Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 11:21:22
Direktor olmaq istəyənlər üçün yeni şans - Bu çətinlikdən azad edildiniz  

“Ərizə qəbulu zamanı müəyyən səbəblərdən bir qisim namizədlərin sənədləri təsdiq edilmədi”.

AzEdu.az xəbər verir ki, bunu  Təhsil  İşçilərinin  Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları mərkəzinin müdir əvəzi Murad Camalzadə Təhsil Tv-də yayımlanan “Həftənin sualı”  verilişində direktorların işə qəbulu ilə bağlı sualları cavablayarkən deyib.

O bildirib ki, direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə bir sıra tələblər qoyulur. Amma  keçən ilkindən fərqli olaraq bu il onlardan esse yazmaq tələb olunmur.

“Test mərhələsində 1600-dən bir qədər artıq namizədin iştirak edəcəyi gözlənilir. Amma ərizə qəbulu zamanı bir qisim namizədlərin sənədləri təsdiq edilmədi. Çünki onlara pedaqoji və idarəetmə üzrə ali təhsil, 5 il pedaqoji təcrübə, (elmi dərəcəsi olanlara 3 il), hazırda pedaqoji fəaliyyətlə  məşğul olmaq kimi tələblər qoyulur. Bu 3 şərtdən birinə cavab verməyənlərin ərizəsi qəbul edilmədi.

Bəzən isə namizəd bütün şərtlərə cavab versə də, yanlışa yol verərək zəruri sənədlərini tam yükləmir və ərizəsi təsdiq edilmir. Namizəd həmin sənədin əslini gətirdikdə elektron ərizəsinə yenidən baxırıq”.

Qeyd edək ki, bu gün direktorların işə qəbul imtahanının test mərhələsi keçirlir. Saat 10da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. İmtahan 90 dəqiqə davam edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları