Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 10:51:00
ABŞ-da yaşayıb, başqa ölkədə distant   təhsil alan  xanım – “İndi dərsi kosmosdan da oxumaq olur”

AzEdu.az-ın müsahibi ABŞ-ın  Syracuse Universitetinin magistrantı Elnarə Məmmədovadır. Onunla əsasən, distant təhsil barəsində apardığımız söhbəti diqqətə çatdırırıq: 

-Hansı universitetdə distant  təhsil alırsınız?

-Mən Amerikada, Syracuse Universitetində, inklüziv təhsil üzrə magistr pilləsində oxuyuram. Təhsilim distant deyil, amma ixtisasımla bağlı bəzi əlavə dərsləri başqa universitetlərdən  distant şəkildə  alıram.  

-Distant təhsilin hansi üstünlükləri var? 

–Bundan əvvəlki vaxtla  hazırki  distant təhsil anlayışı arasında fərq var. Əvvəllər distant təhsil alan tələbə ilə müəllim arasında ünsiyyət məktub vasitəsiylə həyata keçirilirdi; tələbə dərs  ləvazimatları və təhsilinə aid materialları məktubla alırdı. İndi isə bütün proseslər onlayn baş verir. Alacağınız dərsin kontentini onlayn oxuyur və dərs ləvazimatlarına internetinizin sürəti qədər cəld və ani çıxış əldə edə bilirsiniz. Alacağınız dərsin materiallarını onlayn sistemdən oxuyub, dərs tapşırıqlarını da saniyə içərisində onlayn təqdim edə bilirisiniz. 

Onlayn dərsdə öz dərs saatını özün müəyyən edirsən. Ona görə də deyərdim onlayn təhsil bir çoxları üçün arzuolunandır. Bu təhsil formasında universitet auditoriyasına gəlmək kimi məcburiyyət yoxdur; yola vaxt sərf etmirsən; tələbə olaraq dərsini nə vaxt və harada oxuyacağını, qrup müzakirələrinə nə zaman və haradan qatılacağını özün müəyyən edirsən. İstəyirsən dərsini kafedə, küçədə oturub oxu, müzakirələrə qatıl, istəyirsən gecənin bir aləmində yuxudan oyan, oxu və yaz. 

Ümumiyyətlə, dərs oxuyarkən fiziki cəhətdən rahat ortamda olmaq mənim üçün vacibdir. Ona görə mənə ən önəmlisi onlayn təhsildə tələbə olaraq özünə rahat olan yerdə oturub oxuya bilmək imkanının olmasıdır. Məsələn, evdə rahat stulunda əyləşib, isti çayını içə-içə oxuya bilərsən; arada yatıb dincəlmək istəyirsənsə, rahat uzana bilirsən və s. 

Amma universitet otağında keçirilən dərslərə gedəndə belə imkanlar olmur. Bundan əlavə, əgər bir yerdən başqa yerə getmək kimi mobil çətinliyiniz varsa, onlayn dərslər sərfəli seçimlərdən biri ola bilər. Başqa sözlə desək, zaman və məkan baxımından seçiminiz var və məncə kapitalizmə doğru addımlayan dünyada bu üstünlükdür. 

Onlayn dərslər əsasən asinxron olur. Mən hələ ki, sinxron onlayn dərslər götürməmişəm və təcrübə etməmişəm, amma o da ola bilər. Sinxron onlayn dərsin asinxrondan fərqi odur ki, bəzən professor sizin konkret hansısa vaxtda hamıyla birlikdə onlayn aktiv olub müzakirələrə qoşulmağınızı və ya hansısa gün fiziki olaraq dərs otağına gəlib qatılmağınızı tələb edə bilər. Bu cür dərslərə hibrid, qarışıq dizaynlı dərs deyirlər. Amma deyərdim ki, belə onlayn kurs çox nadir hallarda olur. Çünki onlayn təhsilə qatılan tələbələrin əksəriyyəti iş adamıdır və dərsi tədris edən professorlar da bundan xəbərdar olur. 

Daha bir üstünlük odur ki, onlayn dərslər universitet otaqlarında keçirilən dərslərdən daha ucuz və adətən tələbələrin cibinə bir qədər uyğun olur. Dərsin kontenti müxtəlif formalarda təqdim olunur və tələbə öz öyrənmə xüsusiyyətinə daha yaxın olan variantı seçib oxuya bilir. Məsələn, deyək ki, sizin eşitmə yaddaşınız daha yaxşıdır. O zaman siz oxumaq üçün verilən vəsaitin audio versiyasını dinləyib öyrənə bilərsiniz. Ya da vizual adamsınız, şəkillər, qrafalar və yazılı oxumaq sizin öyrənmə xüsusiyyətinizdir. O zaman dərs slaydlarına baxıb oradan öyrənə bilərsiniz. 

