https://www.zirve.edu.az/
23.03.2018 13:48
Avropa alimlərinin Nəsirəddin Tusidən oğurladığı elmi ideya və kəşflər

Orta əsr Azərbaycan elminin bir sıra yetirmələri var ki, onlar Şərq intibahını yaratmaqla yanaşı, Qərb dünyasını da elmi tənəzzüldən xilas ediblər. Doğrudur, sonradan ildırım sürətiylə irəli gedən Avropa hazırda bu alimləri bəyənməsə də, öz elmi bünövrəsini məhz Şərq, əsasən də, Azərbaycan dühalarının hesabına qurdu.

Bu alimlərdən biri də təbii ki, böyük Nəsirəddin Tusidir.

AzEDU.az təqdim edəcəyi yazıda Tusinin Qərb tərəfindən mənimsənilən elmi ixtira və kəşflərinə, nəzəriyyələrindən bəhs edəcək:

Nəsirəddin Tusi   ХIII əsrin dahi zəkası və Azərbaycan elminin bayraqdarı kimi Avropanı indi də elmi nəzəriyyələrlə "təmin edir". Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşflər Qərb elminin inkişafına səbəb olub. Ən böyük kəşfi isə triqonometriya nəzəriyyəsidir.

Qeyd edək ki, Nəsirəddin Tusinin əsərlərində də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin olması ilə bağlı qeydlər var. Azərbaycan astronomu Həbib Məmmədbəylinin yazdığına görə, Xristofor Kolumbun və Ameriqo Vespuççinin Nəsirəddin Tusinin bu əsərlərindən xəbəri olub. Avropa alimləri bunu gizlətməyə çalışsalar da, həmin səyyahların özləri tərəfindən yazılan gündəliklər bunu deməyə əsas verir.

Bundan əlavə, "Qeyri-Evklid" həndəsəsinin banisi də Nəsirəddin Tusidir. Amma həmyerlimiz Mirzə Kazım bəyin yanlışlığı nəticəsində rus riyaziyyatçılarından biri Evklidə alternativ olan həndəsənin yaradıcısı kimi tarixə düşdü. Belə ki, böyük alimimiz Mirzə Kazım bəy Sankt-Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim Nəsirəddin Tusinin əsərlərini ona verməsini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən "Təhriri-Öqledis" əsəri də var idi. "Təhriri-Öqledis" antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı "Evklidin şərhi" olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmiş, onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq, o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin "əsasını qoymuşdu".

Başqa bir fərziyyə də Tusinin böyüklüyünü əks etdirir. İlk dəfə X–XI əsrin böyük alimi Əl Biruni tərəfindən hazırlanan qlobus, çox təəssüf ki, sonradan avropalı Martin Behaymın adına çıxarıldı. Doğrudur, onun icadını daha təkmilləşmiş, daha peşəkar iş hesab edənlər də yanılmırdılar. Amma Behaymın hazırladığı qlobusdan heç də fərqlənməyən qlobusu Nəsirəddin Tusi məsləkdaşı ilə birgə əsasını qoyduğu və rəhbərlik etdiyi Marağa rəsədxanasında hazırlamışdı. Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də olub. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib edir.

Elmin Nuri