Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 16:45:00
Ölkəmizi tanıyaq yaxud tariximiz, inkişafımız gənclərin gözü ilə.. - FOTO    

Ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini qazanan Azərbaycan çox çətinliklərlə üz-üzə qaldı. Böyük bir liderin – Ulu öndər Heydər Əliyevin müdrikliyi, iradəsi, uzaqgörənliyi bu yurdu həmin çətin zamanlardan qalib çıxardı! Onu qorudu, inkişaf etdirdi və sabaha əmanət etdi... Böyük öndərin öz xalqına, millətinə bu bənzərsiz əmanətinin yeni qurucusu, yeni yaradıcısı isə Prezident İlham Əliyevdir! Son 15 ildə müdrik dövlət başçısının əllərinin sığalı bu diyarı başdan-başa dəyişdi, onu 21-ci əsrin ən sürətlə inkişaf edən ölkəsinə çevirdi, Azərbaycanın adını nəinki bölgənin, dünyanın lider dövlətlərinin sırasına yazdı! O, bütün bunları Azərbaycan insanını, Azərbaycan vətəndaşını, Azərbaycanın sabahını düşünərək etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksəlişi bu gün daha dinamik şəkildə davam edir. Və bu yüksəliş, həm də müstəqillik illərində doğulan Azərbaycan vətəndaşlarının – Azərbaycanın yeni nəslinin gözləri önündə baş verir. O nəsil ki, bu ölkənin sabahı onların əlində olacaq. “Bizdən sonra gələn nəsil bizim kimi vətənpərvər və Vətənə bağlı olmalıdır ki, gələcəkdə Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün biz möhkəm təməl qoyuruq. Bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə hesablanıb” deyən Prezident İlham Əliyev hər zaman gənclərə, yeniyetmələrə ölkəmizin hər qarışını yaxından tanımağı, onun tarixini, mədəniyyətini öyrənməyi, milli dəyərlərini, adət-ənənələrini yaşatmağı tövsiyə edir. Dövlət başçısı 2013-cü il sentyabrın 5-də Lənkəranda Gənclər Mərkəzinin açılışında cənub bölgəsinin gəncləri ilə görüşündəki çıxışı ilə də cəmiyyətə çox önəmli bir mesaj verdi. “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər. Cənub zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba. Bu, olarsa, onda hər bir yerdə yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər. Mən bunu görürəm, çünki son 15 il ərzində bölgələrdə, bəlkə, min dəfə olmuşam. Yəqin ki, mindən çox tədbir olubdur. Ancaq bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti yalnız öz bölgəsinin inkişafını görür. Ona görə, arzu edirəm ki, çalışın, Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da, Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir”.

Prezident İlham Əliyevin bu tövsiyəsi nəinki gənclərin, yeniyetmələrin ürəyindən xəbər verdi, bütövlükdə Azərbaycanı sevən hər kəsi səfərbər etdi, bir məqsəd ətrafında cəmləşdirdi, yeni bir layihənin təməlini qoydu: “ÖLKƏMİZİ TANIYAQ”. Məram aydın idi: Azərbaycanı müstəqil Azərbaycanın yetirmələrinə təqdim etmək, tanıtmaq və sevdirmək!..

Bu, adi layihə deyildi. Bu, Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq bir addım idi. Bu, Prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilən, Azərbaycanın sabahını düşünərək reallaşdırılan bir layihə idi. Dövlət başçısının gənclərə həssas münasibətinin, diqqət və qayğısının daha bir nümunəsi idi. Bu səbəbdən də tez bir zamanda diqqət çəkərək, ölkənin ictimai və mədəni həyatında mühüm hadisəyə çevrildi...

Beləliklə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın şəhər və rayonlarının 9-11-ci sinif şagirdlərinin ölkəmizi daha yaxından tanıması, onun tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməsi, tarixi-mədəni irsimizə sədaqət və hörmət ruhunda tərbiyə olunması, müstəqillik illərində qazanılan nailiyyətləri öz gözləri ilə görmələri üçün 2014-cü ilin avqust ayından başlayaraq Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə şəhər və rayon icra hakimiyyətləri tərəfindən bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olunmağa başlanıldı.

Hər il olduğu kimi, bu il noyabrın 14-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 40 Lerikli məktəbli gənc Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyada olublar.

Aksiyada Lerik rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər IX-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Gəncə - Şəmkir - Göygöl şəhərlərinə səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olub, müxtəlif tədbirlərdə iştirak ediblər.

Məktəblilər yola düşməmişdən əvvəl Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və şura üzvlərinin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 14-17-də Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilib.

İcra başçısı məktəblilərlə görüş zamanı bildirib ki, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb. Cənab Prezidentin tapşırığına uyğun olaraq 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254 nəfərin iştirak etməsi, cari ilin noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76  şəhər və rayondan 3190 nəfərin iştirakı, bununla da, iştirakçıların sayının 23 444 nəfərə çatmasına səbəb olmuşdur. Rayonumuzdan olan 300-ə yaxın məktəbli bu tur-aksiyalarda iştirak etmişdir. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Tədbirdə çıxış edənlər “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması və sair bu kimi beynəlxalq  əhəmiyyətli layihələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin,idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara göstərilən diqqət və qayğı haqqında gənclərə məlumat verdilər.

Tur-aksiyada məktəbliləri rayon icra hakimiyyətinin əməkdaşları, təhsil işçiləri, 1 həkim və digər şəxslər müşayiət ediblər.

 “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən oyunda məktəblilər öz biliklərini nümayiş etdiriblər. Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə ekskursiya edən Sumqayıt şəhərindən, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu da keçirilib.

Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlərin indiyədək qazandığı bilikləri və onların dünyagörüşünü artırmaq, ən savadlı gəncləri aşkara çıxarmaqdır.

Turun son günü intellektual oyunlara start verilib. İki saat davam edən yarışa 54 komanda qatılıb. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 9 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.

Oyunun nəticələrinə görə, Yasamal rayonunun “Turan” komandası birinci, Astara rayonunun “Atom” komandası ikinci, Lerik məktəblilərinin təmsil olunduğu eyniadlı komanda isə üçüncü yeri tutub. Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.

Öz rayonlarına qayıdan məktəblilər sinif yoldaşları ilə səfər təəssüratlarını bölüşüblər. Dərsliklərdə oxuduqları tarixi abidələri canlı olaraq görmələrinin əhəmiyyətini qeyd etmişlər. Onlar bu cür aksiyalara görə ölkə başçısına minnətdarlığını bildiriblər. 

Cahani Nüsrətzadə

Lerik Rayon İcra hakimiyyəti