Bundan əlavə, onlayn dərslər tələbənin yazılı nitqini inkişaf etdirir. Bu dərs formasında demək olar ki, hər şey yazılıdır. Qrup müzakirələri, tapşırıqların təqdim edilməsi və sair. İnklüzivlik baxımından tələbələrə alternativ olaraq audio təqdim etmək imkanı da verilə bilər, amma əsasən hər şey yazılı formada olur. 

-Hər xarici  universitetdə bu təhsil forması mövcuddurmu və əsas şərtlər nələrdir? 

-Mənim təcrübəm ancaq əlaqə saxladığım xarici universitetlərlə məhduddur. Onu deyə bilərəm ki, indiyə qədər əlaqə saxladığım Amerika universitetlərində onlayn təhsil, bütün fakültələr üzrə olmasa da, bir neçəsində var. Məsələn, University of  The People-da bütün dərslər onlayn və pulsuzdur. Universitet dörd ixtisas üzrə ali təhsil verir. Ora daxil olmaq üçün $60 ödəniş edirsiniz. Sonra da hər semestrdə verilən hər imtahana $100 dollar ödəyirsiniz. İl ərzində bu məbləğ ortalama $1000 çata bilər. Əgər bunu ödəyə bilməsəniz, universitet tələbəyə təqaüd proqramı təklif edir. Onlara baş vurub təqaüd qazana və xərcinizi qarşılaya bilərsiniz. 

Bu universitetdə 194 ölkədən tələbə oxuyur. Bunu necə edirlər? Dərsləri onlayn keçməklə. Dünyanın harasında olursunuzsa olun, internetə qoşulmaq imkanınız olduğu müddətdə təhsilinizi davam etdirə bilirsiniz. Məsələn, bu gün Bakıdasınız. Sabah deyək ki, Türkiyəyə gedirsiniz, heç bir fərq etmir. İnternetiniz varsa dərsinizi kosmosda da oxuya bilərsiniz. Başqa sözlə desək, vaxt və məkan seçimində də ağa elə özünüzsünüz. Yetər ki, seçdiyiniz və getdiyiniz yerdə internetiniz olsun.

 

-Azərbaycanda distant təhsil qanuni olaraq tanınmır. Nə zamansa tanınacağı halda hansı müsbət və mənfi tərəfləri ola bilər? 

-Ondan başlayım ki, mən hansı formada olur-olsun insanların təhsil almasının tərəfdarıyam. Universiteti seçərkən əsasən həmin təhsil ocağının öz ölkəsində qeydiyyatdan keçib-keçmədiyinə və tələbələrin bu universitet haqqında yazdığı rəyləri oxuyuram. Bu ən azından mənə təhsil ocağı haqqında yaxşı məlumatlar verir. 

Azərbaycanda distant təhsilin qanuni tanınıb-tanınmaması haqda məlumatım yoxdur. Bu təhsilin tanınmasının müsbət və mənfi tərəfləri haqda danışmaq üçün ilk növbədə onun ölkədə tanınmamasının səbəbini bilmək lazımdır. Hansı ki, mənim bu haqda o qədər də müfəssəl məlumatım yoxdur. Düşünürəm ki, bu qanunun olması üçün ilk növbədə ölkədə onlayn dərs keçmə təcrübəsi olmalıdır. Mən eşitməmişəm, bizdə hansısa universitet onlayn təhsil versin. Bəlkə də var, amma mənin xəbərim yoxdur. İnanıram ki, təcrübə olsa Azərbaycanda belə bir təhsil formasının mövcud olması üçün hüquqi və maddi baza hazırlana bilər. 

-Distant təhsildə bilikləri digər təhsil formasındakı kimi mənimsəmək mümkündürmü? 

-Digər təhsil forması deyəndə nəyi nəzərdə tutduğunuzu dəqiq bilmirəm. Onu deyə bilərəm ki, ənənəvi təhsildəki canlı müzakirə və insanlarla fiziki ünsiyyətin əvəzini, əlbəttə, distant təhsil vermir. Amerikada şəbəkələşmə, tanışlıq böyük önəm daşıyır. O qədər insanlar var ki, tələbə yoldaşlarının köməyi ilə daha yaxşı iş imkanları qazanır. Distant təhsildə bu imkanlar azalır. Çünki canlı ünsiyyət və qaynaşma yoxdur. 

 -Distant təhsildə ödəniş necə dəyişir? 

-Bu distant təhsili verən universitetdən və oxuyacağınız ixtisasdan asılıdır. Yəni, burda konkret bir məbləğ yoxdur. Onu deyə bilərəm ki, biznes üzrə fakültələrin onlayn dərsləri belə həmişə bahalı olur. 

