Bu gündən etibarən ali məktəblərə ixtisas seçimi başlayır. Bəziləri mütəxəssislərə müraciətlər edib, məsləhət alsalar da, bir çoxları bilib-bilmədən seçimlər edirlər. 4 ilin sonunda isə peşmanlıq “baş alıb” gedir.
Əmək bazarında yüksək maaş, tələbatlı iş tapmaq üçün hansı ixtisaslara müraciət etmək lazımdır?
Mövzu ilə əlaqədar sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva AzEdu.az-a açıqlama verib.
S.Əliyeva bildirib ki, hazırda süni intellekt, proqram təminatının inkişafı və kibertəhlükəsizlik kimi sahələrdə mütəxəssislərə böyük tələbat var:
“Əmək bazarında daha çox qazanc əldə etmək üçün peşə seçimində bir neçə amili nəzərə almaq vacibdir. Burada həm qlobal trendlər, həm də yerli əmək bazarının tələbləri rol oynayır.
Azərbaycan əmək bazarında yaxın gələcəkdə də uzun illər daha perspektivli texnologiya və İT, səhiyyə, mühəndislik, kənd təsərrüfatı, elektron ticarət, logistika sahələri olacaq. Peşəkar mütəxəsisslər az olduğundan, data analitika və bulud mühəndisliyi sahələrində işləyənlər üçün yüksək maaşlar təklif olunur.
Tibb, biotexnologiya, genetika, əczaçılıq və tibbi cihazların inkişafı üzrə sahələr yaxın gələcəkdə də əhəmiyyətini qoruyacaq. Xüsusilə pandemiyadan sonra, mental sağlamlığa diqqət artıb. Psixologiya və psixatriya sahələrində mütəxəssislərə tələbat yüksəkdir.
Son dövrlər müdafiə sahəsində robotika və avtomatlaşdırmanın istifadəsi bu sahənin inkişafına təkan verib. Robotika və avtomatlaşdırma mühəndisliyi, gələcəkdə əksər sənaye və istehsalat sahələrində kritik rol oynayacaq. İqlim dəyişikliyi ilə əlaqədar həm də, enerji və ətraf mühit mühəndisliyinə maraq artıb. Alternativ enerji, ətraf mühitin qorunması və davamlı inkişaf sahələrində işləyən mütəxəssislərə tələbat artmaqdadır.
İnkişaf etməkdə olan, və gələcəkdə perspektivi olan sahələrə maliyyə sahəsində analitik və investisiya mütəxəssisləri, elektron ticarət, xüsusən də rəqəmsal valyutalar və “blockchain” texnologiyaları sahələridir.
Tövsiyə olaraq onu deməliyəm ki, abituriyentlər öz maraq və qabiliyyətlərinə uyğun sahələri seçməli, həmçinin, gələcək trendləri və əmək bazarının tələblərini də nəzərə almalıdırlar. Həmçinin, ixtisas seçimində doğru məsləhət almaq üçün mütəxəssislərə müraciət etmək çox vacibdir. Qlobal tendensiyaları və texnoloji inkişafları nəzərə alaraq seçim edənlər, gələcəkdə daha yüksək qazanc və karyera perspektivləri əldə edə bilərlər”.
kitabı