Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 09:20:00
Təhsilimizə yenilik gətirəcək hüquqi qərarlar,  qızıl medalın xəyal qırıntıları – Ötən həftənin təhsil icmalı

 AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız  günlərdə  təhsil sahəsində  nələrin baş verdiyinə  qısa nəzər  salaq:

Milli Məclis “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlayıb

Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.

Qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

 Respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib

Geridə buraxdığımız günlərdə “Xəzər” Universitetində respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib.  Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti və Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Milli Məclisin deputatları, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçiləri iştirak ediblər.

 

Şagirdlər Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məktəbli formalarını geyəcəklər

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən  iclasında müzakirəyə çıxarılıb. Komitə sədri İsa Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq – Yenilik

Azərbaycanda ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

 

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlara nümunəvi attestat veriləcək

Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək.

Bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin  keçirilən iclasında müzakirəyə çıxarılan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Yeni qanun layihəsinə əsasən, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.

Komitə sədri İsa Həbibbəyli bildirib ki, indiyə qədər təhsilini başa vurmayan şəxslər sənəd ala bilmirdilər, lakin yeni qanun layihəsinə əsasən, həmin şəxslərə hansı sinifə qədər təhsil aldığı barədə sənəd veriləcək

 

Təhsildə nailiyyətləri ilə fərqlənənlərə  pul mükafatı veriləcək

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Bu barədə məsələ yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər

Nizaminin əsərlərinin əlyazma nüsxəsinin sürətini Azərbaycana gətirdilər

Akademik Teymur Kərimli Nizami Gəncəvi əsərlərinin nadir əlyazma nüsxəsinin sürətini Azərbaycana gətirib.

Məlum olduğu kimi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli geridə buraxdığımız günlərdə “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyə Respublikasında elmi ezamiyyətdə olub.

Türkiyə Cümhuriyyətinin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də tanışlıq imkanı qazanıb. Akademik kitabxananın müdiri Menderes Velioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib.

 Prezident Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkminləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əliyeva Mədinə Talış qızı

Həsənova Sənübər Abdulqafar qızı

Quliyev Oruc İslam oğlu

Musayeva Xalidə Məmmədəli qızı.

 Təhsil Nazirliyi bu şirkətlə 3 illik müqavilə imzaladı

Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə çıxış edən Ceyhun Bayramov son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın elmin inkişafına daha da təkan verəcəyini, ali təhsilin digər komponentləri ilə yanaşı, universitetlərin elmi fəaliyyətinin modernləşdirilməsi baxımından müstəsna rol oynayacağını vurğulayıb.

2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan təhsil naziri bildirib ki, nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib. “Clarivate Analytics” ilə əməkdaşlığın artıq müsbət nəticələr verdiyini deyən Ceyhun Bayramov diqqətə çatdırıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science®” elmi bazasında 2017-ci ildə 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science®” bazasında indeksləşdirilmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb.

Nazir “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirib. Həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının, ölkəmizin “Web of Science®” bazasında cari durumuna dair şirkət tərəfindən ildə iki dəfə əhatəli hesabatın hazırlanmasını təklif edib.

 Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib.

Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.

Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.

 

Latviyada Azərbaycan dilinin tədrisi mərkəzi açıldı

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkəmizin Latviyadakı səfirliyi və Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan diaspor cəmiyyəti tərəfindən bu ölkədə yaşayan azərbaycanlı icmasının gənc üzvləri arasında ana dilinin qorunub saxlanması və təkmilləşdirilməsi, həmçinin Azərbaycan dilinin yerli və əcnəbi vətəndaşlar üçün xarici dil olaraq tədrisinə qərar verilib.

 Bu məqsədlə “Ocaq” cəmiyyətinin nəzdində Azərbaycan dilinin tədrisi məktəbi açılıb.

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilən müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov bildirib ki, orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb.

