Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 16:31:00
Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? –  Təhsilsizliyin ilk müəllifləri

Məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün orta məktəblərdən fərqli olaraq imtahan tələb olunmur.

Bəziləri valideynlərin uşaq bağçalarından olan şikayətlərini elə qəbul qaydaları ilə bağlayırlar. Çünki bu hal qeyri ixtisasçıların belə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim kimi çalışmasına səbəb olur.

Bəs mütəxəssislər uşaq bağçalarına tərbiyəçi-müəllimlərin qəbulu ilə bağlı hansı qaydaları təklif edirlər?  Ümumiyyətlə bağçaya tərbiyəçi-müəllimlər qəbul edilərkən hansı əsas keyfiyyətlər yoxlanılmalıdır?

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, məktəbəqədər təhsil sahəsində respublikada birinci elmlər doktoru Şəhla Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, bu müəssisələrə tərbiyəçi -müəllimlər fərdi qəbul olunurlar. Amma onlarda bu keyfiyyətlərin olub-olmamasına diqqət yetirmək lazımdır:

“Məktəbəqədər təhsil müəssisəsinə işə qəbul olunan tərbiyəçi-müəllim ilk növbədə ixtisas təhsilli olmalı, işini dərindən bilməlidir. Başqa ixtisas sahiblərini də bu müəssisələrə işə götürürlər. Bunun nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Amma tərbiyəçi-müəllimin ixtisasını təsdiq edən dövlət sənədi - diplomu olmalıdır.  Bağçaya işə qəbul olunan tərbiyəçi-müəllimin müvafiq bacarıqları yoxlanmalıdır. Apardığı məşğələlərin məzmunu  araşdırılmalıdır. Tərbiyəçi-müəllim metodiki vəsaitlərlə işi, gündəliklərin yazılmasını, cari və perspektiv planlaşdırmanı  bilməlidir. Məşğələ verəcəyi mövzu üçün əyani vəsaitlərdən istifadə etməyi, hətta onları özü hazırlamağı bacarmalıdır. Bu ixtisasın sahibinə psixologiya,  metodika tədris edilib. O, məktəbəqədər yaşlı uşaqla davranışı dəqiq bilməli, gözəl nitqə və ünsiyyət bacarığına malik olmalıdır ”.

Bağça müəllimlərinin imtahansız işə qəbuluna gəldikdə isə Şəhla xanım bildirib ki, Azərbaycanda ilk dəfə “Məktəbəqədər Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. İşə götürülərkən qanunda  öz əksini tapan  müddəalara istinad olunmalıdır.  Müsahibələrin aparılması  mütləqdir. Məncə, müsahibə zamanı peşəkar namizədin ünsiyyəti, nitq bacarıqları, davranışı müəyyənləşir:

“ Hazırda işə qəbul olunmaq istəyən namizədlər müsahibədən keçirlər. Mən öz məzunlarımızla mütəmadi əlaqə saxlayıram. Onlar arasında  işləyənlər yetəri saydadır. İşə necə götürüldüklərini soruşanda cavab verirlər ki, müsahibədən keçdik, rəhbərlik bəyəndi və s. Bəzən işə qəbul olunmazdan əvvəl 1-2 ay təcrübəçi kimi də çalışırlar.“

İmtahansız qəbulun hansı neqativlərə yol açması məsələsinə gəldikdə isə Şəhla xanım bildirib ki, belə bir faktla rastlaşmadığı üçün heç nə söyləyə bilməz.

Professor Əhməd Qəşəmoğlu isə bildirib ki, bu məsələlərə ciddi diqqət vermək lazımdır və hər adamı məktəbəqədər təhsil müəssisəsinə müəllim kimi buraxmaq olmaz:

“Çünki hazırda ailələrdə, cəmiyyətdə böyük gərginlik var. Yeni nəslin xilası təhsil sistemindən asılıdır. Valideyn uşağının əlinə bir dəstə gül verib bağçaya və ya ibtidai sinfə gətirir. O uşaq orta məktəbdən xuliqan, terrorçu kimi çıxanda günahı valideyndən çox ilk məktəbdə axtarmaq lazımdır. Ona görə də elə insanları müəllim etməliyik ki, onun biliyi, pedaqoji qabiliyyəti, geyimi, keçimi, davranışı yüksək səviyyədə olsun. Bu insanlara daha yüksək maaş vermək lazımdır. Çünki onlar bünövrəni qoyurlar. Maaş yüksək olsa, kişi müəllimlərin də sayı çoxalacaq. Ümumiyyətlə, bizdə bu sistemdə böyük xaos, qarışıqlıq var”.

Sosioloqun fikrincə, məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin qəbulunda imtahana ciddi ehtiyac var:

“Hər adamı hər yana xanəndə götürmək mümkün deyil. İşə elə müəllimləri götürmək lazımdır ki, onların körpələrlə işləməyə sevgisi, qabiliyyəti olsun. Bu işə yaradıcı münasibətləri olmalıdır.  Bu imtahanı testlə etmək olmaz. Çünki test hər şeyi malalayır. Onu əzbərləyib gəlib yazırlar. Mən universitet müəllimiyəm və testlə imtahan verənlərin problemlərinin içində itib qalmışam. Burada daha çox xüsusi ssenarilər əsasında müsahibə olmalıdır. Bu, sıradan söhbət ola bilməz. Onun öz metodiki əsasları olmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları