Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 09:00:00
Ekspertdən  döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

175 saylı məktəbin direktoru Tural Mirzəliyev və aktyor Rza Rzayev arasında yaşanan insident sosial şəbəkədə müzakirə mövzusu olub.

AzEdu.az  xəbər verir ki, əməkdar müəllim Almaz Həsrət də məsələyə biganə qalmayıb. O, şəxsi feysbuk hesabında həmkarlarını ədalətli olmağa, olayı  qabartmamağa çağırıb:

“Axşam bir neçə məktəb direktoru “ictimai qınaq olması üçün” baş verən olayla bağlı eyni məzmunlu statuslar yazdılar. Belə olmaz! Belə edib məsələni qabartmayın! Son rəyi araşdırmadan  verməyin. Ara qarışan anda ağıllı biri aktyor və direktor arasında olan problemin həllinə  çalışsaydı, məsələ bu qədər böyüməzdi.

Artıq ikinci məktəbdir ki, direktoru ilə bağlı mətbuatda xoş olmayan rəylər yazılır. Hər iki məktəbin şagird və valideynlərinin nə düşündüklərini fikirləşin. Direktor kiminləsə mədəni müstəvidə söhbət apara bilmədiyi üçün əlbəyaxaya keçib. Sizcə, bu, müəllim, xüsusilə də məktəb rəhbərinin adına yaraşarmı? Hətta olay zamanı polislər direktorun özü ilə məhkəməyə apardığı müəllimlərdən birinin cibindən bıçaq tapıb. Bu, nə deməkdir?! Hansı əsl müəllim cibində bıçaq gəzdirir?! Təhsil təmiz və vicdanlı insanlarla inkişafa doğru gedər!”

O, yazdığı statusda bənzər anlaşılmazlıqlarla üzləşən digər direktorları da xatırladıb və həmkarlarını ədalətli olmağa səsləyib:

“Belə ictimai qınaq aksiyasına başlayan idinizsə, bir erməni “zavuçun” şər və böhtan atdığı mərd, bacarıqlı, savadlı, öz biliyi ilə rəhbər vəzifəyə keçən direktorun tərəfini niyə tutmadınız? Erməni qadının böhtan tələsinə düşməməkdən ötrü məcburiyyət qarşısında qalaraq ərizə yazıb işdən çıxan direktor üçün niyə birləşib ayağa durmadınız? Həmin  Elşən Qafarov indi işsizdir. Ancaq oğlu Vətənə xidmət edir. Arxa durmadığınız adam öz oğlunu şərəflə hərbi xidmətə göndərib. Hörmətli həmkarlar, dəstək missiyanızı, Elşən müəllim üçün də edərdiniz. Axı, o, illər öncə bərabər olduğunuz, bir kursda olarkən fotoşəkillər çəkdirdiyiniz adam idi .

Başqa bir olay da baş verdi... Xaçmazda illərin təcrübəsinə sahib, ədəb-ərkanı, ağsaqqallığı ilə kəndin böyüyü kimi sayılıb seçilən ziyalılardan biri olan məktəb direktoruna 2-3 valideyn yalandan şər-böhtan atdı. Buna qarşı nədən susdunuz? O müəllimi də belə itirdik…

Hörmətli həmkarlarım, sizi ədalətli olmağa dəvət edirəm. Susursunuzsa, hamıya susun, seçmələr etməklə danışmayın. Ədalətli olmağa çalışın!”

Qeyd edək ki, hadisənin bir neçə ay əvvəl aktyorun qohumunun işdən çıxarılması səbəbindən baş verdiyi bildirilir. Dünən məhkəmə iclasında sonra isə tərəflər arasında mübahisə düşüb. Rza Rzayev məktəb direktoruna bədən xəsarətləri yetirib. Direktor Tural Mirzəliyev hazırda 3 saylı Sabunçu xəstəxanasındadır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları