Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 10:20:00
“Müdafiə edən şəxslərin 80 faizinin  əsərləri plagiat, köçürmədir”  -Fazil Mustafa

 

“Laboratoriya və elmi tədqiqatların aparılması işi genişlənməlidir.  Humanitar sahəyə bu qədər diqqətin ayrılmasının perspektivi o qədər çox deyil. Müasir  və təbiət  elmlərinə doğru inkişaf istiqamətində fikirləşməliyik”.

Bu sözləri  AzEdu.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O, AMEA-nın dəqiq və təbiət elmləri üzrə institutları haqqında danışıb:

 “Məsələn,  riyaziyyat, fizika, biologiya sahələrində  çox da genişlənmədi, axsadı. Amma hər halda bu sahədə müəyyən tərpənişlər var. Elmə ayrılan vəsait kifayət qədər olmadığına görə, akademiyanı da qınamaq mümkün olmur. Ayrılan vəsait böyük  olsa da onu xərcləyəcək böyük zəkaların olması şübhə doğurur.

Elə etməliyik ki, elmə stimullaşdırıcı yanaşma və müəyyən  irəliləyişlər olsun, elmə gənclər gəlsinlər. Xüsusilə, texniki elmlərə gələnlərin sayı çox deyil”.

Deputat əlavə edib ki, hazırda müdafiə edən 80% şəxsin əsərləri plagiatdır:

“Elmdə plagiat da baş alıb gedir.  80% müdafiə edən şəxslərin əsərləri plagiat, köçürmədir.  Artıq xüsusi ixtisaslaşmış şəxslər var ki, başqaları üçün əsərlər yazırlar. Ona görə, dolu olan elmlər doktoru, diplomların yerinə normal, vicdanlı elm adamlarına ehtiyac var.

İnstitutların işini isə qiymətləndirmədə çətinlik çəkirəm. Bunları görmək, sahəni araşdırmaq lazımdır. Görüntü olaraq hansısa institutun iş gördüyü deyilə bilər, amma bunu elm adamları, o sahənin mütəxəssisləri daha çox qiymətləndirməlidirlər. Nəticə onu göstərir ki, dünyada müəyyən dərəcədə hadisə yarada biləcək addımlarımız yoxdur”.