Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 09:30:00
İqbal Ağazadənin “40-cı qapısı” və hər kəsi kövrəldən sevgi şeiri - “Edubrifinq”-dən fotolar

AzEdu.az-ın hər həftə təşkil olanan “Edubrifinq”ində müxtəlif qonaqlar iştirak edir.

Bu həftə brifinq çərçivəsində qonaq  Milli Məclisinin sabiq üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə olub.

AzEdu.az kollektivinin üzvləri İqbal Ağazadəni onun zaman-zaman işlətdiyi fərqli, maraqlı, o cümlədən bəyəndikləri sitatları ilə salamlayıb.

Nəzrin Cavid - Müsahibələrinizlə tanış olan zaman şeirə, ədəbiyyata daha çox yer verdiyinizi gördüm. Mənim ən çox sevdiyim şair Ramiz Rövşəndir və onunla bağlı dediyiniz fikirlər diqqətimdən yayına bilməzdi. Hətta gözəl sitatınız var: Ramiz Rövşənin şeirlərində bir xətt var, o ruha, sevgiyə toxunsan dağılar.

Nəzrin Rüstəmova – Diqqətimi çəkən ən gözəl sitatlarınızdan biri “Hər gün aşiq oluram. Söhbət qadından getmir. Hər gün insanları sevirəm” oldu.

İqbal Ağazadə - Bu gün də sizləri sevəcəm. (gülür)

Lamiyə Süleymanlı – Mən əvvəl sizi çox ciddi fiqur kimi tanıyırdım. Amma statuslarınızı izlədikcə...

Bu yerdə İqbal Ağazadənin zarafatyana müdaxiləsi: İndi qeyri-ciddiyəm eləmi?

Və gülərək davam edir: İstəyirəm ortam bir az yüngül və yumşaq olsun.

Lamiyə - Müsahibələrinizi izlədikcə daha səmimi təsir bağışladınız. Bir fikriniz diqqətimi daha çox çəkdi. “İnsanlar adətən yaşamadıqları şeylərin arxasınca gedirlər”.

Günay Nəbiyeva – Dostların dedikləri ilə razıyam. Amma müsahibələrinizlə tanış olan zaman daha çox məktəb illəriniz diqqətimi çəkdi. Qeyd etmisiniz ki, məktəbdə ən nadinc, sizin təbirinizcə desək “ən tərbiyəsiz” sinif, sizin sinfiniz olub. Bunun səbəbi maraqlıdır. Elə burdan başlayaq.

İqbal Ağazadə - Təşəkkür edirəm, hər birinizə, o cümlədən izləyicilərə. Ümid edirəm, gün gələcək imzalarınız hər kəs tərəfindən sevilərək yad ediləcək və oxunacaq. Çünki suallarınız gerçəkdən də yeni düşüncə, təfəkkür yanaşması idi. Fərqli şeylər axtarıb tapmağa çalışmısınız. Biz ilk üç sinfi – ibtidai sinif zamanı o qədər sııxntıda qalmışdıq ki.. Bizi o qədər sıxmışdılar ki... Məktəbin ən nümunəvi sinfi olmuşuq. Lakin ilk üç ili əsgər həyatı yaşayırmış kimi idik. O vaxt partamızın üstünə ağ süfrələr sərib qolçaqlarla otururduq. O qədər səliqəli sinif olmuşuq. Sonrakı azadlıq bizi güman ki, fərqli yerlərə, bayaq dediyiniz kimi “tərbiyəsiz sinif” olmağa kimi gətirib çıxardı. İnsanlar nə qədər sıxılarsa, cəmiyyət bir o qədər əxlaqsız olar. Həqiqətən insan yaşamadıqlarının, qadağa qoyulan şeylərin dalınca gedir. İnsan həmişə nəyisə kəft etməyə, yenilik görməyə meyl edir. Biz də eynilə belə etdik. Beləcə təhsilimizdən qalmasaq da, təlim-tərbiyə məsələsində ən geridə qalmış siniflərdən biri idik. Amma o halımızdan məmnun idik. Müəllimlər indikindən fərqli olaraq bizi döyürdülər, küncə qoyurdular, valideynlərimizi çağırırdılar, məktəbdən qovmaqla da hədələyirdilər və.s. Bu, dünən bizim üçün çox pis idi. Lakin o dövrün cəzalandırılmasının da bizim tərbiyəmizdə, dünyaya baxışımızda, sevgimizdə, insanlara münasibətimizdə xüsusi rolu olub.

Brifinq boyu İqbal Ağazadə ilə təhsillə bağlı kifayət qədər müzakirələr, mühakimələr oldu. Bununla AzEdu-nun hazırladığı video-reportajda tanış ola bilərsiniz. Lakin müsahibimizin ədəbiyyat, sevgi istiqamətində fikirləri də kifayət qədər maraqlı idi.

Elmin Nuri – Dəyərləri formalaşdıran ən böyük güclərdən biri də ədəbi mühitdir.

