Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-16 11:40:25
Metodika suallarının bir kitab üzərindən qurulması böyük PROBLEMDİR

Müəllimlərin işə qəbulu müsabiqəsinin sonuncu imtahanı Azərbaycan dili (rus bölməsi), Azərbaycan dili və ədəbiyyat fənləri üzrə təşkil edilib. Namizədlərin bir qismi imtahanın çətinliyi ilə əlaqədar öz narazılıqlarını bildirirlər. Belə ki, bəzi müəllimlər sualların qarışıq, çox vaxt tələb etdiyini dilə gətiriblər.

 

Bəs, görəsən suallaın çətinlik səviyyəsi nə ilə əlaqədardır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eskperti Elşən Qafarov metodika ilə bağlı suallarda kifayət qədər problemin olduğunu vurğulayıb:

 

“Müəllimlərin işə qəbulu imtahanı 2011-ci ildən həyata keçirilir. Artıq MİQ-in müsabiqə mərhələsi olduqca inkişaf edib. Məsələn, metodika ilə bağlı suallarda kifayət qədər problem var. Problemlərdən biri də metodika suallarının konkret olaraq bir kitab üzərində qurulmasıdır. Bu məsələni illərdir ki, tənqid edirik.

 

Bəzən Müəllimlərin işə qəbulu imtahanında suallar arasında səhvliklər müşahidə edilir. Təbii ki, səhvin olmaması daha yaxşı olardı. İnsan amili olduğu üçün bu bir faciə deyil, apellyasiyaya müraciət edən zaman həmin səhv suallar müəllimlərin xeyrinə hesablanmalıdır. Demək olar ki, bu kimi vəziyyət imtahanlarda rast gəlinən hallardır”.

 

Ekspertin sözlərinə görə, müəllimlik asan peşə olmadığı üçün sualların da asan olması mümkünsüzdür:

 

“Biliklərin öyrənilməsində belə bir qayda var: Nəyi bilirsənsə asan, nəyi bilmirsənsə çətindir. Düşünürəm ki, müəllim olmaq istəyən şəxslər sualların çətinliyindən şikayət etməməlidirlər.

 

Hesab edirəm ki, sualların təhsil proqramları yaxud nazirliyin təqdim etdiyi çərçivə sənədinə uyğun olub-olmaması məsələsi müzakirə edilməlidir. Nəinki sualların asan yaxud çətin olması məsələsi.

 

Düşünürəm  ki,  bu kimi məsələlərdə müəllimlər öz üzərində daha çox işləməlidirlər. Arzu edərdim ki, MİQ-in suallarının ən azı yarısı metodikadan olsun. Çünki biz müəllim işə qəbul edirik. Buna görə də müəllimin pedaqoji, metodiki biliklərin yoxlanılmasına daha çox üstünlük verilməliyik”, -deyə ekspert fikrini yekunlaşdırıb.