Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 13:55:00
Məktəbəhazırlıq müəllimləri üçün yekun qiymətləndirmə aparılıb  

Paytaxtdakı ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəllimi iştirak edib. Müəllimlər 40 dəqiqə ərzində iki variantdan ibarət 25 test sualını cavablandırıblar.

İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.