-Distant təhsilin hansı çatışmayan və mürəkkəb tərəfləri var? 

-Çətinliklər əslində həm müəllim, həm də tələbə üçün var. Müəllim üçün çətin olan tələbələri hər zaman dərsə cəlb etmək, onları aktiv onlayn tələbə kimi saxlamaqdır. Təsəvvür edin, bəzən onlayn dərsə 60-a yaxın tələbə qatılır. Onların hamısını oxumağa və onlayn yazılı müzakirələrdə aktiv iştirakını təmin etmək asan iş deyil.

Yazmaq uzun zaman alır. Jurnalistlərin müsahibə almasını misal götürək. Şifahi müsahibəyə ən çoxu, deyək ki, 30 dəqiqə vaxt sərf edirsən, amma sonra bu müsahibəni təhlil edib məqalə halına salmaq bir neçə saat alır. Çünki yazıda daha dəqiq və qısa olmağa çalışırsan, amma şifahidə bədən dili və mimika sənə özünü ifadə etməkdə yardım edir. Eyni şey onlayn təhsildədir. Dərs materialını oxuyub təhlil yazmaq saatlarla davam edə bilər. 

Onlayn təhsildə zarafat edib araya bir xoş ovqat qatmaq bir qədər çətindir. Çünki canlı mimikaları yazılı ifadə etmək bir qədər çətinləşir. Nəticədə, müzakirələr, təqdimatlar bəzən quru və cansıxıcı alınır. 

Tələbənin dərsi tam qavramasını təmin etmək üçün tədris materiallarının təqdimatında müxtəlif media vasitələrindən istifadə etmək lazımdır. Bu həm də bütün tələbələrə dərs materiallarına bərabərhüquqlu girişi təmin etmək baxımından önəmlidir. Başqa sözlə desək, materialı elə hazırlamaq lazımdır ki, bu əlilliyi olan tələbələr üçün də əlçatan olsun. Bu vəsaitləri hazırlayıb quruplaşdırmaq vaxt alır. Fiziki dərslərdə bəzən bədən dili izahda müəllimə yardımçı olur, etdiyi zarafat daha yaxşı anlaşılır, amma onlayn dərsdə bunlar bir qədər qəlizləşir. 

Tələbə üçün də çətinliklər çoxdur. Ondan başlayım ki, onlayn dərsdə tələbə özü öz başına qalır. Mənim əlaqədə olduğum bütün universitetlərdə təhsildə texnologiyadan istifadə üstün pillədir. Ona görə texnologiyadan bir qədər zəif olan tələbə çətinik yaşaya bilər. Hər şeyi oxuyub özü baş çıxarmalıdır. 

Elmi araşdırmalar göstərir ki, ənənəvi dərslərdən fərqli olaraq onlayn kurslarda tələbələr daha çox dərs buraxır və bəzən kursu tamamilə tərk edirlər. Səbəblərdən biri tələbələrin vaxtlarını düzgün planlaşdırmaqla bağlı yaşadıqları çətinliklər olur. İnanıram ki, çoxumuz təcrübə etmişik- iş özümüzə qalanda,  onu ‘ay sabah edərəm, birisi gün edərəm’ deyib ertələyirik. Bir də görürsən vaxt vədə yetişib, amma sən hələ də işini nə başlamısan, nə də bitirmisən. Yazı işi isə çox vaxt aldığına görə onlayn dərsə daha çox və planlı şəkildə vaxt ayırmaq lazımdır. 

Bunlardan ziyadə, mən ünsiyyəti sevirəm və virtualdansa canlı ünsiyyətə üstünlük verən birisiyəm. Bu baxımdan deyərdim, onlayn təhsil mənim seçimim sırasında ilk sıralarda deyil. Mən maksimum çalışıram insanlarla üz-üzə görüşüb danışım. Belə olanda insanların yadında qalırsan, həmin insanların adını xatırlamasan da siması yadında qalır və nə vaxtsa hardasa görəndə adını xatırlamasan da salamlaşıb ünsiyyət qura bilirsən. Amma onlayn dərslərdə insanların adını görürsən, bəzən kimsə profilində şəklini yükləyibsə üzünü görürsən. Üz-üzə gələndə bir-birinizi tanımırsan və ünsiyyət qura bilmirsən. Məsələn, mən onlayn götürdüyüm dərslərdə sinif yoldaşlarımı şəkillərindən yadımda saxlayıram. Onları küçədə görəndə onları tanısam da onlar məni tanımır. Təəssüf ki, onlayn dərslər vasitəsiylə tələbələrin sosiallaşması heç də hmişə uğurlu olmur.