Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 12:52:00
Uşaqların bağçalardan daha çox yayındığı ölkələr – Türkiyə “ilk sırada”

UNİCEF-in apardığı  yeni araşdırma inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilin durumuna aydınlıq gətirib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı ölkələrdə təhsilin hamı üçün əlçatan olmamasının səbəbləri sadalanıb. Bu səbəblər arasında valideynlərin maddi durumu, məcburi köçkünlərin çox olması, qız-oğlan ayrıseçkiliyi yer alır.

Valideynlərin sosial durumunun da təhsil ayrı-seçkiliyinə təsiri vurğulanıb. Araşdırmanın aparıldığı 16 ölkədə yoxsul ailələrdəki uşaqların məktəbəqədər təhsildən daha az yararlandığı aydın olub.

Məktəbəqədər təhsilin hansı ölkədə hamı üçün əlçatan olmasını əks etdirən araşdırmada sonuncu yerdə Türkiyə, ilk sırada isə Latviya qərarlaşıb.

41 ölkəni əhatə edən araşdırma zamanı aydın olub ki, məktəbəqədər təhsil imkanlarının göstərilən səbəblərdən hamı üçün eyni olmadığı ölkələrin başında Bolqarıstan və Malta gəlir. Almaniya isə bu siyahıda 23-cü sırada qərarlaşıb.

Məktəbəqədər təhsilin hamı üçün əlçatan olmasına görə Litva, İslandiya, Fransa ön sıralarda yer alıblar.

Araşdırmada məcburi köçkün həyatı yaşayan şagirdlərin təhsili məsələsinə  də toxunulub. Məlum olub ki, 25 ölkədən 21-də köçkün şagirdlərin dərs potensialı aşağıdır. Avstraliya, Kanada kimi ölkələrdə isə məcburi köçkünlərə yaradılan şərait səbəbindən onların digərləri ilə müqayisədə daha bacarıqlı olması aydınlaşıb.

Beynəlxalq səviyyədə aparılan müqayisə bütün ölkələrdə təhsil səviyyəsini yüksəltmək, onu əlçatan etməyin mümkünlüyünü ortaya qoyub.  Qeyd olunub ki, sənayeləşmiş bütün ölkələr təhsildən kənarda qalan uşaqlara kömək etməlidir.

Araşdırmanı həyata keçirən mütəxəssislər təhsildə bərabərliyin təmin olunması üçün siyasətçilərə müraciət ediblər. Onlar məktəbə hazırlığın dəstəklənməsi, sosial bərabrsizliyin və cinslər arasındakı fərqin azaldılmasını tələb ediblər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları