Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 12:12:00
“Universitet təhsili  PR mütəxəssisi  olmaqda böyük rol oynamır” – “Piarmenlə” müsahibə

AzEdu.az ictimaiyyətlə əlaqələr (PR)  üzrə mütəxəssis Elvin Babayevlə müsahibəni təqdim edir. Müsahibədə peşəkar piar məsələləri ilə yanaşı, həm də bu sahənin təhsilindən də söz açılıb:

-Qısa olaraq oxucularımıza ictimaiyyətlə əlaqələr işini necə izah edə bilərsiniz?

Hər zaman ictimaiyyətlə əlaqələr mövzusunda danışan zaman fikirlərimi sadə və praktiki dildə izah etməyə çalışıram. İctimaiyyətlə əlaqələr işinə yüzlərlə tərif demək olar. İctimaiyyətlə əlaqələr isə sadəcə, ictimai rəy yaratmaq, şəxsə, müəssisəyə, xidmətə, məhsula və s. bir sifət formalaşdırmaqdır. Bu mənfi də ola bilər, müsbət də.

İctimaiyyətlə əlaqələr mütəxəssisi analitik və strateji düşünməlidir. Atacağı addımların nəticələrini, geridönüşlərini dəqiq hesablamalıdır. Bu sahə ən qədim dövrlərdən bəri mövcud olub. Lakin vəzifə olaraq “Public Relation” işini ilk dəfə 1919-cu ildə İvy Lee görüb.

-Adətən yeni biznes quranda, investorlar onun infrastuktrundan tutmuş dizaynına qədər hər şeyə böyük vəsaitlər xərcləyir. Lakin PR-a çox da pul ayırmaq  istəmirlər? Bunu nə ilə əlaqələndirirsiz?

-PR işini bizneslə məhdudlaşdırmaq olmaz. Çünki bizneslə əlaqəsi olmayan idarə və təşkilatlar da  bu sahənin mütəxəssislərinə ciddi ehtiyac duyurlar. Amerika və Avropada bu sahəyə ciddi pullar xərclənir. Ola bilər ki, ölkəmizdə çox az biznesmen bu sahənin nə qədər vacib olduğunu tam olaraq anlayır. Çünki, sovet dövründə özəl şirkətlər, biznes sahələri mövcud deyildi. Müstəqillik qazanıldıqdan sonra yeni formalaşan sahibkarlarda davamlı biznesin qurulması üçün strateji yol xəritələrinin olmaması, ictimai rəyin, ictimai nüfuzun əhəmiyyətinin gözardı edilməsinə səbəb olurdu. Lakin artıq rəqabət var. Bütün şirkətlər kiçik bazardan pay almağa çalışır. Bəzi müəssisələr isə istehsal etdiyi məhsulları ixrac etmək üçün dünya bazarına açılır. Bu zaman onlar böyük bir informasiya axınının, imic və ictimai rəy “müharibəsinin” içinə düşür. Ona görə də bu şirkətlər sürətlə yeni “PR Team”-lər yaradaraq əvvəlki boşluqları doldurmağa çalışırlar.

-Azərbaycanda özəl şirkətlər çoxaldıqca PR menecerlərin də sayı artmaqdadır. Lakin bu sahə üzrə sırf ixtisaslaşmış təhsil verən universitet yoxdur. Bu sonradan bazarda çoxlu savadsız PR menecerin yaranmasına səbəb ola bilərmi?

-Düşünmürəm ki, universitet təhsilinin PR mütəxəssis olmaqda böyük rolu olsun. Lakin, hal-hazırda xarici ölkələrdə bu sahənin nəzəriyyəsinə yiyələnən, savadlı və istedadlı gənc kadrlar da yetişir. Bəziləri  hazırda bu istiqamətdə konkret işlər görür. Amma bir şeyi də xüsusi vurğulamalıyam. Bütün hallarda xarici ölkələrin nəzəriyyələri ilə Azərbaycan xalqının psixologiyası üst-üstə düşmür. Nəticədə praktiki təcrübə, nəzəri bilikləri üstələyir. Yaxşı olar ki, xaricdə təhsil alan gənclər və illərlə bu sahədə təcrübə yığan insanlar birlikdə çalışaraq ölkəmiz üçün keçərli nəzəriyyə hazırlasınlar. Bu ideyanı bəzi çevrələrlə müzakirə etməyə başlamışıq artıq. İnanıram ki, əməli işlər görə biləcəyik.

 -PR menecer olmaq üçün xüsusi istedad tələb olunur, yoxsa istənilən şəxs müəyyən təhsil alıb nəzəriyyəni öyrənməklə bu işi görə bilər?

-Əvvəlki suallara cavab verən zaman da qeyd etmişdim, PR mütəxəssis analitik və strateji düşünən, böhranları  əvvəldən görməyi bacaran, yaradıcı, təşkilatçı, səlis danışığa və yazı yazmaq qabiliyyətinə malik, media və reklam kanalları əlaqəsi olan bir insan olmalıdır. Bu tələblərin təbii ki, görünən tərəfidir. Siyasi tərəfdə imic formalaşdıran PR mütəxəssislərin işi daha çətindir. Dünyada sırf bu istiqamətdə iş görən mütəxəssislər həm də peşəkar yalan danışan olmalıdır. Çünki, onlar dünya siyasi böhranlarını  idarə edir, insanlara tam doğru, qismən doğru və tam yanlış olan fikirləri, məlumatları bəzən tam doğru, bəzən də yanlış kimi təqdim edirlər. Yəni PR mütəxəssis olmaq üçün xüsusi istedad tələb olunur.

-Bir qədər siyasi yöndə sualım olacaq. Bildiyiniz kimi Ermənistanla müharibə şəraitindəyik. Bu müharibə həm də informasiya müharibəsidir. Necə düşünürsüz? Xaricdəki səfirliklərdə, diasporlarda PR mütəxəssislər olarsa, onlar beynəlxalq müstəvidə ölkəmizin təbliğatına nə dərəcədə təsir edə bilər?

-İnformasiya müharibəsində ölkəmiz kifayət qədər uğurlu addımlar atır. Haqq səsimizi dünya arenasına çatdırır. Təbii ki, PR mütəxəssislər qeyd olunan qrumlarda da olarsa daha faydalı və peşəkar işlər görmək olar. Azərbaycanda İctimaiyyətlə Əlaqələr İnstitutunun olmaması ümumi işə mənfi təsir göstərir. İnformasiya kanalları düzgün istiqamətdə təbliğat apara bilmir. Bu sahə tək bir adamın, idarənin, təşkilatın görə biləcəyi iş deyil. Bu işi biz xalq olaraq görməliyik. İnternet və digər resurslarımızı xalq olaraq inkişaf etdirməliyik. Dünya praktikasına baxsaq görərik ki, dövlət maliyyəsi ilə görülən işlərdən başqa, xalqın təəssübkeşliyi də önəmli rol oynayır. Biz həqiqətlərimizi ölkəyə gələn turistlərə və qonaqlara, səfər etdiyimiz ölkələrdəki insanlara, internet məkanında, kitablarda, reklamlarda – uzun sözün qısası ağıla gələ biləcək hər yerdə deməliyik.