Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 13:41:48
Dövlət qulluğuna yeni hazırlaşanlar üçün səmərəli üsul və düsturlar – Ekspertdən vacib tövsiyələr  

Dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı online (kompüter vasitəsilə), həm də yazılı formada həyata keçirilir.

Test imtahanında namizədlər Azərbaycan dili, qanunvericilik, məntiqi təfəkkür və informasiya texnologiyalarından imtahan verməlidirlər.

Bəs dövlət qulluğu üzrə imtahan verəcək namizədlər imtahana hazırlaşarkən nələrə diqqət yetirməlidirlər?

Vəkillər Kollegiyasının üzvü Vüqar Səfərli AzEdu.az-a açıqlaması zamanı hüquq karyerası ərzində keçdiyi imtahanlar barədə danışıb:

“Ən sonuncu verdiyim imtahandan, Vəkillər Kollegiyasının təşkil etdiyi müsabiqə və müsahibə mərhələsindən uğurla keçən namizədlərdən bir oldum və Kollegiyanın üzvü adını qazandım.

Dövlət qulluğuna hazırlaşan namizədlərə ən əsas və birinci şərt kimi səbirli olmağı tövsiyə edirəm. Dərsləri ardıcıllıq və sxematik formada oxumaları vacib şərtlərdən biridir. Zəruri qanunvericilik aktlarını isə mükəmməl bilməlidirlər”.

Vüqar Səfərlinin sözlərinə görə, imtahanlara hazırlaşan zaman birinci faktor sxematik dərs çalışma metodudur:

“Sxematik metod dedikdə dərsləri fəsil-fəsil çalışmaq, həmin fəsilləri oxuduqdan sonra onlara uyğun testləri etmək, sistemli şəkildə dərs oxumaq lazımdır.

Mən və mənlə çalışan insanlar imtahanlara hazırlaşanda dərsləri mənimsəyirdik, başımızı o qədər də çox ucdan-tutma məlumatlarla yükləmirdik. Sistemliliyi və ardıcıllığı hər zaman qoruyurduq. Eyni zamanda da səbirli idik. Bütün bu sadə düsturların nəticəsində uğurlu göstəricilərə nail olduq”.

Xatırladaq ki, test imtahanı inzibati vəzifələrin aşağıdakı qruplarına uyğun həyata keçirilir.

A növü – AA, AB, AC qrupları - inzibati rəhbər (idarəetmə) vəzifələr

B növü – BA,BB qrupu – inzibati icraçı vəzifələr

Test imtahanlarında qapalı, açıq və esse tipli tapşırıqlardan istifadə olunur.

Test imtahanında müəyyən olunmuş balı toplayan şəxslərə sertifikat verilir. Sertifikat 5 il müddətində qüvvədədir. Sertifikat şəxsin inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edir. Altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir. Şəxsə sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak hüququ verir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Ümumi müsahibədə hazırda dövlət qulluğunda çalışan və ya ümumilikdə 5 il qulluq stajı olan şəxslər iştirak edə bilər.

Daxili müsahibə müvafiq dövlət orqanında çalışan dövlət qulluqçularının qulluqda yüksəlişi məqsədilə həyata keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları