Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 12:10:00
Məmur olmaq istəyənlər növbəti sınağa çəkilir    

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla, ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növünə aid olan 66 vakant  vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 27 dekabr 2018-ci il tarixinə qədər davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun olan vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 27 dekabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə  Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

  • Energetika Nazirliyi (7 vəzifə) – BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 3

  • Müdafiə Sənayesi Nazirliyi (4 vəzifə) –AB2 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 1,BA3 altqrupu üzrə 2

  • Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (13 vəzifə) –BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 11

  • Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (8 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə

  • Maliyyə Nazirliyində BB2 altqrupu üzrə 1 vəzifə

  • Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

  • Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 1 vəzifə

  • Bakı Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 10 vəzifə

  • Binəqədi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 14 vəzifə

  • Yasamal Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

  • Göyçay Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13- ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.