Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 12:48:05
“Dərslikləri tərtib edənlər mətn seçimində diqqətli olmalıdırlar”- Akademik Rafael Hüseynov

Uşaq ədəbiyyatı gələcək nəslin sağlam ruhda böyüməsi üçün çox vacib faktorlardan biridir.

Uşaqlar ilk dəfə bağçalarda və ibtidai siniflərdə bu ədəbi nümunələrlə tanış olurlar. Psixoloqlar qeyd edirlər ki, uşaq vaxtı gözəl şeirlər, nağıllar oxumayan, mütaliəyə həvəsi olmayan insandan böyüyəndə ciddi sənət nümunələrini anlamasını gözləmək əbəsdir. Bəs hazırda ibtidai sinif dərsliklərində yer alan mətnlər, şeir nümunələri uşaqların ədəbi zövqünü formalaşdırmağa yetərlidirmi? Bu ədəbiyyat nümunələri bizim milli-mənəvi dəyərlərimizi, müxtəlif bayramlarımızı , adət -ənənələrimizi şagirdlərə doğru-düzgün aşılaya bilirmi?

Mövzu ilə bağlı AzEDU-ya danışan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rəfael Hüseynov qeyd edib ki, gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması millət quruculuğunun vacib məsələlərindəndir. Onun sözlərinə görə, millət quruculuğu anlayışı isə ilk növbədə məhz dərsliklərə bağlıdır:

rafael huseynov-deputat.jpeg
“Sabahımızın daha sağlam olması və gəncliyin vətənpərvər ruhda böyüməsi üçün, əvvəlcə, dərsliklərimizə diqqət yetirməliyik. Vaxtilə Azərbaycan məktəblərində Mirzə Ələkbər Sabir, Abdulla Şaiq dərs deyib. Onların dövründə zəruri ədəbiyyat, müəllimlərin maraqlarını, düşüncələrini təmin edən şeirlər olmayıb. Bu səbəblə, Sabir də, Abdulla Şaiq də uşaq şeirlərini dərs dedikləri məktəblərdə əyani vəsait olaraq yazıblar. Yəni onlar, əslində, uşaq ədəbiyyatı ilə məşğul olmağı qarşılarına məqsəd qoymamışdılar. Bu dahiləri o səmtə yönəldən təcrübə və bu təcrübənin yaratdığı ehtiyac olub. Sabir dərs deyəndə görüb ki, şeir yoxdur. Elə buna görə, “Uşaq və buz”, “Tülkü” və bu kimi şeirlərini yazıb. Oğlu Məmməd Səlim Tahirli mənə danışırdı ki, atam o şeirləri məktəblərdə tədris edəndə bir sıra məlum xalq mahnılarının melodiyalarına uyğunlaşdırırmış ki, uşaqlara mahnı şəklində öyrətsin, şagirdlərin daha asan yadında qalsın.

Milli bayramlarımızın vacib əxlaqi nöqteyi nəzərdən öyrədilməli cəhətləri dərsliklərdə müxtəlif hekayələr, oyunlar, səhnəciklər, şeirlər şəklində mütləq əksini tapmalıdır. Lakin bu məhz elə Abdulla Şaiq, Sabir və Abbas Səhhətin yazdığı əsərlər səviyyəsində olmalıdır. Azərbaycanda sadaladığım bu şəxsiyyətlərin bəlli şeirlərini əzbər bilməyən çox az insan tapılar. Ən müxtəlif nəsillər belə bu şeirləri əzbər bilirlər. Çünki bunlar Azərbaycan dilinin bütün gözəlliklərini, sadəliyini özündə əks elətdirərək yazılıb. Ümumiyyətlə, dərslik siyasətində son dərəcə diqqətli olmaq lazımdır. Yaxşı vətəndaş yetişdirməyin təməl kərpici sayılan dərsliklərdə mətnlərin hər biri yüksək ədəbiyyat nümunəsi olmalıdır. Dili sadə, saf, mənası isə əxlaqi dəyərləri özündə daşımalıdır”.

Rafael Hüseynov vurğulayıb ki, biz bu gün 3-cü minillikdə uşaq şeiri dedikdə ağlımıza ilk olaraq Sabir, Şaiq, Abbas Səhhətin adı gəlir və 10,20,30-cu müəllifi dərhal deməkdə çətinlik çəkiriksə, deməli boşluqlarımız çoxdur:

“İndiki dərslikləri, kitabları tərtib edən insanlar nəyə ehtiyac olduğunu bilirlər. İmkan daxilində də problemləri aradan qaldırmağa çalışırlar. Amma mətn seçimində düşünürəm ki, bir az daha diqqətli olmalıdırlar. Şagird, gərək, hansısa bir mətni, şeiri öyrənərkən, onunla yanaşı bir müəllifi də tanısın. Müəllif kimi Azərbaycan Mədəniyyəti tarxində rolu olan bir adam seçilməlidir. Məsələn, Azərbaycanın himnini uşaqlara öyrədirsənsə, bu faydalı işlə yanaşı həm də Azərbaycan dahiləri Əhməd Cavad və Üzəyir Hacıbəyovu da tanıdırsan. Yəni elə etmək lazımdır ki, dərsliklərdəki materiallar - ayrı-ayrı tarixi hadisələri, ənənələri, bayramları əks etdirən mətnlər - həm ədəbi redaktə cəhətdən mükəmməl hazırlansın, həm də müəlliflər tanıdılmağa layiq, böyük insanlar olsun. Təbii ki, gənc müəlliflərin də gözəl şeiri ola bilər. Lakin bir neçə işi eyni vaxtda görməyə üstünlük verilməlidir. İbtidai siniflərdə bu təməl sağlam qoyulmalıdır. Belə keyfiyyətlərə malik dərsliklərin hazırlanmasına çox böyük ehtiyac var. Vaxtilə mən 1-ci siniflər üçün əlifba yazarkən çətinlik çəkirdim. Görürdüm ki, vətən, bayraq, ana, bayramlarımız haqda bizim kifayət qədər yadda qalan, ömür boyu özümüzlə daşıyacağımız mətnlər, az qala, yox səviyyəsindədir”.

R.Hüseynov qeyd edir ki, ibtidai sinif dərsliklərinin tərtibi zamanı yalnız dərslik müəllifləri tam ixtiyar sahibi olmamalıdır. Onun sözlərinə görə, bütün bunlara nəzarət edən bir qrup olarsa, nəticə daha yaxşı olar:

“Uşaq ədəbiyyatı sahəsində bizim çalışan şairlərimiz daim olub və indi də var. Düşünürəm, onların yaradıcılığına diqqətli yanaşmaq lazımdır. Kitabların tərtibi zamanı isə yalnız pedaqoqlar və dərsliklərin müəllifləri tam ixtiyar sahibi olmalı deyillər. Müəyyən şəxslərdən ibarət bir qrup yaranmalıdır ki, bilavasitə bu işlə məşğul olanlar - fəaliyyətdə olan uşaq yazıcıları, uşaq şairləri, uşaq ədəbiyyatı problemləri ilə məşğul olanlar və s. həmin qrupun üzvü olsunlar”.