya ölkələrində belə fənlərin tədrisinə xüsusi önəm verilir. Hətta Almaniya orta məktəblərində şagirdlərin müəllimlə ünsiyyəti zamanı aktyorluq bacarıqları da qiymətləndirilir. Mütəxəssislər düşünür ki, bu, şagirdin hislərini qarşı tərəfə lazımi formada çatdıra bilməsi üçün önəmlidir. Burada teatr fənni praktiki şəkildə ayrıca tədris edilir.

Yaradıcı fənlərin verdiyi üstünlüklər

Üstəlik, sənətlə məşğul olan şagirdlərin Xarici dil, Coğrafiya və Riyaziyyat fənlərini daha yaxşı qavaradıqları məlum olub. Araşdırmalara görə musiqi, rəsm, teatr, heykəltəraşlıq kimi sahələrlə məşğul olan şagirdlər imtahanlarda daha yüksək nəticə göstərirlər. Bu fənlər həm də şagirdi standart insan olmaqdan çıxarır, onun fərdi xarakterini formalaşdıraraq maraqlı və dərin düşüncəli insan tipajı yaradır. Bütün bunları nəzərə alsaq, yalnız nəzəri formada, üstəlik az miqdarda keçirilən yaradıcı fənlərin şagirdlərə vurduğu zərər aydın olar. Azərbaycanda bu fənlərin az miqdarda, üstəlik sırf nəzəri formada keçirilməsi şagirdlər onlardan daha da soyudur.

Mühafizə sistemini ləğv edib, yaradıcılığa yönələrək reform keçən Amerika məktəbi…

Mövzu ilə bağlı xarici təcrübədən bir məktəbin reformasiyasını misal gətirək. Söhbət Amerikada Massaçuestdəki Orchard Gardens orta məkətbindən gedir. Hələ 10 il əvvəl bu məktəb heç bir irəliləyiş olmaması, ənənəvi tədris sistemi ilə kifayətlənməsi, şagirdlərinin özgüvənsiziyi ilə məşhur idi. Hətta həmin əyalətdəki ən problemli məktəblərdən  biri kimi tanınırdı. Məktəb fəaliyyətə başladığı ilk 7 il ərzində 5 direktor dəyişmişdi. Hətta yaz tətilindən sonra müəllimlərin bəziləri məktəbə qayıtmırdı. Məktəb imtahan ballarına görə, ən zəif nəticə göstərən orta təhsil müəssisələri arasında idi. Buranı tərk edən şagirdlərin sayı da az deyildi. Şagirdlərin çantada silah daşımalarından qorxduqları üçün məktəbə çanta ilə gəlmək qadağan edilmişdi. Bu məsələni nəzarətdə saxlamaq üçün isə ildə 250 000 dollardan çox büdcə sərf edərək böyük bir mühafizə dəstəsi saxlayırdılar.

Bütün  bunlar bir həbsxananı xatırlada bilər, amma söhbət orta təhsil müəssisəsindən gedir…

Məktəbin altıncı direktoru Andrev Bottun vəzifəyə keçməsindən sonra isə vəziyyət tam dəyişdi. O, problemi zor gücünə deyil, yaradıcı vasitələrlə həll etməyə başladı. Vəzifəyə gəlməzdən öncə çoxları ona bu məktəbin ən intizamsız təhsil müəssisələrindən biri olduğunu, bu qərarı verməklə karyerasını bitirə biləcəyini desə də, Bott qərarından dönmədi. Rəhbərliyə gəldiyi ilk günlərdə məktəbin həbsxananı xatırlatdığını, nəinki şagird, müəllimlərin belə işə həvəssiz yanaşdığını etiraf edən Bott qapıdakı sərt mühafizə sistemini ləğv etməyə və məktəbdə xüsusi sənət proqramlarını tətbiq etməyə başladı.

Sonradan Barak Obamanın Sənət və Bacarıqlar Komitəsi tətbiq olunan yenilikləri nəzərə alaraq bu təhsil müəssisəsini səkkiz pilot məktəbdən biri seçdi. Bunu yüksək dəyərləndirən direktor müəllim heyətinin 80 %-ni incəsənətin müxtəlif sahələrində titulu olan və məktəbin gələcəyinə inanan kadrlarla dəyişdi. Artıq məktəbə ümidsiz gəlib işini yola verən müəllimlər də burada çalışmırdılar. Beləliklə, məktəb sıfırdan inkişaf etməyə başladı. Yaradıcılıq tələb edən fənlərin bu formada tədrisi isə şagirdlərdə artıq bu həddə çatan aqressiyanı tamamilə aradan qaldırdı.

Yeni dəyişikliklərə əsasən, məktəbdə dərs saatları artırıldı. Məktəb üçün instrumental musiqi alətlərindən ibarət otaq ayrıldı və müxtəlif ifaçılar bura dəvət edilir. Keçirilən sənət dərsləri şagirdlərin öyrənmək istəyini artırdı. Az müddətdə məktəb divarlarını şagirdlərin sənət əsərləri bəzəməyə başladı və bu, onları daha da həvəsləndirən ortamın yaradılmasına şərait yaratdı. 

Amerikalı məktəb direktoru Bott sonradan mediaya verdiyi açıqlamaların birində bildirir ki, məktəbin problemi şagirdlər deyil, onların yanlış istiqamətləndirilməsi idi:

“Mənim işim yalnız düzgün istiqamət seçmək oldu. İncəsənətin tədrisinə vəsait ayırmaq üçün mühafizə sistemini ləğv etmək öncə çoxlarına ağılsızlıq kimi gəlmişdi. Amma nəticələr özünü doğrultdu”.

Bu məktəbin təcrübəsindən aydın olur ki, yaradıcılıq və zehni əməyin inteqrasiyası şagirdləri öyrənməyə daha da həvəsləndirir. Amma təcrübi şəkildə və kifayət qədər tədris olunmaq şərti ilə…

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları