Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-18 13:40:54
“Örnək müəllim”: Deputat seçiləcəyimə inanıram

Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə  əlaqədar bir çoxları deputatlığa namizədlik irəli sürür.

 

Namizədlər biri də 80 saylı tam orta məktəbin tarix müəllimi, “Örnək müəllim” Aytən Sərdarlıdır.

 

Aytən müəllimi daha yaxından tanımaq üçün  müsahibə aldıq.

 

-Aytən müəllim, özünüz, fəaliyyətiniz barədə oxucularımıza, seçicilərinizə məlumat verməyinizi istəyərdik.

 

­-Mən, Sərdarlı Aytən Tural qızı 80 saylı tam orta məktəbdə tarix müəllimi kimi işləyirəm. 7 illik pedaqoji fəaliyyətim ərzində bir neçə uğurlara imza atmışam. Bunlardan birincisi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Yaradıcı müəllim” müsabiqəsində 1-ci yerə layiq görülməyim olub. Bundan əlavə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası-nın təşkil etdiyi "Fərq Yaradan Gənc Müəllim müsabiqə"sində 1-ci yerə, AzEdu Təhsil Portalı tərəfindən isə "Örnək müəllim" adına layiq görüldüm. Azərbaycan Müəllimlərinin XVl qurultayında iştirak etmişəm. Bir sıra xəbər saytlarında məqalələrim,verilişlərdə isə iştirakım olub. Bundan başqa məktəb rəhbərliyi tərəfindən bir sıra təşəkkürnamə, təltifnamələrlə mükafatlandırılmışam.

 

-Aytən xanım, deputatlığa namizədlik irəli sürmək qərarına necə gəldiniz? Bu sizin ilk namizədliyinizdir?

 

-Azərbaycanın dövlətçilik ənənələrinin tarixi qədim dövrlərə qədər uzanır.Şərqdə ilk demokratik dövlət 1918-ci ildə Azərbaycanda qurulub. Parlamentin çağırılması, qadınlara seçib-seçilmək hüququnun verilməsi o dövr üçün mütərəqqi hadisə hesab olunurdu. Ulu Öndər Heydər Əliyev 90-ci illərdə ağır siyasi proseslər fonunda Azərbaycanın dövlətçilik ənənələrini yenidən bərpa etdi. Ulu Öndərin və Cənab prezident İlham Əliyevin Azərbaycanın siyasi-iqtisadi, sosial inkişafında fəaliyyəti danılmazdır.

 

Biz gənclər,vətəndaş cəmiyyəti dəyərlərimizi qorumaq,demokratik prinsipləri hifz etmək,dövlətçiliyi yaşatmaq baxımından daim dövlətimizin yanında olmalıyıq. Hər bir vətəndaşın seçib-seçilmək hüququ Konstitusiyamızda öz əksini tapmışdır. Bəzən qadınlarımız siyasi fəaliyyətə qoşulmaq istəmir,siyasi səhnədə qadınlarımız kişilərdən say baxımından geri qalır.

 

-Sizin şüarınıza, bu yolda məqsədlərinizə nələr aiddir?

 

-Mənə görə deputat olmaq təkcə yol çəkmək,su çəkmək,lift təmir etdirmək deyil, xalqın vəkili olmaq ,xalqın problemlərini dilə gətirməkdir.Bundan öncə seçkilərdə iştirak etməmişəm.Təhsil işçisi,müəllim olaraq seçkiyə qatılaraq insanlarımızın inamını doğrultmağa,onların qayğılarını həll etməyə çalışacağam.

 

-Seçkilərdə iştirak etmək istədiyinizi bildirdikdə, ilk dəstəyi kimdən aldınız?

 

-Əsasən iş yoldaşlarım məni bu prosesə həvəsləndirdilər. Siyasətə olan marağım, tədbirlərdə çıxışlarım insanlarda mənə qarşı güvən hissinin formalaşmasına səbəb oldu. İnsanların mənə güvən hissinin olması, özgüvənimi gücləndirdi.

 

Görüş zaman müşahidə etdim ki, yaşlı nəslin nümayəndələri müəllimlərin sertifikasiya prosesinə cəlb olunmasını,yaşlı nəslin nümayəndələrinin bal toplaya bilməməsi və tədris prosesindən uzaqlaşdırılmasını gənclərin yaşlı nəsilə antoqonist yanaşması kimi dəyərləndirirlər. Sertifikasiya təhsilin inkişafını təmin edəcək ən mühüm amildir.

Müəllim tədris prosesinin  əsas hissəsidir.Əgər müəllimlərin təhsili zəif,pedoqoji fəaliyyəti qənaətbəxş deyilsə artıq təhsilin inkişafından söhbət gedə bilməz.

 

-Çox gözəl, Aytən xanım, seçiləcəyinizə inanırsınız?

 

-Bəli. Əgər biz özümüzə, birliyimizin gücünə inansaq hər maneəni aşa bilər və inkişafa nail ola bilərik. Torpağımızın altı da ,üstü də sərvət,insanlarımız zəhmətkeş,dəyərlərimiz güclüdür. Biz Azərbaycanımızın gələcəyi,gələcək isə layiqli əllərdə olmalıdır.