Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-11 17:15:47
Sertifikasiyadan kəsilən müəllimlər “xalq düşməni” kimi qələmə verilməməlidir

Bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Bu da öz növbəsində cəmiyyət tərəfindən müsbət qarşılanmadı. Yəni, qınayanaların içərisində valideynlərdə yer alıb.

 

Onların bir qismi övladlarının savadsız müəllimlər tərəfindən yetişdirilməsini birmənalı qarşılamayıblar. Artıq sertifikasiyanın nəticəsi olaraq savadsız müəllimlər məktəblərdən xaric olunacaq.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, müəllimlərin peşəkarlıq səviyyəsinin yetərli olmamasının səbəbini yalnız müəllimlərin üzərinə yıxmaq düzgün deyil:

 

“İlk növbədə sertifikasiya nədir?

 

Dünyanın bütün ölkələrində, o cümlədən təhsil sahəsinin inkişaf etmiş və ya etməmiş dövlətlərində təhsilin keyfiyyət səviyyəsinin meyarlarından biri də müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılmasıdır.

 

Bu gün müəllimlərin peşəkarlığı yetərli deyilsə, bunun səbəbini yalnız müəllimlərin üzərinə yıxmaq düzgün deyil. Burada müəllimi günahkar çıxarmaq və cəmiyyətdə "sertifikasiyadan kəsilən müəllim pisdir" deyə düşünmək yanlışdır.

 

Ölkədə 151 min müəllim var, onların 137 mini müddətsiz əmək müqaviləsi ilə çalışır. Təqribən bu müəllimlərin yarısı sertifikasiyadan uğurla keçib. Say etibarı ilə ən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, xarici dil, riyaziyyat müəllimləridir ki, həmin müəllimlərin sertifikasiyası bitib”.

 

Həmsöhbətimiz sertifikasiyadan kəsilən müəllimlərin "xalq düşməni" kimi təqdim olunmasının doğru olmadığını dilə gətirib:

 

“Qeyd edim ki,sertifikasiya ilə bağlı suallar çox sadə hazırlanmışdı. Hətta deyərdim ki, suallar 7-8-9-cu sinif səviyyələrini əhatə edirdi. Düşünürəm ki, növbəti sertifikasiyalar daha ciddi olacaq.

 

Çox istərdim ki, sertifikasiyadan kəsilən müəllimləri "xalq düşməni" kimi təqdim etməsinlər. Sertifikasiyada sistem, cəmiyyət olaraq hər birimiz günahkarıq. Əgər həmin müəllimlər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, növbəti Müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşsınlar.

 

Uyğun vakant yerlər üzrə müəllim adını qazanıb, bu peşə istiqamətində əmək fəaliyyətini davam etdirə bilərlər”, - deyə ekspert fikrini tamamlayıb.