Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 08:55:00
Universiteti bitirən hər 4 məzundan biri işsizdir

Araşdırmalara əsasən, Türkiyə təhsilə ən çox maliyyə yatıran ölkələr siyahısında olsa da, bu sahədə ciddi boşluqlar var.  Xüsusilə də özəl məktəblərlə dövlət statusu olan məktəblər arasında təhsil keyfiyyəti baxımından ciddi fərqlər müşahidə olunur.

AzEDU xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin də üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hər il nəşr etdiyi "Təhsilə Baxış" (Education at a Glance) hesabatına görə, Türkiyədə ali təhsil alan hər dörd məzundan biri iş tapa bilmir.

Tədqiqata əsasən, Türkiyədə universitet məzunlarının 25 faizi işsiz olduğu halda, lisey məzunları arasında işsizlik nisbəti 38 faiz, lisey diplomu olmayanlarda isə 49 faizdir.

Türkiyədə biznes və hüquq məzunları iş tapa bilmirlər

Türkiyədə biznesin idarə olunması və hüquq sahələrində ali təhsil alanlar digər ixtisas məzunlarına nisbətlə daha az iş tapa bilirlər. Bu ixtisasa sahiblənənlərin yalnız 63% -i öz ixtisaslarına uyğun işlə təmin olunurlar.

Universiteti bitirdikdən sonra ən rahat iş tapanlar isə mühəndislik, inşaat və tibb məzunlarıdır. Bu ixtisaslara yiyələnənlərin 78 faizi işlə təmin olunurlar.

Bundan əlavə, məzun olduqdan sonra iş imkanları məhdudlaşanlar arasında incəsənət, humanitar, sosial elmlər və jurnalistika məzunları da var. Onların işsizlik səviyyəsi 35 faizdən çoxdur.