“Müzakirələrdən sonra plenar iclasa tövsiyə edilən sənədin yekun variantında  orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa öz əksini tapmayıb. Qanun layihəsinə təkliflərini vermək istəyən hər bir təhsil eksperti, ictimaiyyət nümayəndələri, müəllimlərin təkliflərinə hər zaman açığıq. Həmin təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin İşçi qrupu tərəfindən dəyərləndiriləcək və daha sonra isə məqbul hesab edilən təkliflər qanun  layihəsində öz əksini tapacaq”. 

Təhsil naziri keçmiş mətbuat katibinə vəzifə verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri Arzu Tahirquliyeva-Nağıyevaya yenidən BŞTİ-də yüksək vəzifə verilib.

 Təhsil Nazirinin əmri ilə, Arzu Tahirquliyeva-Nağıyeva həmin idarənin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Məktəbəhazırlıq müəllimləri imtahan verib 

Dekabrın 8-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib.

İmtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

 Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Təhsil naziri Avropa İttifaqının Şərq Tərəfdaşlığının illik konfransında iştirak edib

Təhsil naziri Ceyhun Bayramov 7 dekabr tarixində Vyana şəhərində keçirilən “Daha güclü cəmiyyət üçün daha güclü iqtisadiyyat – davamlı inkişaf üçün insan resurslarına investisiya” adlı Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransda iştirak edib.

Konfransdan öncə təhsil naziri Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı cənab Yohannes Han və Avstriyanın Xarici işlər, Avropa və İnteqrasiya məsələləri üzrə federal naziri xanım Karin Kneissl ilə görüşüb. Görüş zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində mövcud alətlərdən Şərq Tərəfdaşlığına üzv ölkələrdə təhsilin inkişafı naminə istifadə imkanları müzakirə edilib. Ceyhun Bayramov Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda təhsil sahəsində layihələrin həyata keçirildiyini vurğulayıb. Nazir görüş iştirakçılarına “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.

İnklüziv təhsillə bağlı tədqiqat nəticələrinə dair hesabatın təqdimatı olub

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində aparılmış tədqiqatın nəticələrinin təqdimatı olub.

“Regional İnkişaf” İctimai Birliyindən  verilən məlumata görə, Azərbaycan Dövlət Pedoqoji Universitetində təşkil olunmuş tədbirdə Bakı şəhəri, Quba, Şəki, Ağcabədi, Şamaxı və Cəlilabad rayonlarında əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb edilməsindəki vəziyyət və mövcud imkanlar barədə məlumat verilib.

Tədqiqatın nəticələri həmin şəhər və rayonlarda fokus qruplarla müzakirə və sorğular keçirilməklə, eləcə də müsahibə yolu ilə əldə olunub. Araşdırma prosesinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti və tələbələri, orta məktəb müəllimləri, psixoloqlar, məktəb rəhbərləri və valideynlər cəlb edilib.

RİİB, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, UNİCEF Azərbaycan, Təhsil İşçilərinin Peşəkar İnstitutunun nümayəndələri, mütəxəssislər və müəllimlərin iştirakı ilə keçən tədbirdə inklüziv təhsil sahəsində çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər toplanıb.

Tədqiqatın nəticələrinin layihənin həyata keçirildiyi rayonlarda da təqdimatı nəzərdə tutulur.

Xatırladaq ki, layihə çərçivəsində inklüziv təhsil üzrə modullar hazırlanaraq ilkin pedaqoji, eyni zamanda ixtisasartırma təhsilinin standartlarına inteqrasiya edilməsi, bu sahədə qanunvericiliyin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı təkliflərin, tədris vəsaitləri və proqramlarının hazırlanması, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında İnklüziv Resurs mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Məktəbəhazırlıq müəllimləri üçün yekun qiymətləndirmə aparılıb 

Paytaxtdakı ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəllimi iştirak edib. Müəllimlər 40 dəqiqə ərzində iki variantdan ibarət 25 test sualını cavablandırıblar.

İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları təqdim olunacaq.

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları