Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-22 15:07:37
Azərbaycanın bütün Şərqdə məşhur olan qədim təhsil ocaqları

 

Bu gün qədim və orta əsrlər Azərbaycanındakı elmi mərkəzlər, təhsil ocaqları haqqında geniş danışılmır. Amma bu ocaqlar vaxtilə bütün Şərqi əsl fikir xadimləri, düşüncə nəhəngləri ilə təmin edirdi.

AzEDU.az bu istiqamətdə hazırladığı yazılar silsiləsinin birinci hissəsində Azərbaycanın iki elm və təhsl mərkəzi haqqında danışacaq:

Məlhəm Akademiyası - Orta əsr mənbələrində Şamaxı Akademiyası kimi də tanınan bu elm və sağlamlıq ocağının əsası XII əsrdə qoyulub. Məşhur Azərbaycan şairi Xaqani Şirvaninin əmisi Kafiyəddin Ömərin yaratdığı elm ocağına Şərqin bir çox ölkələrindən gəlirdilər. Bura gəlişin iki məqsədi olurdu: bəziləri şəfa tapmaq, sağlamlıqlarına qovuşmaq üçün təşrif buyururdular ki, onların sayı-hesabı yox idi. Bəziləri isə, burada tədris olunan dünyəvi və İlahi elmləri dərindən öyrənmək üçün Məlhəmə pənah gətirirdilər.

Məlhəm Akademiyasının məzunları uzun müddət Azərbaycan və ətraf ölkələrin əsas elm xadimləri kimi tanındılar. Bu xüsusda Xaqaninin əmisi Kafiyəddin Ömərin rolu çox böyük olub. Adı İbn Sina ilə yanaşı çəkilən, böyük təbib-filosof hesab edilən Ömər Osmanoğlu Məlhəm məktəbində təbabəti fəlsəfə və başqa elmlərlə sintez etməyə cəhd göstərirdi. O, xarici mühitin insan fiziologiyası və patologiyasına təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Məsələn, o, Günəşin təsirindən o qədər danışır ki, onun doğulduğu yer “Dədə Günəş” adı ilə tanınır. Qeyd edək ki, həmin ərazi indi də bu adla məşhurdur. Kafiyəddin Ömərin təşkil etdiyi akademiyanın nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər və onun davamçılarının elmdə əsas nailiyyətlərindən biri yalnız faktlara və müşahidələrə əsaslanmaları və onların dərin təhlilini vermələri idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi şöbəsi ilk növbədə Azərbaycanda klinika tədqiqat metodlarını yaymağa başlayır.

Ömərin Məlhəm Akademiyası ilə yanaşı, ikinci şah əsəri Şərqin böyük şairi, dahi Nizaminin özünə müəllim hesab etdiyi Xaqani Şirvanidir. Xaqani, Öməri özünün əsas müəllimi hesab etmiş və şair kimi formalaşmasında ona borclu olduğunu bildirmişdi:

Əmim simurq kimi sərf edib əmək,
Qanadı altına alaraq, Zal tək –
Qaldırdı biliyin Qafına həmən.
Bəsləndim onun öz yuvasında mən.
O oldu həmişə mənə mehriban,
Yaralı könlümə o qoydu dərman.
Gördü söz mülkünə mən bir hakiməm.
Adımı o qoydu: Həssani-Əcəm.

Məlhəm Şamaxı yaxınlığında yerləşən kənddir. Səfalı təbiəti, şəfalı havası və suyu ilə hər zaman fərqlənib. Məlhəmdə yerləşən elm və sağlamlıq ocağının ikinci funksiyası da müxtəlif xəstəliklər üçün dərmanların, məlhəmlərin hazırlanması olub. Rəvayətə görə, kəndin adının Məlhəm qoyulması da elə bu faktla bağlıdır. Xalq yazıçısı İsa Hüseynovun “Məhşər” romanında Məlhəm Akademiyasından geniş bəhs edilib. Əsərdə ciddi psixoloji sarsıntı keçirən şəxslər Məlhəmdəki gizli ocağa gələrək oradakı hücrələrdə şəfa tapırlar.

Burada Qədim Şərqin, Osmanlının bir çox təbabət üsullarından istifadə edilirdi. Məsələn, ruhi sarsıntı keçirən xəstələrə günün müəyyən saatlarında su səsi dinlədilirdi.

“Darüş-Şəfa” və ya Rəşidiyyə mədrəsəsi - Azərbaycan tarixinin vəzir-alimlərindən olan Fəzlullah Rəşidəddin, əslində inzibati-idarəetmə işlərini seçməklə elmə ağır zərbə vurmuş oldu. Burada söhbət alimin öz elmi yaradıcılığından gedir. Amma başqa alimlərin yetişməsi üçün isə Elxanilərin vəziri olan Rəşidəddin əlindən gələni edirdi. Onun əsasını qoyduğu “Darüş-Şəfa” elm ocağı Şərqin bir çox ölkələrindən olan şəyirdlərin bilik mənbəyinə çevrilmişdi. Fəzlullah Rəşidəddinin Şərqə və Qərbə miras qoyduğu əsas prinsip və sahələr isə tibb, vergi, idarəetmə və astronomiya ilə bağlı idi. Bundan əlavə, onun təsis etdiyi “Rəbi-Rəşidi” elmi şəhərciyi o zamanın ən böyük intellekt mühiti idi. Burada tibb, astronomiya və dəqiq elmlər sahəsində elmi araşdırmalar aparılırdı. “Rəbi-Rəşidi”nin qazandığı elmi nailiyyətlər uzun müddət Avropa alimlərinin mayakına çevrildi.

Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyirdilər. Hətta Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən bura mütəxəssislər gəlir və onlar üçün bütün lazımi şərait yaradılırdı. Bu akademiyanın xarabalıqları indi də həmin yerdədir. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu akademiyada əsas yeri tibb, əczaçılıq, botanika sahələri tuturdu. Maraqlıdır ki, həmin akademiyanın yaxınlığında “Fəxrabad” adlı yerdə böyük botanika bağı varmış. Orada akademiyanın klinikalarında müalicə olunan xəstələr üçün indiki dildə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilirmiş. Arxeoloji tədqiqatlar nəticəsində həmin botanika bağında xüsusi qablarda müxtəlif dərman bitkilərinin toxumlarının olması müşahidə edilib.

Akademiyanın nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi “Rəşidiyyə” adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi var idi. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada hazırlanırdı. Akademiyanın nəzdində bir neçə aptek var idi. Burada işləyən həkimlərə yaşamaq üçün evlər verilirmiş.

Rəşidəddin, xüsusilə Azərbaycan alimlərinə böyük qiymət verirdi. O yazırdı ki, Aristotel və Platon öz dövrünün alimləridir. İndi isə başqa dövrdür. O, Azərbaycanın dahi həkimlərindən Mahmud İbn İlyas və Mahzabəddin Təbriziyə böyük önəm verirdi. (ardı var)