14 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə növbəti görüş keçirib.
DİM-dən AzEdu.az-a bildirilib ki, Məleykə Abbaszadə mentilərə Dövlət İmtahan Mərkəzinin cari fəaliyyəti, qarşıda duran məsələlər və hədəflərlə bağlı məlumat verib. Sədr qaliblərin Fərdi İnikşaf Planı üzrə fəaliyyəti ilə maraqlanıb və onların suallarını cavablandırıb. Görüş nəticəsində qaliblərin Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları, eyni zamanda imtahan prosesində təcrübə qazanmaları üçün müəyyən layihələrə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Növbəti, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.