Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 09:24:11
"Ehtiyat dərsliklər Azərbaycan üçün real görünmür" - EKSPERT

“Kim təminat verə bilər ki, dərslikləri qiymətləndirən ekspertlər məhz “ehtiyat dərsliklər” dövriyəyə buraxılsın deyə, tenderə qoşulmuş dərsliklərə aşağı bal verməyəcək? Ehtiyat dərsliyin istifadəyə verilməsi dərsliklər arasındakı zənciri, informasiya yük balansını poza bilər. Hətta siniflərarası mövzu, fənlərarası əlaqə pozula bilər”.

AzEDU xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov ehtiyat dərsliklərin istifadəyə verilməsi ilə bağlı feysbuk hesabında yazıb. O, bu qərarı Azərbaycan üçün real hesab etmir. Lakin bu addımı konsepsiya olaraq müsbət qiymətləndirən ekspert qeyd edir ki, ehtiyat dərsliklərdən hazırda bir sıra ölkələrdə istifadə olunur. O, əvvəlcə, bu dərsliklərin mahiyyətini izah edib:
“Ehtiyat dərsliklər, dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən, tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab vermədiyi halda tətbiq olunacaq. Yəni, tenderə qoşulmuş dərslik Təhsil Nazirliyi və DİM – in ekspertləri tərəfindən yoxlanılıb, tələb olunun balı toplamasa, onları ehtiyat dərsliklər əvəz edəcək”.

K.Əsədov ehtiyat dərsliklərin Azərbaycan üçün real görünməməsinin səbəblərini sıralayıb:

“Birincisi, ona görə ki, tenderə qoşulmuş dərsliklərin, demək olar ki, 50 faizə qədəri tələb olunan balı toplamır və pislər içində ən az bir pis dərslik qəbul edilir. Düzəlişlər edilməsi üçün rəylər müəlliflərə göndərilir. Belə çıxır ki, həmin dərslikləri birbaşa ehtiyat dərsliklər əvəz edəcək. Amma onları geniş ekspert qrupu yoxlamayacaq, ictimai müzakirəyə çıxarılmayacaq. Dar çərçivədə qəbul edilmiş dərsliklər istifadəyə veriləcək. İkincisi, bu əlavə vaxt və maliyyə itkisidir. İki müxtəlif yerdə ayrı – ayrı dərslik yazmaqdansa, Təhsil Nazirliyi “Dərslik İdarəsi” yaradıb müəllifləri cəlb edərək daha optimal dərslik yarada bilər. Təsəvvür edin ki, nəşriyyatlar müəllif kollektivinə dərslik hazırlamaq üçün qonorar verir, özü vəsait sərf edir. Bununla yanaşı eyni prosesi Təhsil Nazirliyi də həyata keçirir. Yaxşı olar ki, ehtiyat dərslik də tenderə qoşulsun, əgər həqiqətən də o, daha uyğundursa, rəqabət mühiti yaradıb qalib gəlsin. Bunu etməkdənsə, Təhsil Nazirliyi dərsliklərin hazırlanması üçün müəlliflərə daha çox vaxt və resurs verməlidir.

Üstəlik, ehtiyat dərslik konsepsiyasını irəli sürməkdənsə, alternaiv dərslik siyasətini həyata keçirmək daha faydalı olardı. Düşünürəm ki, istənilən halda, minimal standart Təhsil Nazirliyi tərəfindən təmin olunmalıdır. Lakin Təhsil Nazirliyi orta məktəblərdə məhz özünün dərsliyini istifadəyə vermək istəyirsə, o zaman dərslikləri onlar yox, müstəqil qurum yoxlayıb qiymətləndirməli və rəy bildirməlidir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli sərəncamına əsasən, Təhsil İnstitutu nəzdində yaradılmış Tədris Resursları Mərkəzi tərəfindən ehtiyat dərsliklərin hazırlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilib.
Artıq mərkəz tərəfindən mütəxəssislər cəlb edilməklə I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə dərsliklərin hazırlanmasına başlanılıb. Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik" sayılacaq. Nazirliyə dərslik təklif olunmadıqda, yaxud təklif olunmuş dərsliklərin keyfiyyəti qənaətbəxş sayılmadıqda, istifadəyə ehtiyat dərslik verilə bilər.