Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-18 12:00:00
Məşhur Don Juanın azərbaycanlı olduğunu sübut edən tarixçimiz - Kiçik araşdırma

Birinci kursda oxuyarkən Azərbaycan tarixindən bizə dərs deyən  müəllimimiz bu hadisəni azı 3 dəfə bizə danışmışdı:

 “Odlu-alovlu vaxtlarım idi. Oqtay Əfəndiyev bizə dərs deyərdi. Həmişə ağız dolusu danışdığı Səfəvilər dövləti ilə bağlı ona elə bir sual verdim ki, əvvəlcə hirsləndi və mənə heç bir cavab vermədi. Bir neçə ildən sonra qarşılaşdıq. Əlini çiynimə vurdu və dedi: “ Sənin o zaman verdiyin  sual mənim içimi güllə kimi dəldi. Səfəvilər barədə verdiyin sual məni rahat buraxmadı. Daşkənd və Səmərqənd arxivlərinə getdim,  tək o suala görə. Təki tarixin həqiqəti üzə çıxsın!..””

 Orta əsrlər Azərbaycan tarixi özünün ziddiyyətli məqamları ilə Azərbaycanın dövlətçilik tarixində misilsiz izlər qoya bilib. Bu dövrü araşdırmaq gərgin ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi proseslər burulğanında itib batmağa bərabərdir.

 Mərhum alim Oqtay Əfəndiyev 58 il məhz bu işlə məşğul olub. 58 il Elmlər Akademiyasının Tarix İnstitutunun “Orta əsrlər Azərbaycan tarixi” şöbəsinin müdiri olub. Həmçinin, bu dövrü Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda da tədris edib. Yəqin, bu 58 ildə də beynində və ruhunda həmin müəllimə dediyi sözü yaşadıb: “Təki tarixin həqiqəti ortaya çıxsın!” Bu həqiqəti yaşatmaq üçün Oqtay Əfəndiyev çox böyük özünü axtarış yolu keçmişdi. Ta taleyini bağladığı “Orta əsrlər” adlı aləmə qədəm basana kimi.

 Orta məktəbi bitirərək o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, bir il sonra ali təhsilini Moskvada davam etdirmiş və 1946-1950-ci illərdə burada Şərqşünaslıq İnstitutunun İran bölməsində oxuyub. Oqtay Əfəndiyev 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına qəbul edilib, elə həmin il Moskvaya ezam edilərək 1955-ci ilədək SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspirantı olub.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayan Oqtay Əfəndiyev daim burada çalışaraq kiçik elmi işçi və baş elmi işçi, 1975-ci ildən isə “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri kimi fəaliyyət göstərib. O, ömrünün sonunadək bu vəzifəni tutub. Oqtay Əfəndiyev 1955-ci ildə Moskvada namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib, 1993-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilib.

Alimin araşdırmaçısı olduğu Orta əsrlər dövrü XVİ əsrdən etibarən özünün yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə dövlətlərarası münasibətlər dəyişir, istər Şərqdə istərsə də Qərbda vahid dünya hakimiyyəti uğrunda mübarizə gedirdi. Qərb öz mədəni İntibahına yeni qədəm qoyurdusa, Şərq artıq bu intibahın ikinci baharını yaşayırdı. Oqtay Əfəndiyev də yəqin ki, 58 il məhz belə bir dönəmdə yaşamışdı. Dərinə gedəndə o, əsl bir Səfəvi sakini idi. Bütün ruhuyla, bütün zehniyyəti ilə. Beynəlxalq simpoziumlar, elmi konfranslar hamısı Oqtay Əfəndiyevin Səfəvilər haqqında etdiyi məruzələrin sehrində idi. Ömrünün çox hissəsini Səfəvilər haqqında elmi axtarışlara sərf etdi. Bu tədqiqatlarını iki monoqrafiyasında çap etdi. Həmin monoqrafiyalar 1961-ci ildə nəşr olunan “XVI əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin yaranması” və 1981-ci ildə işıq üzü görən “Azərbaycan Səfəvilər dövləti” kitabıdır. 
İkinci araşdırma işi kimi daha böyük səs-küyə səbəb oldu. Səfəvilərin ictimai-siyasi, mədəni tarixi, vacib diplomatik əlaqələri, Azərbaycan coğrafiyasının və tarixin formalaşmasında göstərdiyi fəaliyyət və s. burada əks olundu. O, orta əsrlərdə Səfəvilərin dünyanın ən böyük 3 güc mərkəzindən biri olduğunu sübut edən yeganə Azərbaycan alimi idi.

Oqtay Əfəndiyev bütün Avropada dillər əzbəri olan “Don Juan” ləqəbli Oruc bəy Bayatın Azərbaycanlı olduğunu sübut etdi. 1988-ci ildə Don Juan barəsində bir kitabı (Azad Fərzəliyevlə birgə) ingiliscədən ruscaya çevirdi. Üləma sultan Təkəli haqqında da vacib tarixi məlumatı elmə ilk dəfə o, hədiyyə etdi. Sonuncu tapıntısı isə Mikele Membre ilə bağlıdır. Belə ki, Venesiya səfirinin Şah Təhmasib sarayına gəlişi və ordakı danışıqların hamısı Membrenin gündəliyində var idi. Bu gündəliyi ortaya çıxarmaqla O. Əfəndiyev Azərbaycan tarix elminə növbəti töhfəsini vermiş oldu.