İqbal Ağazadə - Bilirsiniz, bizim dövrün mühiti də başqadı. Hər şeyi təkcə ədəbi mühitin üzərinə yıxmaq olmaz. Düzdür, o zaman sosial şəbəkələrlə sevgi yox idi. Ya etiraf edirdin, ya da məktub yazırdın. Bizim dövrdə heç də az adam yazmayıb:

Taleyin qisməti rast saldı bizi

Yolumuz hardasa qırılacaqsa

İtirəcəyiksə bir-birimizi

Xatirəm yadında qalmayacaqsa

Bu əllər mənimki olmayacaqsa

Bu tellər mənimki olmayacaqsa

Sən allah, özünə öyrətmə məni

Hicran qoxusuyla göynətmə məni

Çox az adam olardı ki, Musa Yaqubun bu şeirindən istifadə etməsin.

Nəzrin Cavid – Sizin dövrün xanımları daha xoşbəxt olub, o zaman.

İqbal Ağazadə - Bütün dövrlərdə qadınlar daha xoşbəxt olur, çünki onların heç zaman arvadları olmur ( gülür – kollektivlə birlikdə) Bizim dövrün qadınlarının da öz bədbəxtliyi var idi. Sevgilərini ifadə edə bilmirdilər, mental dəyərlər icazə vermirdi. Bilirsiniz, sevgi tərəflərin həm də gerçəkdən bir-birinə etiraflarını istənilən vaxt edə bilməkləridir. Azərbaycan mental dəyərlərində etirafı hökmən kişi etməlidir. Mənim hissim, duyğum olduğu kimi qadın da sevə bilər. Dövrümüzün qadınları daha çox sıxılmış idi. İndiki xanımlar fərqlidirlər. Ən azı ifadə etmək üçün sosial şəbəkə hesabları var. Ən azı üç nöqtə göndərə bilir.

Nəzrin CavidAmma onlara şeir gəlmirsə?

İqbal Ağazadə - O da bir bədbəxtçilikdir:

Bu sevgidən sən qorxursan eybi yox,

Mən sevərəm ikimizin yerinə.

Bu eşq üçün bir gün dara çəksələr,

Mən gedərəm ikimizin yerinə.

Sevgi hər yerdə sevgidir. Sevmək bağışlamaqdır, sevmək pisi belə qucaqlamaqdır. İnsan birini görür, vurulur. Bu vurulma 6 ay, 1 il çəkə bilir. Vurulmanın bir mərhələsindən sonra sevgi başlayır. İnsanlar müəyyən müddət birlikdə olduqdan sonra “bizimki düz gəlmədi” deyib ayrılırlar. Yox, onlar sevə bilmədi. Onlar sadəcə vurulmuşdu. Baxışınamı, yerişinəmi, saçınamı – bilmirəm, amma nəyəsə vurulmuşdu. O vurulmaq sevgiyə keçmədi. Sevgiyə keçmək üçün insan doğmalaşmalıdır. Vurulmaq mərhələsini adlaya bildinsə, bitdi. O sevgi səni tərk edə bilməz. O adamı axıra qədər ağrı,əzabla sevəcəksən, kəsib ata bilməyəcəksən. Sevgidən nifrət yaranmayacaq.

Biz Azərbaycan, siyasət haqqında danışanda çox odlu-alovlu, emosiyalı danışa bilirik. Amma bizim də yaralı, kövrək yerimiz, sarı simimiz var:

Gedirsənsə, gözünü məndən tamam kəsib get,

Gözünlə barışaram – özünlə barışmaram!

Yoxluğumun ucundan, həsrətimin ucundan

Yuxuna qarışaram – özünlə barışmaram!

 

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,

Pisini də öyərəm, özgə səni pisləsə.

Dərd qəlbini tək görüb qarmalamaq istəsə,

Dərdinə darışaram – özünlə barışmaram!

 

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,

Heç qapından girmərəm, qayıt desən, gəl desən.

Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,

Yağınla vuruşaram – özünlə barışmaram!

 

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,

İllər ilmə toxudu, söykənmədi söz-sözə.

Elin yığnaq yerində birdən gəlsək üz-üzə,

Halını soruşaram – özünlə barışmaram!

 

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,

Düşmən çıxan dostun da ağır olur itkisi.

İşdir, səndən başlayıb ölüm ayırsa bizi,

Qəbrinə sarışaram – özünlə barışmaram!

 Və izləyicilərdən gələn , hamının maraqla cavabını gözlədiyi sual: İqbal Ağazadə sevgisini necə etiraf edib?

-Mən necə etiraf etdiyimi deyə bilmərəm. İnsanın şəxsi və toxunulmaz qapısı var – 40-cı qapısı...Bu qapını heç vaxt, heç kimə açmayın. Onun bir müqəddəsliyi və ona əl uzatmaq olmaz. İnsanı cəmiyyətə təqdim edən, onu dəyər kimi yaşadan 40-cı qapıdır. O qapını kimləsə bölüşməyin. Hər gün bircə dəfə açıb içərisinə girin, xatirələrinizi oyadın, yaşayın. 40-cı qapıda özünüzlə görüşün.