Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 10:00:00
Çoxdan gözlənilən yeniliklər, tədrisdə çox şeyi dəyişəcək qərarlar- Ötən həftənin təhsil icmalı

AzEdu.az   ötən   həftənin təhsil  icmalını təqdim edir:

Geridə buraxdığımız günlərdə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib

 Geridə buraxdığımız həftədə   Bakı Konqres Mərkəzində Azərbaycan Müəllimlərinin XV qurultayı keçirilib.

Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir. Qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

Direktor olmaq istəyənlərin imtahan nəticələri  AÇIQLANDI  

Noyabrın 23-də direktorların işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.

İnsan Resursları mərkəzindən  verilən məlumata görə, müsabiqənin imtahan mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifəyə daxil olaraq imtahan nəticələri ilə tanış ola bilərlər. Müsahibə mərhələsi ilə bağlı müvafiq məlumat isə yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, direktorların işə qəbul müsabiqəsinə 700-ə yaxın vakant yer çıxarılıb. Test mərhələsində sualların ən azı 40%-ni cavablayanlar müsahibə mərhələsinə buraxılacaq.

Gənc şairin şok ölüm səbəbi açıqlandı

Dostları gənc şair Şaiq Sadıqzadə intihar etməsinin səbəbini açıqladı.

AzEdu.az  məlumat verir ki, yaxın dostları yazıb: "Bu yaxınlarda öz maşını ilə başqa bir maşın toqquşdu, qarşıdakı maşında yaşlı kişi dünyasını dəyişdi.  Bu da ona qəbullanmadı ki, mən ölümə səbəb oldum. Gecə vaxtı özünü baxçada ağacdan asıb",- deyə mərhumun tanışı Səməd Mustafazadə sosial şəbəkədə qeyd edib.

Qeyd edəkki,əslən Kəlbəcərdən olan 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub. Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Azərbaycanın tanınmış alimi vəfat etdi

Ötən həftdə mineral xammalın kimyası və texnologiyası sahəsində tanınmış alim, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Mineral xammalın kompleks emalı şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Mübariz Məcid oğlu Əhmədov ömrünün 73-cü ilində vəfat etdi. Mübariz Əhmədov 1945-ci il noyabrın 4-də Qazax rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsində təhsil alıb, 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun əyani aspiranturasına daxil olub.

 

3 nəfərə “Əməkdar müəllim”  fəxri adı  verildi 

Ölkə başçısının sərəncamı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilib:

Kraynova Valentina Serqeyevna

Manafova Ülviyyə Azər qızı

Səttarova Səadət Qüdrət qızı.

 

Təhsil ictimaiyyətinə ağır itki - Əjdər Ağayev vəfat etdi

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri Əjdər Ağayev vəfat etdi.

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdu. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb (1955-1960).

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub (1965-1969). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə edib. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981).

 Allah rəhmət eləsin...

Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq - Qaydalar açıqlandı

Təhsil Nazirliyinin (TN) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

AzEdu.az Nazirlər Kabinetinin rəsmi saytına istionadən məlumat verir ki, bu məsələ “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili” qaydalarında öz əksini tapıb.

Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.

Hazırlıq qrupları qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.

 

Ali məktəblərdə yeni ixtisas tədris olunacaq

“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

Bu barədə qərar baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısına “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası (İxtisas şifri – XTB050110) əlavə edilib.

 

Azərbaycanda təhsil xərcləri artırıldı

Bununla bağlı Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, 2019-2020-ci tədris ilin başlayaraq ölkə üzrə ali təhsil alanlarla nisbətdə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.

 

Prezident Şərqşünaslıq İnstitutunun əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Əlibəyov İnqilab Vəlibəy oğlu

“Tərəqqi” medalı ilə

Abıyev Aydın Müstəcəb oğlu

Cəfərov Vilayət Abbasqulu oğlu

Həsənova Esmeralda Yusub qızı.

Rusiyada hava limanına böyük Azərbaycan aliminin adı verildi

Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 Qeyd edək ki, bir müddət əvvəl Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı keçirilən “Rusiyanın böyük adları” müsabiqəsində Surqut və Nijnevartovsk bölgəsində Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov liderlik edirdi.

ABŞ səfirliyi Kəlbəcər köçkünləri üçün ingilis dili kursları açdı

ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatları, Kəlbəcər rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri noyabrın 28 Gəncədə məskulaşan Kəlbəcər məcburi köçkünlər icmasından olan uşaqlar üçün ingilis dili kurslarının rəsmi açılışında iştirak ediblər.

Bu haqda AzEdu.az-a səfirlikdən məlumat verilib.

Sözügedən layihə 2019-cu ilin iyun ayına kimi davam edəcək. Eyni zamanda üç Kəlbəcər məktəbindən olan 45 məcburi köçkün tələbəyə ingilis dili bacarıqlarını inkişaf etməyə imkan yaradacaq.

Azərbaycanlı alim İpək yolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçilib

Çinin Fuçjou şəhərində İpək yolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) konqresi keçirilib.

Tədbirdə İpək yolu üzərində yerləşən Azərbaycan, Çin, Qazaxıstan, Kamboca, İsrail, Laos, Monqolustan, Belarus, Serbiya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzEdu.az-a bildiriblər ki, konqresdə ölkəmizi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini, dosent Nərgiz Əliyeva və elmi fond işləri üzrə direktor müavini, dosent Məhfuzə Zeynalova təmsil ediblər.

Konqresdə muzeylər arasında beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması barədə müzakirələr olub.

M.Zeynalova çıxış edərək təmsil etdiyi qurumun elmi fəaliyyətindən, müəssisədə eksponatların qorunub mühafizə olunması və bərpa texnologiyasından danışıb.

Sonra İBMA ilə konqresdə iştirak edən ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb, nizamnamə qəbul olunub. Bundan əlavə, 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə İBMA-nın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki olub. Akademik Nailə Vəlixanlı alyansın 9 vitse-prezidentindən biri seçilib.

 Yeni Dövlət Peşə Təhsil Mərkəzləri yaradıldı - QƏRAR 

 Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilib və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilərək onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilib və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilərək onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilib və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilərək onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilib və onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Bu qərarla yaradılan Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidir.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları