Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 14:02:25
"İlin gənc müəllimi": Dinləmə mətnləri şəraitsiz məktəblər üçün əlverişsizdir

“İngilis dili dərsliklərindəki dinləmə mətnləri ilə şagirdlər daha çox dil öyrənə bilir, ancaq kənd mühitində, köhnə sinif otaqlarında bu kitablar o qədər də effektiv xaraker daşımır”

 

Bu sözləri “İlin gənc müəllimi, Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin direktoru, ingilis dili müəllimi Gülnarə Məmmədova AzEdu.az-a müsahibəsində bildirib.

 

“İngilis dili ibtidai siniflərdə “Happy Campers” 1-4-dən keçirilir. Bu kitabların pdf-ləri  rəy bildirməyim üçün mənə yönləndirilmişdi. O vaxt da qeyd etmişdim ki, “Happy Campers”lər məhz dinləmə xarakterli tərtib olunub. Düzdür, dinləmə ilə şagird daha çox dil öyrənə bilir, ancaq kənd mühitində, köhnə sinif otaqlarında bu kitablar o qədər də effektiv xaraker daşımayacaq. Buna görə də  kitablardakı dəyişikliklərin sinif otaqlarının şəraitlərinə görə nizamlanmış olması yaxud da məktəblərdə dinləmə üçün şəraitin yaradılması, (eləcə də linqafonların təşkil olunması) şagirdlərdə dinləməyə olan həvəsi artırar. Bunu müəllimin hər hansısa telefon yaxud planşetlə etməsi effektiv nəticələr verməyə bilər. 

 

“Happy Campers”də müasir kitabın bütün stilləri özünü göstərir. 2023-2024-cü tədris ilində 4-cü siniflərə bu kitabdan  tədris etmişəm. Kitabda 4-cü sinfin həcminə uyğun tapşırıqlar çoxdur, lakin qrammatikaya aid çalışmalar daha çox olsaydı, uşaqlar onunla daha dərindən məşğul ola bilərdilər. Məsələn uşaqların anlayacağı səviyyədə qrammatik cədvəllər verilməsi dil öyrənmək baxımından daha faydalı olardı. Misal üçün, “to be” nin şəxsə görə uzlaşmasını cədvəl şəkildə yerləşdirib, hər fəsil üçün 1-2 dərs nümunələrlə verilərsə, biz müəllimlər də qrammatikanı uşaqlara düzgün mənimsədə bilərik. 

 

Mətnlərin aşağı hissəsində verilmiş “puzzle” formalı çalışmalar uşaqların zəkasını işlədərək müəyyən sözü tapmalarını tələb edir. Fikrimcə bunun yerinə mətndə danışılan mövzu barədə çalışmalar olmağı daha yaxşı olar. Məsələn: Mətndə Ceyn-dən danışırsa, sual olaraq, “Ceyn haqqında cümlələri tap, altından xətt çək, Ceynin fikirlərinin mənfi, müsbət olduğu cümlələri seç” və s”. 

 

Gülnarə müəllim, siniflər üzrə kitablar barədə danışıb:

 

“5-ci sinifdə sevdiyim məqam odur ki, çalışmalar boldur. Uşaqların qrammatik və lüğət baxımından səhvlərinin düzəldilməsinə yardımçı olur.Bu çox xoşagələn məqamdır. Ümumiyyətlə kitablarda çalışmanın çox olması uşaqlarda oxuma fəaliyyətini artırır.

 

Bəzən valideyn uşağının yaşının az olduğunu deyərək, ona əlavə qrammatika kitabı almır.  Çox istərdim ki, dərs bitdikdən sonra keçirilən dərsdəki yeni sözlər və qrammatikadan öyrənilənlər ayrıca 1 vərəqdə cədvəl şəklində yazılsın.  Belə olsaydı uşaqlar həmin sözləri həm əzbərləyər, həm də lüğətlərinə köçürərdilər. 

 

7-ci sinifdə individual oxunun olmasını çox bəyənirəm. Amma yaxşı olardı ki, əsərin içərisindəki yeni sözləri, yeni ifadələri, yeni məlumatları (hansı ki, ingilis dilində həmin ifadəni tərcümə proqramlarında tək-tək yazdıqda düzgün tərcüməsi tapımır) ayırıb, mətnin aşağı hissəsində göstərilsin. Belə olduqda, şagirdlər tərcümə zamanı düzgün istiqamətlənmiş olarlar. 

 

Yuxarı siniflərdə daha çox gələcəyə meyilli mətnlər qoyulur. Düzdür, vətənpərvərliklə bağlı mətnlər də var, amma bunlar daha azdır.

 

9-cu sinifdəki çalışmaların sayı çox azdır. Hər dərsdən sonra yeni ifadələr, sözlər, qrammatikalar sxem şəklində verilsə, gözəl olardı. Texnologiya dövrü olduğu üçün düşünürəm ki, fəsillərin sonunda tətbiq linki yerləşdirilərək şagirdlərin  söz balansını yoxlamaq olar. Məhz o tətbiqə daxil olaraq, müəyyən testləri həll edə bilərlər. 

 

Kitablarda mətnlərə aid parafrazla bağlı tapşırıqlar sadədən mürəkkəbə doğru siniflər üzrə verilərsə, daha effektiv nəticələr verə bilər. Düşünürəm ki, mətnlərin akademik səviyyəsi yuxarı siniflərdə çox yüksək qoyulur. Bir qədər uşaqların anlayacağı şəkildə verilərsə, daha yaxşı olar. Ən azından Dövlət İmtahan Mərkəzinin verdiyi mətnlərə uyğun mətnlər şəklində olarsa, uşaqlar daha yaxşı qavraya bilərlər”.